24 avqust 2026 15:56
130

Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yalnız siyasi və mənəvi yaxınlıqla məhdudlaşmadığını, artıq genişmiqyaslı iqtisadi, investisiya, nəqliyyat, enerji və regional əməkdaşlıq platformasına çevrildiyini bir daha təsdiqlədi. Daşkənddə keçirilən görüşlər, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası, müxtəlif sənədlərin imzalanması, dövlət başçılarının qarşılıqlı təltif olunması və yeni layihələrin təməlinin qoyulması Bakı ilə Daşkənd arasında əlaqələrin sistemli və uzunmüddətli xarakter daşıdığını nümayiş etdirdi. Cənab Prezidentin səfər zamanı mətbuata bəyanatı isə bu münasibətlərin mahiyyətini və gələcək istiqamətlərini siyasi-diplomatik baxımdan olduqca aydın şəkildə ortaya qoydu. Prezident cənab İlham Əliyev Daşkənddə və bütövlükdə Özbəkistanda müşahidə olunan sürətli inkişafı xüsusi vurğulayaraq bu tərəqqinin Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsi olduğunu bildirdi. Azərbaycan Prezidentinin “Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır” fikri əslində Özbəkistanın son illərdə keçdiyi transformasiyanın siyasi qiymətləndirilməsidir.

Bu inkişaf yalnız paytaxtın simasında deyil, ölkənin iqtisadiyyatında, sənayesində, kənd təsərrüfatında, energetikasında, nəqliyyat infrastrukturunda və sosial sahələrdə özünü göstərir. Cənab Prezidnetin diqqət çəkdiyi əsas məqamlardan biri də məhz bu inkişafın sistemli xarakter daşımasıdır. Özbəkistanın iqtisadi potensialının gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, yeni investisiyaların cəlb edilməsi və sənaye potensialının artırılması ölkəni regionun mühüm iqtisadi mərkəzlərindən birinə çevirən əsas amillərdəndir. Azərbaycanın dövlət başçısının Özbəkistanın inkişafını Prezident Şavkat Mirziyoyevin fəaliyyəti ilə əlaqələndirməsi həm də iki lider arasında qarşılıqlı siyasi etimadın yüksək səviyyəsini göstərir. Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin tarixi kökləri olduqca dərindir. Ortaq türk mənşəyi, dil və mədəni yaxınlıq, eyni mənəvi dəyərlər iki xalqı bir-birinə bağlayan mühüm amillərdir. Lakin müasir dövrdə bu mənəvi yaxınlıq real siyasi və iqtisadi əməkdaşlıqla tamamlanır. Prezident cənab İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan–Özbəkistan münasibətlərinin artıq konkret layihələr üzərində qurulmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, bir müddət əvvəl iki ölkə arasında heç bir birgə layihə olmadığı halda, bu gün qarşılıqlı investisiyalar, sənaye, enerji, nəqliyyat, avtomobil istehsalı, kənd təsərrüfatı, turizm, bankçılıq və digər sahələri əhatə edən çoxsaylı layihələr həyata keçirilir. Bu dəyişiklik təsadüfi deyil. O, iki ölkənin iqtisadi potensialının və siyasi iradəsinin paralel şəkildə inkişaf etməsinin nəticəsidir. Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərində ən mühüm göstəricilərdən biri qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində müəyyənləşdirilən hədəflərdir.

Cənab Prezident  bir milyard dollarlıq ticarət dövriyyəsi perspektivindən danışarkən bu rəqəmi uzaq gələcəyə aid xəyal kimi deyil, yaxın illərdə reallaşması mümkün olan konkret nəticə kimi təqdim etdi. Bu yanaşma mühüm siyasi-iqtisadi mesajdır. Çünki ticarət dövriyyəsinin belə səviyyəyə yüksəldilməsi üçün yalnız siyasi münasibətlərin yaxşı olması kifayət deyil. Bunun arxasında istehsal, logistika, investisiya, maliyyə, sənaye kooperasiyası və qarşılıqlı biznes əlaqələri dayanmalıdır. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında yaradılan birgə müəssisələr və qarşılıqlı investisiya layihələri xüsusi əhəmiyyət daşıyır. İki ölkə iqtisadiyyatının bir-birini tamamlayan imkanları gələcəkdə ticarət münasibətlərinin daha da genişlənməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyəti yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilə bilməz.

