06 avqust 2026 11:12
196

Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi yeni körpülərin qurulmasını şərtləndirir

“Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Hər bir sahədə zəngin təcrübəyə, böyük potensiala malik olan Azərbaycanın hədəflərə ardıcıllıqla nail olması reallıqdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu Azərbaycanı tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, regionda dayanıqlı sülhə, təhlükəsizliyə qovuşdurdu. Artıq bir ildir sülh şəraitində yaşayırıq. Prezident İlham Əliyevin ötən ilin 7-8 avqust tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona reallaşdırdığı tarixi işgüzar səfər Bakı ilə Vaşinqton arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması ilə yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynadı. Səfər çərçivəsində əldə olunan  razılaşmalar regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirdi. Dövlətimizin başçısı İlham Əliyev 2025-ci ili tarixi il kimi xarakterizə edərək bildirdi ki, Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Sülh şəraitində yaşamağın bəhrəsini görürük. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək. Dövlətimizin başçısı İlham Əliyevin  çağırışlarında bu məqam da xüsusi qeyd edilir ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi  paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, təbii ki, bugünkü reallıqlarımız daim müstəqillik tariximizdə  keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur: “Müstəqilliyimizin bərpasının ilk illəri, xüsusilə AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövrü Azərbaycanda dərin siyasi, iqtisadi və hərbi böhranlarla, həmçinin torpaqlarımızın işğalı ilə yadda qaldı. Şuşanın, Laçının, Kəlbəcərin işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdi. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü  nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı. Hakimiyyəti zor gücünə ələ keçirən bu cütlük bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idi. Prezident İlham Əliyev çıxışlarında daim diqqəti həmin dövrün  reallıqlarına  yönəldərək bu çağırışı edir ki, o dövr  milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. Hakimiyyətə gəlmiş antimilli ünsürlər Azərbaycanı demək olar ki, bütün  xarici tərəfdaşlardan təcrid etdilər.”.

Millət vəkili vurğulayıb ki, həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq ölkəmizə qarşı ədalətsiz qərarların qəbul edilməsinə səbəb oldu: “1992-ci ildə  ABŞ Konqresinin Azərbaycana qarşı atdığı  ədalətsiz addımı xüsusi qeyd etməliyik.  Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”nı qəbul etdi və ədalətsiz  907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. İşğala məruz qalan, bir milyondan artıq soydaşı  məcburi köçkün vəziyyətinə düşən Azərbaycana qarşı belə ədalətsiz qərar tətbiq edildi. Azərbaycan haqqında məlumatsızlıq həmin dövrdə ermənilərin, erməni diasporunun yalanlarının reallıq kimi qəbuluna imkanlar açırdı. Azərbaycan işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim edilirdi.  Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrün  əsas hədəflərdən biri  ölkəmizi beynəlxalq təcriddən xilas etmək oldu. Müstəqillik yolunda ilk addımlarını atan ölkə üçün  beynəlxalq aləmdə varlığını təsdiqləmək əsas hədəf kimi qarşıya qoyuldu. Bunun üçün diaspor quruculuğu, ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq vacib amil kimi önə çəkildi, bu istiqamətdə mühüm addımlar atıldı. Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı bütün bu reallıqlara bir daha nəzər salındı. Həmin səfər zamanı dövlətimizin başçısının iştirakı ilə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidenti tərəfindən Sərəncam imzalandı. 2025-ci il Azərbaycan-ABŞ münasibətləri kontekstində də tarixi il kimi yadda qaldı.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  ötən ilin avqust ayında Vaşinqtonda Prezident Donald Trampla tarixi görüşü, bu ilin yanvarında Davosdakı görüş, Donald Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın  Bakıda imzalanması və bir çox digər meyarlar göstərir ki, hazırda Azərbaycan-ABŞ münasibətləri heç zaman görmədiyimiz zirvə səviyyəsindədir”.

Millət vəkili bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır: “Son bir ilin reallıqlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, biz əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir.

Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan malik olduğu üstünlükləri ilə dünyanın diqqətindədir. Təbii ki, bu üstünlüklər sırasında coğrafi mövqeyi xüsusi qeyd edilir. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan körpü rolunu daim möhkəmləndirir. Nəqliyyat və logistika məkanı kimi diqqətdədir. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycanın  bu imkanlarının  əməkdaşlığın coğrafiyasının genişləndirilməsində rolu aydın görünür. Onu da qeyd edək ki, ötən il Vaşinqton Sammitinin nailiyyətlərindən biri  Azərbaycanın  əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq. Layihənin əsas məqsədi regionda sülhü möhkəmləndirməklə yanaşı, yeni iqtisadi əlaqələrin formalaşdırılmasına, yükdaşımaların genişlənməsinə töhfə verməkdir”.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları siyasi mövqeyini daha da möhkəmləndirir: “Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi yeni körpülərin qurulmasını şərtləndirir. Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Qarşılıqlı səfərlərin dinamikliyi, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin sayı, qlobal problemlərin həllində ölkəmizin mövqeyinə verilən xüsusi  önəm özündə bütün məqamları ehtiva edir. Azərbaycanın regionda, dünya siyasətində rolu təqdir edilir. Hazırda tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının reallıqları fonunda azad Qarabağımızda və azad Şərqi Zəngəzurumuzda genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir. Quruculuq prosesi regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir”.