02 avqust 2026 01:01
103

İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb

İran İslam Respublikası dəfələrlə vurğuladığı kimi, region ölkələri ilə heç bir ədavət aparmır və Fars körfəzinin cənub sahilindəki bütün dövlətlərlə qarşılıqlı hörmət, mehriban qonşuluq prinsipləri əsasında dostluq əlaqələrinin tərəfdarıdır.

“İki sahil” xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

"İran İsrailin şərikliyi və bəzi region ölkələrinin iştirakı, o cümlədən öz ərazilərini və imkanlarını təqdim etməsi ilə həyata keçirilən ABŞ hücumlarını qınayaraq, ölkənin milli hüquq və təhlükəsizliyini qorumaq əzmini bir daha vurğulayır", - bəyanatda deyilir.

İran XİN BMT Baş Assambleyasının qətnaməsinə (3314 nömrəli qətnamə) istinad edərək qeyd edib ki, ABŞ-nin bazalarına Tehranın endirdiyi zərbələr heç bir halda həmin ölkələrə hücum kimi qələmə verilə bilməz:

"İran Müctəba Xameneinin rəhbərliyi altında ABŞ-İsrail koalisiyasının hücumu qarşısında milli ləyaqət və müstəqilliyin müdafiəsini davam etdirəcək".

Qeyd olunub ki, Hörmüz boğazında gəmilərə zərbə endirilməsi İrana hücum bəhanəsidir. "Müharibənin sona çatmasına dair (İslamabad -red.) Anlaşma Memorandumunun 5-ci bəndinin müddəalarını bilərək və Hörmüz boğazının cənubundakı məcburi marşrutun icazəsiz, təhlükəli olmasından xəbərdar olaraq bu üç gəmini o marşrutdan keçirməyə çalışıblar", - bəyanatda vurğulanıb.

Daha əvvəl İranın XİN-in sözçüsü İsmayıl Bəqai də oxşar bəyanatla çıxış edib.