12 avqust 2026 16:34
103

Naxçıvanın yeni inkişaf mərhələsi və Azərbaycanın regional strategiyası

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri Muxtar Respublikanın inkişafında yeni mərhələnin başlanğıcını göstərən mühüm hadisədir. Səfər çərçivəsində təqdim olunan layihələr və həyata keçirilən tədbirlər yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd idarəetmənin müasirləşdirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, regional inteqrasiyanın gücləndirilməsi və Naxçıvanın gələcəkdə mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanların yaradılmasıdır. Son illərdə həyata keçirilən dövlət siyasəti və irimiqyaslı layihələr muxtar respublikanın qarşıdakı dövrdə inkişaf istiqamətlərini daha aydın şəkildə müəyyənləşdirir.

Son illərdə Muxtar Respublikada həyata keçirilən struktur və kadr islahatları idarəetmə sahəsində ciddi dəyişikliklərə səbəb olub. Xüsusilə Azərbaycan Respublikası Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinin yaradılması dövlət idarəçiliyində koordinasiyanın gücləndirilməsinə və mərkəzi dövlət qurumları ilə yerli strukturlar arasında əlaqələrin daha sistemli qurulmasına şərait yaradıb. İdarəetmədə yeni yanaşmalar tətbiq olunur, elektron xidmətlərin və müasir inzibati mexanizmlərin əhatə dairəsi genişlənir. Naxçıvanın inkişafı artıq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və regional inkişaf prosesləri ilə daha sıx əlaqələndirilir. Bu yanaşma dövlət proqramlarının daha əlaqəli şəkildə həyata keçirilməsinə, mövcud resurslardan səmərəli istifadə olunmasına və sosial xidmətlərin keyfiyyətinin artırılmasına imkan verir. DOST xidmətlərinin Naxçıvanda tətbiqi də bu istiqamətdə mühüm addımlardan biridir. Regional DOST Mərkəzinin yaradılması və gələcəkdə xidmət şəbəkəsinin genişləndirilməsi vətəndaşların sosial xidmətlərə daha rahat çıxışını təmin etməyə yönəlib.

Şəhərsalma baxımından Naxçıvanın gələcəyi ilə bağlı ən mühüm məsələlərdən biri yeni Baş Planın hazırlanmasıdır. Naxçıvan şəhərinin Baş Planı üzərində işlər aparılır və 2026-cı ilin mayında planın aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğu bildirilib. Bu planın əsas məqsədi Naxçıvanı yalnız inzibati mərkəz kimi deyil, müasir, rahat, ekoloji baxımdan dayanıqlı və insan amilini ön plana çıxaran şəhər kimi inkişaf etdirməkdir. Plan çərçivəsində şəhər mühitinin yenilənməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yaşıllıq və ictimai məkanların artırılması, piyada və velosiped infrastrukturunun inkişaf etdirilməsi kimi istiqamətlər nəzərdə tutulur. Eyni zamanda, şəhərin turizm potensialından daha səmərəli istifadə etmək, xidmət sektorunu inkişaf etdirmək və yeni investisiyalar üçün əlverişli mühit yaratmaq qarşıdakı dövrün əsas məqsədlərindəndir. Şəhərin tarixi kimliyinin qorunması da bu prosesin vacib hissəsidir. Möminə Xatun türbəsi və digər memarlıq abidələrində bərpa və konservasiya işlərinin aparılması Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunmasına xidmət edir. Bu işlər gələcəkdə şəhərin turizm cəlbediciliyinin daha da artmasına imkan verə bilər.

İqtisadi baxımdan muxtar respublikanın sənaye və istehsal potensialının artırılması əsas prioritetlərdən biri olaraq qalır. Naxçıvan Sənaye Parkının inkişaf etdirilməsi, yerli xammala əsaslanan istehsal sahələrinin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində nəqliyyat və logistika məhdudiyyətləri ilə üzləşmiş Naxçıvanda yeni istehsal müəssisələrinin yaradılması həm daxili bazarın təmin olunmasına, həm də gələcəkdə ixrac imkanlarının genişləndirilməsinə şərait yarada bilər. Bu prosesin digər mühüm nəticəsi məşğulluğun artmasıdır. Yeni müəssisələrin yaradılması gənclər üçün iş imkanlarının genişlənməsinə, sahibkarlığın inkişafına və yerli iqtisadi fəallığın yüksəlməsinə kömək edə bilər.

