Azərbaycanda rəqəmsal transformasiyanın təhlükəsizlik ölçüsü dövlət səviyyəsində strateji mexanizmlərlə qorunur
Süni intellekt, rəqəmsal platformalar və müasir texnologiyalar dünya iqtisadiyyatının əsasını təşkil edərək ölkələrin rəqabət qabiliyyətini və yeni qlobal sistemdə tutduqları yeri müəyyən edir. Belə şəraitdə texnoloji gerilik qaçılmaz olaraq iqtisadi artım tempinə, investisiya cəlbediciliyinə, dövlət idarəçiliyinin keyfiyyətinə və hətta milli təhlükəsizliyə təsir göstərir. Buna görə də Azərbaycan üçün rəqəmsal transformasiya sürətlə dəyişən dünyada mövqelərini qorumaq və gücləndirmək imkanı verən strateji zərurətdir. Bu gün aparıcı dövlətlər anlayırlar ki, məhz bu texnologiyalar yaxın onilliklərdə iqtisadiyyatların rəqabət qabiliyyətini müəyyən edəcək və buna görə də süni intellekt sahəsində öz həllərinin yaradılmasına böyük resurslar yatırırlar.
Azərbaycanda da rəqəmsal transformasiya son illərdə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas dayaqlarından birinə çevrilmişdir. Bu transformasiya yalnız texnologiyaların tətbiqi ilə məhdudlaşmır, həm də dövlət idarəçiliyindən biznesə, təhsildən gündəlik həyata qədər bütün sahələrin köklü şəkildə yenilənməsini və kompleks inkişafını əhatə edir. Azərbaycanın rəqəmsal transformasiya kursu dövlət səviyyəsində qəbul edilmiş strateji sənədlər və fərmanlarla tənzimlənir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində dayanıqlı artan rəqəmsal iqtisadiyyat və müasir innovasiyalar məkanı olmaq əsas hədəflər kimi göstərilmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) bu sahədə əsas əlaqələndirici qurumlar kimi çıxış edir.
Ölkəmiz elektron hökumət sahəsində regionda aparıcı mövqelərdən birini tutur. Şəffaflığın artırılması, bürokratik maneələrin aradan qaldırılması və vətəndaş məmnuniyyətinin təmin edilməsi rəqəmsallaşmanın əsas nəticələridir. myGov Portalı vətəndaşların dövlət xidmətlərinə "bir pəncərə" prinsipi ilə çıxışını təmin edən vahid rəqəmsal platformadır. Bu portal vasitəsilə fərdi məlumatlara baxmaq, arayışlar almaq və müxtəlif xidmətlərdən istifadə etmək mümkündür. "Kağızsız Hökumət" (Paperless Government) isə dövlət qurumları arasında sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması, kağız daşıyıcılardan imtina və proseslərin optimallaşdırılmasını həyata keçirir. Rəqəmsal İdentifikasiya olan SİMA (biometrik identifikasiyaya əsaslanan yeni nəsil rəqəmsal imza) və Asan İmza vasitəsilə isə həm dövlət, həm də özəl sektorda təhlükəsiz əməliyyatların aparılması baş tutur. Qeyd olunmalıdır ki, güclü və əlçatan internet infrastrukturu rəqəmsal transformasiyanın əsas şərtidir. Bu istiqamətdə həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi xüsusi əhəmiyyət kəsb edir. Burada əsas hədəf ölkənin ən uzaq yaşayış məntəqələrinə qədər yüksəksürətli genişzolaqlı internetin (GPON texnologiyası) çatdırılması və əhalinin fiber-optik internetlə əhatə olunmasıdır.
Rəqəmsal transformasiya Azərbaycan biznesinin və maliyyə sektorunun da simasını dəyişir. Mərkəzi Bankın "Nağdsız hesablaşmaların genişləndirilməsi" strategiyası çərçivəsində QR-kod, kontaktsız ödənişlər və mobil bankçılıq kütləviləşib. Yerli və beynəlxalq e-ticarət platformalarının aktivləşməsi, logistika və kuryer xidmətlərinin rəqəmsal inteqrasiyası davam edir. Kiçik və orta biznes subyektlərinin rəqəmsal alətlərdən, bulud texnologiyalarından və onlayn satış kanallarından istifadəsini həvəsləndirən proqramlar həyata keçirilir. Uğurlu rəqəmsal keçid yalnız texnika ilə deyil, mütəxəssis potensialı ilə mümkündür. Ölkəmizdə İT kadrlarının hazırlanması üçün müxtəlif layihələr icra edilir. Belə ki, İT-Akademiya və Təqaüd Proqramları minlərlə gəncin proqramlaşdırma, data analitikası və kibertəhlükəsizlik sahəsində pulsuz və ya subsidiyalı təhsil almasına şərait yaradır.
