09 avqust 2026 21:54
100

Cüdoçularımız Skopyedə 7 medal qazandılar – 2-si qızıl

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Yarışın son günündə Azərbaycan milli komandası 2 qızıl və 4 bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medala layiq görülüblər.

Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) üçüncü olmuşdu.

Beləliklə, 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medal qazanan yığmamız 33 ölkənin iştirak etdiyi Avropa Kubokunu üçüncü pillədə tamamlayıb.