Geoiqtisadi baxımdan Naxçıvanın gələcəyi ilə bağlı ən mühüm məsələlərdən biri regional nəqliyyat əlaqələrinin bərpası və genişləndirilməsidir. 2020-ci il Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılmasını regional gündəmin mühüm məsələlərindən birinə çevirib. Azərbaycan ərazisində Horadiz-Ağbənd avtomobil yolunun və dəmir yolunun tikintisi sürətlə davam etdirilir. Rəsmi məlumatlara görə, bu layihələrin 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Eyni zamanda, Türkiyə ərazisində Dilucu–Qars dəmir yolu layihəsinin həyata keçirilməsi Naxçıvanın gələcəkdə Türkiyə və daha geniş Avropa nəqliyyat sisteminə inteqrasiyasını gücləndirə bilər. İğdır–Naxçıvan qaz kəmərinin isə artıq 5 mart 2025-ci ildə istifadəyə verilməsi muxtar respublikanın enerji təminatının şaxələndirilməsi baxımından mühüm addım olub. Kəmərin gündəlik 2 milyon kubmetr ötürmə qabiliyyəti Naxçıvanın qaz tələbatının təmin edilməsinə hesablanıb. Zəngəzur bağlantısının tam reallaşması isə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməklə yanaşı, onu Türkiyə, Mərkəzi Asiya və Avropa istiqamətləri arasında daha əhəmiyyətli nəqliyyat və ticarət qovşağına çevirə bilər. Bu marşrut Orta Dəhlizin imkanlarını genişləndirən əlavə istiqamətlərdən biri kimi qiymətləndirilir.

Bununla yanaşı, Naxçıvanın zəngin bərpaolunan enerji potensialı Muxtar Respublikanın gələcək inkişafında xüsusi yer tutur. Günəş və su enerjisindən daha geniş istifadə edilməsi həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də iqtisadiyyatın daha ekoloji modelə keçməsinə imkan yaradır. Ordubad Su Elektrik Stansiyasının tikintisi də bu baxımdan mühüm layihələrdən biridir. Yeni günəş elektrik stansiyalarının yaradılması və mövcud enerji infrastrukturunun yenilənməsi Naxçıvanın daxili enerji tələbatının daha böyük hissəsinin bərpaolunan mənbələr hesabına qarşılanmasına imkan verəcək. Gələcəkdə Naxçıvanın bərpaolunan enerji potensialından istifadə etməklə elektrik enerjisinin regional bazarlara ixracı da mümkün istiqamətlərdən biri kimi nəzərdən keçirilir. Zəngəzur istiqamətində enerji bağlantılarının yaradılması ilə bağlı planların həyata keçirilməsi Türkiyə və daha geniş Avropa enerji bazarlarına çıxış imkanlarını artıra bilər. Bu yanaşma Azərbaycanın yaşıl enerji siyasətinin regional ölçüdə genişləndirilməsi baxımından da əhəmiyyətlidir.

Müdafiə qabiliyyəti və regional təhlükəsizlik baxımından Naxçıvanın strateji mövqeyi xüsusi əhəmiyyət daşıyır. Muxtar respublikanın yerləşdiyi coğrafi mövqe onun həm Azərbaycanın milli təhlükəsizliyi, həm də regional sabitlik baxımından rolunu artırır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun müasir silah və texnika ilə təchiz edilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması müdafiə qabiliyyətinin əsas elementlərindəndir. Bu imkanlar yalnız mümkün təhdidlərin qarşısının alınması baxımından deyil, eyni zamanda regionda həyata keçirilən iri iqtisadi, enerji və nəqliyyat layihələrinin təhlükəsizliyinin təmin edilməsi baxımından da əhəmiyyətlidir. Naxçıvanın strateji mövqeyi nəzərə alındıqda, burada təhlükəsizlik və iqtisadi inkişaf məsələləri bir-birini tamamlayan iki əsas istiqamət kimi çıxış edir.

Yekun olaraq, Naxçıvanın son illərdə keçdiyi dəyişikliklərə yalnız ayrı-ayrı tikinti və infrastruktur layihələri kimi baxmaq düzgün olmazdı. Burada idarəetmənin yenilənməsi, şəhərsalma siyasətinin müasirləşdirilməsi, sənaye və sahibkarlığın inkişafı, sosial xidmətlərin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və yeni nəqliyyat bağlantılarının yaradılması bir-biri ilə əlaqəli proseslərdir. Naxçıvan uzun illər davam edən nəqliyyat və kommunikasiya məhdudiyyətlərinin yaratdığı çətinlikləri tədricən aradan qaldırmaq və yeni regional imkanlardan istifadə etmək mərhələsinə daxil olur. Zəngəzur bağlantısının reallaşması, Orta Dəhlizlə əlaqələrin genişlənməsi və Türkiyə ilə nəqliyyat əlaqələrinin güclənməsi Naxçıvanın geoiqtisadi əhəmiyyətini daha da artıra bilər. Bununla yanaşı, Naxçıvan Türk dünyası ilə Azərbaycan arasında mühüm coğrafi və mədəni körpü olmaqla yanaşı, gələcəkdə yaşıl enerji, turizm, sənaye və logistika sahələrində regional mərkəzlərdən birinə çevrilmək potensialına malikdir. Bu proses Azərbaycanın ərazi bütövlüyünün və iqtisadi əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, Cənubi Qafqazda daha geniş regional əməkdaşlıq imkanlarının yaranmasına da xidmət edə bilər.

Gülşən Axundova,
Qadın, İnkişaf, Gələcək İB Sədri