11 avqust 2026 10:35
163

Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir - TƏHLİL

Ulu Öndər  Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi inkişafının yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir  hədəfə zamanında və yüksək səviyyədə nail olunmasına stimul verir. Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet məsələ kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq rayonlar arasında ixtisaslaşma həyata keçirildi. Bu gün böyük inamla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz də bu sahələrin inkişafı üçün böyük potensiala malikdir. Böyük Qayıdışın gerçəkləşməsindən sonra ölkəmizin dayanıqlı inkişafının, ən əsası isə bütün dövrlər üçün aktuallığını qoruyan ərzaq təhlükəsizliyinin təmini üçün geniş imkanlar yaranacaq.

Qələbəmiz Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü dünyaya bəyan etdi

Azərbaycan hər bir sahədə zəngin təcrübəyə, potensiala malikdir. Bunu ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, eyni zamanda, beynəlxalq sərgilər də təsdiqləyir. Qarşıya qoyulan hədəflər inkişaf üçün stimuldur. Dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, ölkə iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində qarşıya qoyduğumuz məqsədlərə çatacağıq.
 Reallıq budur ki, iqtisadi inkişafına görə illərdən bəri beynəlxalq təşkilatların hesabatlarında ilk onluqda yer alan Azərbaycan müharibə şəraitində belə dinamikliyini saxladı. Biznesin inkişafına, investisiya iqliminin sağlamlığı naminə həyata keçirilən layihələrin əhəmiyyətinə görə islahatçı ölkə adlandırılması, ən nəhayət, işğalçı Ermənistan üzərində şanlı Qələbəmiz Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü dünyaya bəyan etdi.

Bu gün ölkəmizin iqtisadi imkanlarının təhlili fonunda bu mühüm məqam xüsusi vurğulanır ki, gələcək üçün böyük potensial mövcuddur. Azərbaycanda iqtisadi  sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Azad edilmiş torpaqlarda aqrar sahənin, fermer təsərrüfatlarının inkişafı xüsusi əhəmiyyətə malikdir. Qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafı üçün də geniş imkanlar yaranır. «Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, plana uyğun davam etdirilən işlərin başa çatması ilə Qarabağın cənnətməkan siması özünə qaytarılacaq. Biz Qarabağ bölgəsində cənnət yaradacağıq.

Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına istiqamətləndirir

«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» gələcək üçün yol xəritəsidir. Bu reallıq da inkaredilməzdir ki, ölkəmizin hərtərəfli inkişafı kompleks tədbirlərin həyata keçirilməsini ilə müşayiət olunur. Bir sözlə,  iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycana davamlı uğurlar qazandırır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş vüsət alması iqtisadi tərəqqinin hər bir ölkənin inkişafında prioritet olduğunu təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev ötən il Birinci Azərbaycan İnvestisiya Forumunun iştirakçılarına məktubunda  bu reallıqları xüsusi qeyd etmişdir ki, ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir. Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir.  Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı  qorunur. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəltmiş və ölkənin maliyyə gücünü artırmışdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpaolunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.

Göründüyü kimi, Azərbaycanın  iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir. Qurulan əməkdaşlıq əlaqələri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradıb. Dövlət başçısı İlham Əliyevin sözügedən Sərəncamı da  birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun uğurlu nəticələrini və formalaşmış əməkdaşlıq əlaqələrini nəzərə alaraq Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi məqsədini daşıyır.

Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq üçün unikal platforma

Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Son iki ayda Avropa ölkələrinin, təsisatlarının liderlərinin ölkəmizə, cənab İlham Əliyevin  həmin ölkələrə səfərlərinin dinamikliyi özündə əsas çağırışları ehtiva edir. Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Hazırda Azərbaycanın təbii qazı 16 ölkəyə ixrac edilir ki, onun 10-u Avropa İttifaqının üzvüdür.

Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin daha da aktuallaşması diqqətdən kənarda qalmır. Bu, bir daha hər dövrün öz tələbi, çağırışı olduğunu nümayiş etdirir.

Bu günlərdə Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü, yekun olaraq Çolpon-Ata Bəyannaməsinin imzalanması da hazırkı dövrün çağırışlarının təqdimatında əhəmiyyətli rol oynadı. Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirildi. Dövlət başçılarının müntəzəm siyasi dialoqun və praktiki əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bəyan etmələri münasibətləri institusional əsasda genişləndirmək niyyətindən xəbər verir. Bu çərçivədə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və nəqliyyat-logistika sahəsində əməkdaşlığın gücləndirilməsi regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan yaradacaq. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Bəyannamənin mühüm istiqamətlərindən biridir. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələrdən biri kimi rolunu daha da gücləndirir. Bu marşrut yükdaşımaların sürətləndirilməsinə, beynəlxalq ticarətin genişlənməsinə və region ölkələrinin qlobal nəqliyyat şəbəkələrinə inteqrasiyasına mühüm töhfə verir. Digər alternativ nəqliyyat marşrutlarının əlaqələndirilməsi isə regionun logistika imkanlarını daha da artıracaq.

Energetika sahəsində əməkdaşlığın, xüsusilə yaşıl enerji istiqamətinin ön plana çıxarılması qlobal enerji keçidi prosesində tərəflərin ortaq maraqlarını əks etdirir. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, Mərkəzi Asiya dövlətlərinin isə zəngin enerji potensialı gələcəkdə bu istiqamətdə genişmiqyaslı regional əməkdaşlıq üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi regionun iqtisadi dayanıqlılığını artıracaq mühüm amillərdəndir. Bəyannamədə rəqəmsallaşma, innovasiya, elm və texnika, süni intellekt, rəqəmsal infrastruktur və kosmik texnologiyalar sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi də xüsusi vurğulanır. Bu istiqamətlər müasir dövrdə dövlətlərin rəqabət qabiliyyətini müəyyənləşdirən əsas amillərdən hesab olunur. Elmi biliklərin mübadiləsi, innovativ layihələrin həyata keçirilməsi və qabaqcıl texnologiyaların tətbiqi region ölkələrinin davamlı inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və insan kapitalının gücləndirilməsinə mühüm töhfə verə bilər.

Yeganə Əliyeva, “İki sahil”