10 avqust 2026 11:37
100

Benzin qiymətlərinin artması səbəbindən ABŞ-də hibrid avtomobillərin satışı 20% artıb

Neftin bahalaşması fonunda ABŞ-də Yaponiya və Cənubi Koreya istehsalı olan hibrid avtomobillərin satışı əhəmiyyətli dərəcədə artıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazır.

Bu tendensiyadan xüsusilə ABŞ hibrid bazarının 86%-nə nəzarət edən "Honda", "Hyundai" və "Toyota" kimi şirkətlər faydalanıb.

"RBC Capital Markets" şirkətinin hesablamalarına görə, ölkədə ümumi avtomobil satışlarının 1,5% azalmasına baxmayaraq, iyul ayında ABŞ-də hibrid avtomobillərin satışı 20% artıb. Bu dövrdə "Hyundai"nin hibrid satışları 62%, "Toyota"nın 22%, "Honda"nın isə 15% yüksəlib.

FT-nin qeyd etdiyi kimi, Asiya şirkətləri ənənəvi olaraq çoxlu hibrid modellər istehsal edir, Amerika avtomobil istehsalçılarında isə bu tür modellərin sayı azdır. Nəşr yazır ki, bu avtomobillər benzin qiymətlərinin artdığı bir şəraitdə sürücülərdən vərdişlərini ciddi şəkildə dəyişməyi tələb etmədən büdcəyə qənaət etməyə imkan verir.