Prezident cənab İlham Əliyevin bəyanatında Mərkəzi Asiya və Azərbaycanın “vahid geosiyasi və geoiqtisadi region” kimi xarakterizə edilməsi məhz bu məqamın strateji mahiyyətini ortaya qoyur. Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə əlaqələrini sürətlə inkişaf etdirməsi ölkəmizin regional siyasətində mühüm istiqamətə çevrilib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasında Prezident Şavkat Mirziyoyevin də xüsusi rolunun olduğunu qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın artıq daha geniş regional prosesə çevrildiyini vurğuladı. Bu gün Azərbaycan Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm mövqeyə malikdir. Orta Dəhliz, Xəzər üzərindən daşımalar, nəqliyyat-kommunikasiya layihələri və yeni logistika imkanları Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında əməkdaşlığın geoiqtisadi əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycan–Özbəkistan tərəfdaşlığı regional inteqrasiyanın mühüm dayaqlarından biri kimi çıxış edir. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm xüsusiyyətlərindən biri onun çoxşaxəli olmasıdır.

Enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektoru, bankçılıq, neft-qaz layihələri – bütün bu istiqamətlər ikitərəfli münasibətlərin real iqtisadi məzmununu təşkil edir. SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olması, Azərbaycanın aparıcı banklarından birinin Özbəkistan bazarında fəaliyyət göstərməsi və neft-qaz kəşfiyyatı sahəsində layihələrin reallaşdırılması münasibətlərin yeni iqtisadi mərhələyə keçdiyini göstərir. Xüsusilə enerji sahəsində əməkdaşlıq gələcək üçün böyük potensial vəd edir.
Prezident cənab İlham Əliyevin məlumatına görə, neft və qaz kəşfiyyatı ilə bağlı layihələr artıq son mərhələyə yaxınlaşıb və növbəti mərhələdə istismar quyularının qazılmasına başlanılması gözlənilir. Bu isə iki ölkənin enerji təhlükəsizliyi və enerji iqtisadiyyatları baxımından əməkdaşlığının daha da dərinləşməsinə imkan verə bilər. Azərbaycan və Özbəkistan münasibətlərinin ən mühüm və mənəvi baxımdan ən həssas istiqamətlərindən biri Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində Özbəkistanın iştirakıdır. Prezident cənab İlham Əliyev Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsində müstəsna rolunu xüsusi qeyd etdi. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşası Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi mühüm töhfələrdəndir. Xankəndidə tikiş fabrikinə investisiya qoyuluşu və Qarabağda ilk böyük sənaye müəssisəsinin Özbəkistanla əlaqəli olması isə bu dəstəyin yalnız simvolik xarakter daşımadığını, real iqtisadi məzmun kəsb etdiyini göstərir. Bu layihələr iki ölkə arasında qardaşlığın ən mühüm xüsusiyyətlərindən birini – Azərbaycanın ən çətin və məsuliyyətli mərhələsində Özbəkistanın yanında olmasını nümayiş etdirir. Qarabağın bərpasında dost və qardaş ölkələrin iştirakı Azərbaycanın yeni inkişaf gündəliyinin beynəlxalq miqyasda dəstəklənməsinin də göstəricisidir. İki ölkə arasında yaradılan investisiya mexanizmləri münasibətlərin gələcək inkişafı üçün mühüm maliyyə bazası formalaşdırır.

Cənab Prezidentin  qeyd etdiyi kimi, investisiyalar, bir qayda olaraq, dost və etibarlı ölkələrə, əlverişli investisiya mühitinin mövcud olduğu bazarlara yönəlir. Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiyaların artması məhz siyasi etimadla iqtisadi imkanların bir-birini tamamlamasının nəticəsidir. İnvestisiya fondunun formalaşdırılması, Azərbaycanın turizm infrastrukturu və avtomobil sənayesi ilə bağlı layihələr, eləcə də digər sahələrdə qarşılıqlı sərmayələr əməkdaşlığın gələcəkdə milyardlarla ölçülən iqtisadi nəticələrə çevrilməsi üçün ciddi potensial yaradır. Burada əsas məsələ təkcə investisiyanın həcmi deyil. Daha mühüm olanı investisiyaların istehsal, yeni iş yerləri, texnologiya transferi, ixrac imkanları və regional inkişaf yaratmasıdır. Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi münasibətlərin institusional baxımdan da yüksək səviyyəyə çatdığını göstərir. Ali Dövlətlərarası Şura iki ölkə arasında strateji xarakter daşıyan məsələlərin sistemli şəkildə müzakirə edilməsi, qəbul olunmuş qərarların icrasının əlaqələndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mexanizmdir. Bu formatın fəaliyyətinin davamlı xarakter alması Azərbaycan–Özbəkistan münasibətlərində siyasi dialoqun təsadüfi görüşlərdən deyil, konkret institusional mexanizmlərdən ibarət olduğunu göstərir. Daşkənddə imzalanan sənədlər və əldə olunan razılaşmalar da məhz bu siyasi iradənin praktik nəticəsidir. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı dövlət təltiflərinə layiq görülməsi də xüsusi siyasi və mənəvi məna daşıyır.
Prezident Şavkat Mirziyoyevin Azərbaycan Prezidentinə ali dərəcəli “Dostluq” ordenini təqdim etməsi, Prezident cənab İlham Əliyevin isə Özbəkistan Prezidentini “Heydər Əliyev” ordeni ilə təltif etməsi iki ölkə rəhbərlərinin qarşılıqlı münasibətlərə verdiyi yüksək qiymətin göstəricisidir. Bu təltiflər, əslində, yalnız iki dövlət başçısının şəxsi xidmətlərinə verilən qiymət deyil. Onlar Azərbaycan–Özbəkistan dostluğunun, strateji tərəfdaşlığının və xalqlarımız arasında qardaşlıq münasibətlərinin simvolik ifadəsidir.

