Ekspert: Riskli əməliyyatlar üçün əlavə identifikasiya və süni intellekt əsaslı monitorinq limitlərin effektivliyini əhəmiyyətli dərəcədə artırır
Azərbaycanda bank kartlarındakı yeni limitlər kartları ilə aparılan köçürmələrə münasibətdə yeni risk əsaslı yanaşma tətbiq olunacaq. "Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai birlikləri banklar və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə ödəniş alətləri üzrə mədaxil əməliyyatlarına dair yeni qaydalar üzərində razılığa gəlib.
Yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gün ərzində maksimum 5 mədaxil əməliyyatı, ay ərzində isə ümumilikdə 20 min manata qədər mədaxil əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, hər bir hesaba bağlı maliyyə məhsulu üzrə istifadəçiyə yalnız bir ödəniş alətinin təqdim olunması planlaşdırılır.

Son illər bank kartlarından qeyri-qanuni məqsədlərlə istifadə halları artıb. Dələduzluq sxemləri, qanunsuz pul dövriyyəsi, müxtəlif şəxslərin kartlarından vasitəçi kimi istifadə edilməsi və şəxsiyyət məlumatlarının ələ keçirilməsi maliyyə sektorunda riskləri artıran əsas amillərdən hesab olunur. Məhz buna görə bank sektoru daha çox risk daşıyan əməliyyatların erkən mərhələdə müəyyənləşdirilməsi üçün yeni mexanizmlər tətbiq etməyə başlayır.
Limit hər kəs üçün eyni qaydada işləməyəcək
Bununla belə, yeni yanaşma bütün istifadəçilərə eyni qaydada şamil olunmur. Banklar bildirirlər ki, məqsəd adi vətəndaşların gündəlik maliyyə əməliyyatlarını məhdudlaşdırmaq deyil. Əksinə, risk profili normal olan, əməliyyatları şəffaf xarakter daşıyan müştərilər əvvəlki qaydada bank xidmətlərindən istifadə edə biləcəklər.
Qaydalara əsasən, istifadəçinin özünə və yaxın qohumlarına məxsus ödəniş alətləri arasında həyata keçirilən mədaxil əməliyyatları müəyyən edilmiş limitlərdən istisna olunur. Bundan başqa, müştəri həyata keçirdiyi əməliyyatların mahiyyətini əsaslandıra bildiyi və həmin əməliyyatlar onun maliyyə fəaliyyətinə uyğun hesab edildiyi hallarda da limit tətbiq edilməyəcək.
Eyni prinsip əlavə bank kartlarının verilməsinə də şamil olunur. Əgər müştəri bunun üçün əsaslandırılmış ehtiyac təqdim edərsə, bank və ya elektron pul təşkilatı ona əlavə ödəniş aləti təqdim edə biləcək.
Maliyyə bazarı iştirakçıları hesab edirlər ki, risk əsaslı yanaşma beynəlxalq praktikada da geniş istifadə olunur. Belə sistemlər bütün istifadəçilərə ümumi qadağalar tətbiq etmək əvəzinə, risk yaradan əməliyyatların seçilərək nəzarətdə saxlanılmasına imkan verir. Bu isə həm maliyyə təhlükəsizliyinin gücləndirilməsi, həm də rəqəmsal ödəniş ekosisteminə inamın artırılması baxımından əhəmiyyətli hesab edilir.
ABA-nın açıqlamasında da vurğulanır ki, sağlam ödəniş davranışına malik müştərilər üçün yeni yanaşma əlavə çətinlik yaratmayacaq. Vətəndaşlar POS-terminallar vasitəsilə ödənişlər, internet bankçılıq, mobil bankçılıq və digər rəqəmsal maliyyə xidmətlərindən əvvəlki qaydada istifadə etməyə davam edəcəklər.
Beləliklə, tətbiq ediləcək mexanizm kartdan karta köçürmələri qadağan etmir və ya bütün istifadəçilər üçün sərt limitlər müəyyənləşdirmir. Əsas məqsəd bank və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə hallarını azaltmaq, şübhəli maliyyə əməliyyatlarını daha operativ müəyyənləşdirmək və ödəniş sistemlərinin təhlükəsizliyini gücləndirməkdir. Gündəlik bank əməliyyatlarını normal qaydada həyata keçirən vətəndaşlar üçün isə mövcud xidmətlərdən istifadə prinsiplərində ciddi dəyişiklik gözlənilmir.

