Dil hər bir xalqın milli sərvətidir. Onu qorumaq hər bir
vətəndaşın müqəddəs borcudur.
Heydər Əliyev
Müstəqilliyin mühüm atributlarından biri dövlət dilidir və Azərbaycan bu baxımdan zəngin tarixi irsə malik ölkələr sırasındadır. Dünyada elə xalqlar var ki, onların ana dili müxtəlif tarixi-siyasi səbəblərdən dövlət dili statusuna malik deyil. Azərbaycan xalqı isə öz ana dilini dövlət dili kimi yaşatmaq və inkişaf etdirmək imkanı əldə edib. Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə onun prinsipial mövqeyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dilinin dövlət dili statusu Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Müstəqillik illərində bu siyasət daha da inkişaf etdirilərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib. 2001-ci ildə Ümummilli Lider tərəfindən avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsi ana dilimizin qorunması, inkişafı istiqamətində dövlət siyasətinin mühüm mərhələsini təşkil edir.
“İki sahil” xəbər verir ki, bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan dili və dövlət siyasəti: müasir çağırışlar və ana dilinin qorunması” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanları və digər mühüm sənədlər milli dil siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan dilinin elektron məkanda tətbiqinin genişləndirilməsi, dil normalarının qorunması və terminologiyanın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar dövlət dili siyasətinin ardıcıl xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında, 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər dövlət dili siyasətinin yeni inkişaf mərhələsini müəyyən edən mühüm konseptual yanaşma kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, elmi tədqiqatlar yalnız nəzəri nəticələrlə məhdudlaşmamalı, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət etməlidir. Prezident xüsusilə dil, tarix və milli kimlik istiqamətində aparılan araşdırmaların strateji əhəmiyyətini qeyd edib, normativ bazanın müasir çağırışlara uyğun yenilənməsinin vacibliyini diqqətə çatdırıb.
Müasir dövrdə Azərbaycan dilinin hüquqi bazası kifayət qədər geniş olsa da, qloballaşma, rəqəmsal transformasiya və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı yeni çağırışlar meydana çıxarıb. Xarici dillərin təsirinin artması, sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması, yeni elmi və texnoloji terminlərin nizamsız şəkildə işlədilməsi, süni intellekt sistemlərində Azərbaycan dilinin yetərincə təmsil olunmaması normativ bazanın daim yenilənməsini zəruri edir. Bu baxımdan dövlət dili siyasətinin prioritet istiqamətlərindən biri müasir dil standartlarının hazırlanmasıdır. Dövlət idarəçiliyində, məhkəmə-hüquq sistemində, təhsil müəssisələrində, mediada və rəqəmsal platformalarda vahid dil normalarının tətbiqi rəsmi üslubun dəqiqliyini və hüquqi sənədlərin anlaşıqlığını təmin edir. Eyni zamanda, terminologiyanın vahid elmi konsepsiya əsasında yenilənməsi xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, biotexnologiyalar və digər yeni sahələr üzrə yaranan anlayışların Azərbaycan dilində elmi cəhətdən əsaslandırılmış qarşılıqlarının işlənməsi dilimizin zənginləşməsinə və beynəlxalq elmi məkana inteqrasiyasına xidmət edir.
Dövlət dili siyasətinin elmi əsaslarla həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun rolu danılmazdır. İnstitutda fundamental dilçilik tədqiqatları Azərbaycan dilinin tarixi inkişaf mərhələlərinin, dialekt və şivələrinin, fonetik, morfoloji, sintaktik və leksik-semantik xüsusiyyətlərinin sistemli şəkildə öyrənilməsinə imkan yaradıb. Onilliklər ərzində formalaşmış bu elmi irs dövlət dili siyasətinin nəzəri bazasını təşkil edir. Bununla yanaşı, tətbiqi dilçilik xüsusi aktuallıq qazanıb. Korpus dilçiliyi, rəqəmsal lüğətçilik, nitqin avtomatik tanınması, mətnlərin kompüter emalı, maşın tərcüməsi, konkordasların və baza dil modellərinin hazırlanması istiqamətində aparılan tədqiqatlar Azərbaycan dilinin rəqəmsal platformada yerini müəyyənləşdirən əsas amillərdəndir.
Bu gün Azərbaycan dili həm də milli təhlükəsizliyin mühüm elementlərindən biridir. İnformasiya müharibələrinin geniş vüsət aldığı, rəqəmsal platformaların ictimai rəyə ciddi təsir göstərdiyi bir şəraitdə dövlət dilinin norma və qaydalarının qorunması milli maraqların müdafiəsinin tərkib hissəsinə çevrilib. Rəsmi üslubda dil normalarına ciddi əməl olunması, təhsil müəssisələrində ana dilinin yüksək səviyyədə tədrisi, media və sosial şəbəkələrdə ədəbi dil normalarının təşviqi, cəmiyyətdə dil mədəniyyətinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Azərbaycan dilini qorumaq, onu elmin və texnologiyanın dili səviyyəsinə yüksəltmək, gələcək nəsillərə daha zəngin şəkildə ötürmək hər birimizin həm vətəndaşlıq borcu, həm də milli-mənəvi məsuliyyətidir.
“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”
Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin strateji prioritetidir