05 avqust 2026 21:58
129

Gömrük islahatlarında yeni mərhələ: biznes və ixrac üçün yeni imkanlar

Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Dəyişikliklər ticarətin asanlaşdırılması, rəqəmsal transformasiyanın sürətləndirilməsi və xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha şəffaf institusional çərçivənin formalaşdırılması baxımından müstəsna əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qlobal təchizat zəncirlərində sürətin və şəffaflığın həlledici olduğu bir dövrdə yeni qaydalar yerli istehsalçılarımız üçün böyük üstünlüklər vəd edir. Bu islahatlara yalnız inzibati qanunvericilik aktı kimi deyil, biznes-gömrük münasibətlərində qarşılıqlı etimada əsaslanan vahid tərəfdaşlıq ekosistemi kimi yanaşılmalıdır. Fərmanın fəlsəfəsində sərhəddəki ləngimələrin minimuma endirilməsi və dövriyyə kapitalının biznesə daha sürətli qayıdışının təmin edilməsi dayanır.

Sənəddə nəzərdə tutulan dəyişikliklər ixrac proseslərinin sürətləndirilməsi və logistik səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə Nazirlər Kabineti tərəfindən Səlahiyyətli İqtisadi Operator (SİO) statusunun verilməsi şərtlərinin hazırlanması beynəlxalq ticarətdə etibarlı biznes subyektləri üçün nəzərdə tutulan güzəştli gömrük rejiminin tətbiqini genişləndirəcək. Nəticədə SİO statusuna malik şirkətlər daha az gömrük yoxlamasına cəlb olunacaq, malların sərhəddən buraxılması sürətlənəcək və rəsmiləşdirmə prosedurları sadələşəcək.

Bununla yanaşı, gömrük auditi modelinə keçid nəzarətin əsas yükünün sərhəd-keçid məntəqələrindən müəssisələrin uçot və daxili informasiya sistemlərinə yönəldilməsini nəzərdə tutur. Bu yanaşma malların sərhəddə ləngimədən daha operativ buraxılmasına, audit yoxlamalarının isə sonrakı mərhələdə aparılmasına imkan yaradacaq. Nəticədə ixrac əməliyyatları sürətlənəcək, logistika proseslərinin səmərəliliyi artacaq. Eyni zamanda, gömrük nəzarəti formalarının yenilənməsi risk əsaslı idarəetmə modelinin tətbiqini daha da gücləndirəcək. Beləliklə, qanunvericiliyin tələblərinə əməl edən və şəffaf fəaliyyət göstərən ixracatçılar daha az yoxlamaya cəlb olunacaq, nəzarət isə yüksək risk daşıyan əməliyyatlara yönəldiləcək.

Ayxan Qədəşov vurğulayıb ki, islahatların qeyri-neft sektoru, xüsusilə də aqrar-sənaye kompleksi üçün ən diqqətçəkən tərəfi sadələşdirilmiş rəsmiləşdirmə prosedurlarıdır. Meyvə, tərəvəz, süd məhsulları, ət, balıq və çiçək kimi tez xarab olan malların, habelə canlı heyvanların rəsmiləşdirilməsinin sadələşdirilməsi kənd təsərrüfatı məhsullarımızın xarici bazarlara keyfiyyət itkisi olmadan, vaxtında çatdırılmasını təmin edəcək. Proseslərin optimallaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən elektron bəyannamələrin doldurulması, eləcə də bildiriş və akt formalarının yenilənməsi insan faktorunu və ehtimal olunan səhvləri azaldaraq sənəd dövriyyəsini daha da çevikləşdirəcək.

Nəzərdə tutulan dəyişikliklərin tam tətbiqi konteynerlərin və yük maşınlarının sərhəddə gözləmə vaxtını minimuma endirməklə xarici ticarət əməliyyatlarının daha da optimallaşdırılmasına şərait yaradacaq. Bu da öz növbəsində xarici alıcıların malları daha tez qəbul etməsini təmin edərək yerli şirkətlərimizin qlobal rəqabətədavamlılığını artıracaq və Azərbaycan iqtisadiyyatının uzunmüddətli perspektivdə dayanıqlı inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.