London polisi həftəsonu keçirdiyi genişmiqyaslı əməliyyat zamanı ümumi dəyəri 8 milyon funt sterlinqdən çox olan 90 avtomobili müsadirə edib.
“İki sahil” “The Independent”ə istinadla xəbər verir ki, əməliyyat avqustun 7-dən 9-dək Hayd Park, Kensinqton və Çelsi ərazilərində sığortasız avtomobil idarə edən, təhlükəli sürücülük və ictimai asayişi pozan şəxslərə qarşı keçirilib. London Metropolitan Polisi əməliyyatı Motorlu Nəqliyyat Vasitələrinin Sığortası Bürosunun dəstəyi ilə həyata keçirib.
Müsadirə edilən avtomobillər arasında təxminən 3,7 milyon funt sterlinq dəyərində “Ferrari Monza SP2” superkarı da olub. Cəmi bir gün əvvəl Böyük Britaniyaya gətirilmiş avtomobil sığortasız və müvafiq sürücülük vəsiqəsi olmadan idarə edildiyi üçün saxlanılıb.
Polisin məlumatına görə, avtomobili idarə edən şəxsin yalnız müvəqqəti sürücülük vəsiqəsi olub. O, superkarın sükanı arxasına keçdikdən yarım saatdan az müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
“Ferrari Monza SP2” İtaliya istehsalçısının cəmi 499 ədəd buraxdığı modellərdən biridir. Bu ilin əvvəlində həmin model avtomobillərdən biri hərracda 4 milyon 995 min dollara, təxminən 3,7 milyon funt sterlinqə satılıb.
Yeni səlahiyyətlərə əsasən, polis əməkdaşları antisosial davranışla əlaqəli hallarda sürücülərə əvvəlcə xəbərdarlıq etmədən nəqliyyat vasitələrini birbaşa müsadirə edə bilirlər. Həftəsonu ərzində təkcə bu qaydalar əsasında 15 avtomobil müsadirə olunub.
Reyn çayında suyun səviyyəsi kritik həddə enə bilər – Gəmiçilik təhlükə qarşısında