Yeni qaydanın imkanları və məhdudiyyətləri...
Bəs, bank kartlarına gündəlik 5, aylıq 20 min manatlıq mədaxil limitinin tətbiqi kiberdələduzluq və “drop kart” sxemlərinin qarşısının alınmasına nə dərəcədə kömək edə bilər?
İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev “İki sahil”ə açıqlamasında bildirdi ki, bank kartlarına gündəlik 5 min manat, aylıq isə 20 min manat məbləğində mədaxil (daxilolma) limitinin tətbiqi kiberdələduzluq və xüsusilə "drop kart" (başqasının adına açılmış və ya cinayətkarların istifadə etdiyi kartlar) sxemlərinə qarşı müəyyən təsir göstərə bilər. Lakin bu tədbir təkbaşına problemi həll etmir.
Müsbət təsirləri odur ki, "Drop kart"ların cəlbediciliyini azaldır. Kiberdələduzlar oğurlanmış vəsaiti qısa müddətdə çoxsaylı kartlara yönləndirirlər. Limitlər hər bir kart vasitəsilə dövriyyəyə buraxıla bilən məbləği azaltdığı üçün bu sxemlərin miqyasını məhdudlaşdırır. Şübhəli pul axınlarını izləməyi asanlaşdırır. Eyni karta qısa müddətdə iri həcmdə vəsait daxil ola bilmədikdə bankların monitorinq sistemləri anormal davranışları daha rahat müəyyən edə bilir. Cinayətkarların əməliyyat xərclərini artırır. Eyni məbləği dövriyyədən keçirmək üçün daha çox kart və daha çox "drop" şəxs tələb olunur ki, bu da sxemin təşkilini çətinləşdirir.

Limitdən yayınmaq cəhdləri mümkündür
Ekspert qeyd etdi ki, eyni zamanda, cinayətkarlar limitləri bölüşdürə bilərlər. Onlar çoxsaylı kartlardan istifadə etməklə hər kart üzrə limiti keçmədən eyni məqsədə nail olmağa çalışa bilərlər. Fişinq, saxta zənglər, sosial mühəndislik və zərərli proqramlar nəticəsində vəsait oğurlanması davam edə bilər. Limit yalnız vəsaitin sonrakı hərəkətini müəyyən qədər məhdudlaşdırır.
Beynəlxalq təcrübə göstərir ki, belə limitlər bir sıra tədbirlərlə birlikdə daha səmərəli olur:
Bunlara süni intellektə əsaslanan real vaxt fırıldaqçılıq monitorinqi, riskli əməliyyatlar üçün əlavə identifikasiya (məsələn, biometrik və ya gücləndirilmiş təsdiqləmə), "drop kart" şəbəkələrinin banklar arasında birgə aşkarlanması, müştərilərin fişinq və sosial mühəndislik barədə maarifləndirilməsi kimi qeydləri əlavə etmək olar.
Kompleks nəzarət daha effektiv nəticə verir
Bəhruz Əliyev diqqətə çatdırdı ki, aylıq mədaxil limiti kiberdələduzluq və "drop kart" sxemlərini tam aradan qaldırmasa da, onların iqtisadi səmərəliliyini azaldan və risklərin idarə edilməsini asanlaşdıran faydalı inzibati tədbir hesab oluna bilər. Ən böyük effekt isə bu limitlər digər texnoloji və nəzarət mexanizmləri ilə birlikdə tətbiq edildikdə əldə olunur.
Nigar Orucova, “İki sahil”
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq