Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “C5” formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Bakı-Daşkənd münasibətlərinin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional məna qazandığının göstəricisidir. Şübhəsiz, Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Siyasətçilərin fikrincə, bu məsələdə Azərbaycanın və Özbəkistanın mövqeyi xüsusilə əhəmiyyətlidir. Xatırladaq ki, Azərbaycan Xəzər və Cənubi Qafqaz istiqamətində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində mühüm dayaq nöqtələridir. İki ölkənin siyasi və iqtisadi yaxınlaşması bu coğrafiyaları bir-birinə daha sıx bağlayır.

Tarixi önəm kəsb edən səfər
Bəli, Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. İmzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirib. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirib və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açıb. Şübhəsiz, bu prosesdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin və Prezident İlham Əliyevin xidmətləri böyükdür. Yeri gəlmişkən, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib.
Prezident İlham Əliyev Özbəkistana budəfəki dövlət səfəri isə iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Bu səfər çərçivəsində də tərəflər arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən bir sıra əhəmiyyətli sənədlərin imzalanması nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında indiyə qədər 220-yə yaxın sənəd imzalanıb, bir neçə sənəd layihələrinə baxılmaqdadır.
Orta Dəhliz və Yeni Tranzit İmkanları
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan-Özbəkistan münasibətlərinin potensialını müəyyən edən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Bu baxımdan Orta Dəhliz iki ölkənin coğrafi mövqelərini vahid regional üstünlüyə çevirən əsas platformalardan biridir. Marşrut Mərkəzi Asiyanın istehsal və ixrac imkanlarını Xəzər vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə əlaqələndirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Eyni zamanda, 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş iki ölkə arasında avtomobil daşımalarının inkişafını daha da sürətləndirib.

Enerji Sahəsində Əməkdaşlıq
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq da uğurla inkişaf edir. Özbəkistanın “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılmış "Neftegaztexnologiya" birgə müəssisəsi 2016-cı ildən neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. 2024-cü il noyabrın 13-də COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu təşəbbüs Mərkəzi Asiyada istehsal edilən bərpaolunan enerjinin Xəzər və Qara dəniz marşrutu ilə Avropa istiqamətində ötürülməsi üçün yeni imkanlar yaradır. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Prezident İlham Əliyevin sözləri ilə desək, bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.
Yeri gəlmişkən, iki qardaş ölkə arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalanıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Azərbaycan–Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru
Azərbaycan və Özbəkistan çoxtərəfli müstəvidə əməkdaşlığı uğurla inkişaf etdirirlər