Rəqəmsallaşma dərinləşdikcə kibertəhlükəsizlik məsələsi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilir. Təhlükəsizliyi təmin edilməyən rəqəmsallaşma milli müstəqillik və iqtisadiyyat üçün böyük risklər yaradır. Bu səbəbdən dövlətin rəqəmsal infrastrukturu müdafiə etmək qabiliyyəti onun hərbi gücü qədər əhəmiyyətlidir. “Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur”- bu fikirlər iyunun 29-da Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çıxışı zamanı səslənmişdir. Bu iclas göstərdi ki, Prezident İlham Əliyevin müəyyən etdiyi rəqəmsal transformasiya siyasəti artıq sistemli institusional idarəetmə mərhələsinə keçmişdir. Cari ilin fevral ayında keçirilən müşavirədə verilən tapşırıqlar əsasında 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı təsdiq edilmiş, rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya istiqamətlərində konkret hədəflər müəyyənləşdirilmişdir. Xüsusilə qeyd edilməlidir ki, bu prosesə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi rəqəmsal inkişaf məsələsinin dövlət üçün ən yüksək prioritetlərdən biri olduğunu nümayiş etdirir. Mehriban xanım Əliyeva çıxışında vurğuladı ki, məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil. Əsas məqsəd innovativ iqtisadiyyatın formalaşdırılması, dövlət idarəçiliyinin daha səmərəli təşkili, yerli startapların inkişafı, xarici investisiyaların cəlb edilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu yanaşma rəqəmsallaşmaya strateji inkişaf modeli kimi baxıldığını göstərir. Əvvəllər, milli təhlükəsizlik sərhəd məntəqələri və hərbi şəxslərlə xarakterizə olunurdusa, amma bu gün həyatımızın çox hissəsi - şəxsi yazışmalardan və kommunal xidmətlərdən tutmuş qatarların və bank sistemlərinin idarə olunmasına qədər - onlayn rejimə keçdiyindən dövlət sərhədləri görünməz hala gəlmişdir. Məhz buna görə də Azərbaycan kütləvi rəqəmsal texnologiyaları inkişaf etdirməklə dövlət sirlərini, özəl biznesləri və hər birimizin şəxsi məlumatlarını qoruya bilən ultra güclü və etibarlı bir qalxan yaratmaq vəzifəsini qarşısına məqsəd qoymuşdur. Bu iddialı məqsədlərə çatmaq üçün bütün dövlət qurumlarının birgə, proaktiv və effektiv işi tələb olunur. Ölkə rəhbərliyi Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionda lider ölkəyə çevirməyi hədəfləyir. Bunun üçün qabaqcıl beynəlxalq və xarici təcrübələrin diqqətlə öyrənilməsi və ən uğurlu qlobal modellərdən istifadə edilməsi tələb olunur. Lakin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bu sahədə bütün qərarlar mütləq şəkildə Azərbaycanın milli maraqlarına və daxili ehtiyaclarına cavab verən amillər nəzərə alınmaqla qəbul edilməlidir. Nəticədə, bütün bu addımlar - yeni qanunlardan və nazirlik qurumlarının yaradılmasından tutmuş adi vətəndaşların təliminə qədər - Azərbaycanın rəqəmsal ekosistemini güclü, sabit, suveren və istənilən xarici böhranlardan tam qorunmuş vəziyyətə gətirməyə kömək edəcəkdir.
Sevinc Azadi, “İki sahil”
Ənənəvi və bərpaolunan generasiya güclərinin paralel inkişaf etdirilməsi enerji siyasətimizin əsas hədəflərindəndir - TƏHLİL
Azərbaycan və Mərkəzi Asiya qarşılıqlı əlaqələrin yeni modeli: Vahid geosiyasi və geoiqtisadi məkan konsepsiyası