10 avqust 2026 11:41
85

ABŞ Hörmüz boğazı üzrə razılaşmadan sonra...

ABŞ Hörmüz boğazı vasitəsilə maneəsiz kommersiya gəmiçiliyini bərpa edəcək razılaşmanın elan olunmasından dərhal sonra İran limanlarının blokadasını ləğv etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan amerikalı rəsmiyə istinadla məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, bununla belə, ABŞ-nin növbəti addımları İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq. "Reuters"lə söhbət edən digər amerikalı rəsmi isə İran və Omanın boğaz vasitəsilə təhlükəsiz hərəkətin bərpasına imkan yaradacaq sazişi bağlamağa yaxın olduqlarını qeyd edib.

ABŞ iyul ayında İran limanlarının blokadasını bərpa edib. Avqustun 8-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens münaqişənin tənzimlənməsi üzrə danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu bəyan etmişdi. "Reuters"in məlumatına görə, İran dəhlizdən keçid üçün ödəniş tələb etməməyə razılaşıb, lakin görünür, oraya daxil olan gəmilərə nəzarət etmək hüququnu əldə edib. Bununla yanaşı, dünən İranın xarici işlər naziri ABŞ qoyulan şərtləri yerinə yetirənədək Hörmüz boğazının açılmayacağını bildirib.