12 avqust 2026 15:47
162

Naxçıvanın yeni inkişaf xəritəsi: enerji və logistika mərkəzinə doğru

Tarixən strateji coğrafiyada yerləşən, lakin uzun illər blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikası bu gün özünün keyfiyyətcə yeni tərəqqi dövrünü yaşayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana reallaşan tarixi səfəri muxtar respublikanın təkcə sosial-iqtisadi mənzərəsini yeniləmədi, dəyişən geosiyasi reallıqlar fonunda Naxçıvanın Cənubi Qafqazın və geniş regionun mühüm nəqliyyat, logistika və enerji habına çevrilməsini bir daha təsdiq etdi.

Səfər çərçivəsində dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən və təməli qoyulan layihələrə diqqət yetirdikdə aydın görünür ki, həyata keçirilən tədbirlər birbaşa vətəndaşlarımızın yaşam keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Muxtar respublikada nəqliyyat infrastrukturunun yenilənməsi məqsədilə 200 ən müasir elektrikli avtobusun və yeni sərnişin stansiyalarının istifadəyə verilməsi ekoloji baxımdan təmiz və səmərəli nəqliyyat sisteminin qurulması deməkdir. Bu layihə vasitəsilə ildə 4,5 milyon sərnişinin daşınması nəzərdə tutulur ki, bu da sakinlərin gündəlik rahatlığını tam təmin edəcəkdir.

Bununla yanaşı, artıq Azərbaycanın beynəlxalq brendinə çevrilmiş DOST Mərkəzinin Naxçıvanda fəaliyyətə başlaması sosial xidmətlərin operativ, şəffaf və əlçatan təşkilində mühüm mərhələdir. Dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 518 mənzilli sosial evlərin, turizm potensialını artıracaq “Naxçıvan” Mehmanxana Kompleksinin və Ordubadda Su Elektrik Stansiyasının təməlinin qoyulması Naxçıvanın kompleks inkişaf strategiyasının bariz nümunəsidir.

Prezident İlham Əliyevin imzalamış olduğu Sərəncamla muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün dövlət büdcəsindən 258 milyon manat vəsaitin ayrılması dövlətimizin Naxçıvana olan xüsusi diqqət və qayğısının təzahürüdür. Bu vəsaitin 66 milyon manatının Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi SES-in tikintisinə yönəldilməsi bölgənin enerji müstəqilliyini daha da möhkəmləndirəcəkdir.

Naxçıvanın gələcək inkişaf xəritəsində ən mühüm halqa, şübhəsiz ki, Zəngəzur dəhlizidir. İndiyədək əsas tranzit yolları qonşu Gürcüstandan keçirdisə, yaxın gələcəkdə böyük tranzit həcmləri məhz Naxçıvan üzərindən yönələcəkdir. Zəngəzur dəhlizinin açılması İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşən Naxçıvanın 200 milyonluq böyük bir bazara birbaşa çıxışını təmin edəcək.

Tarixən Yaxın Şərqə və Avropaya gedən ticarət yollarının kəsişməsində yerləşən muxtar respublika, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən və ildə 15 milyon ton yükaşırma gücünə malik beynəlxalq koridora çevrilmək ərəfəsindədir. Bu, təkcə Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın regional və qlobal iqtisadiyyatdakı mövqeyini dəfələrlə möhkəmləndirəcəkdir.

Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın bərpaolunan enerji potensialına xüsusi toxunaraq bildirdi ki, burada təkcə Günəş elektrik enerjisinin istehsalı ən azı 500 meqavat, hətta 1000 meqavat həcmində ola bilər. Əsas hədəf bu enerjinin ixrac imkanlarını genişləndirməkdir. Hazırda Türkiyə və İran istiqamətində olan elektrik xətlərinin imkanlarının artırılması, gələcəkdə isə Avropa bazarına çıxışın təmin edilməsi prioritet vəzifə kimi qarşıya qoyulub.

Diqqətəlayiq məqamlardan biri də Zəngəzur dəhlizinin təkcə nəqliyyat deyil, həm də mühüm enerji koridoru kimi layihələndirilməsidir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi artıq hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda inşa olunan böyük çevirici yarımstansiya məhz bu Zəngəzur elektrik dəhlizi vasitəsilə böyük enerji həcmlərini ötürmək üçün nəzərdə tutulub.

Mütəxəssislərimiz tərəfindən Ermənistan ərazisində elektrik dirəklərinin quraşdırılacağı yerlər belə dəqiqliklə müəyyən edilib. Bu layihənin reallaşması birinci növbədə Ermənistanın özünə lazımdır. Çünki onların əsas enerji mənbəyi olan köhnəlmiş atom elektrik stansiyası bütün region üçün ciddi təhlükə mənbəyidir və vaxtı çatanda bağlanmalıdır. Belə bir şəraitdə Zəngəzur enerji dəhlizi Ermənistanı gözlənilən dərin enerji böhranından xilas edə biləcək alternativ mənbədir.

Prezident İlham Əliyevin Naxçıvana səfəri bir daha göstərdi ki, dövlətimizin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində muxtar respublika yaxın bir neçə il ərzində enerji idxalçısından regional enerji və logistika eksportçusuna çevriləcək. Naxçıvanda başlayan bu yeni tərəqqi dövrü Azərbaycanın iqtisadi qüdrətinin artmasına, regional sülhün və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verəcəkdir.

Anar Məmmədov,

Milli Məclisin deputatı