Azərbaycan–Özbəkistan münasibətlərinin daha bir mühüm istiqaməti regionlararası əlaqələrin inkişafıdır. Daşkənddə keçirilən regionlararası əməkdaşlıq forumunun praktiki əhəmiyyəti də bununla bağlıdır. Çünki ikitərəfli münasibətlərin davamlılığı yalnız mərkəzi hökumətlərin qərarlarından deyil, eyni zamanda şəhərlər, regionlar, sahibkarlar, sənaye müəssisələri, təhsil və mədəniyyət qurumları arasında birbaşa əlaqələrin inkişafından asılıdır. Bu baxımdan regionlararası əməkdaşlıq iqtisadi münasibətlərin coğrafiyasını genişləndirir və yeni tərəfdaşlıqlar üçün imkan yaradır. Əgər əvvəl Azərbaycan-Özbəkistan əməkdaşlığının əsas ağırlıq mərkəzləri Bakı və Daşkənd idisə, artıq münasibətlər hər iki ölkənin müxtəlif regionlarını əhatə edən daha geniş iqtisadi şəbəkəyə çevrilir. Prezident cənab İlham Əliyevin bəyanatında diqqət çəkən ən mühüm məqamlardan biri iki ölkənin irəliləmək üçün “çox dəqiq fəaliyyət planına” malik olmasıdır. Bu ifadə Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəyinin yalnız siyasi bəyanatlarla deyil, konkret layihələrlə müəyyənləşdirildiyini göstərir. Enerji, nəqliyyat, investisiya, sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq və digər sahələr üzrə həyata keçirilən layihələr qarşıdakı illər üçün geniş əməkdaşlıq gündəliyi formalaşdırır. Beləliklə, siyasi iradə iqtisadi mexanizmlərlə, iqtisadi əməkdaşlıq isə regional strateji baxışla tamamlanır.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin iqtisadi gücü, nəqliyyat imkanları, enerji potensialı və regional əməkdaşlıq qabiliyyəti onların geosiyasi çəkisini müəyyən edən əsas amillərdəndir. Azərbaycan və Özbəkistan bu baxımdan bir-birini tamamlayan imkanlara malikdir. Azərbaycan Cənubi Qafqazın mühüm siyasi, enerji və nəqliyyat mərkəzlərindən biri kimi Mərkəzi Asiyaya açılan qapı rolunu gücləndirir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və mühüm dövlətlərindən biri kimi regionun iqtisadi və demoqrafik potensialında xüsusi çəkiyə malikdir. Bu iki imkanın bir araya gəlməsi Azərbaycan–Özbəkistan münasibətlərini ikitərəfli əməkdaşlıqdan daha geniş regional geosiyasi layihənin mühüm elementinə çevirir.
Məhz buna görə cənab Prezidentin Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi region kimi qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan münasibətlərinin ən mühüm üstünlüyü ondadır ki, bu əlaqələr yalnız siyasi maraqlara deyil, həm də xalqlar arasında möhkəm mənəvi bağlara əsaslanır. Prezident cənab İlham Əliyevin səfər zamanı vurğuladığı kimi, iki ölkə arasındakı münasibətlər həm mənəvi, həm də maddi baxımdan möhkəm təmələ söykənir. Dünya siyasətində bu iki komponentin -mənəvi yaxınlıq və praktiki iqtisadi maraqların-eyni münasibətlər sistemində bu qədər uğurla birləşməsi heç də geniş yayılmış hal deyil. Azərbaycan və Özbəkistan nümunəsi göstərir ki, ortaq tarix və mədəniyyət müasir iqtisadi tərəfdaşlıqla birləşdirildikdə yeni regional imkanlar yarana bilər. Bu münasibətlərin əsasını qarşılıqlı etimad, siyasi iradə, iqtisadi maraqlar və xalqların bir-birinə bəslədiyi səmimi rəğbət təşkil edir. Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsindən daha geniş və çoxşaxəli regional əməkdaşlıq mərhələsinə keçdiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Daşkənddə keçirilən görüşlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan və Özbəkistan münasibətlərin inkişafı üçün artıq möhkəm siyasi və iqtisadi baza formalaşdırıblar.

Bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi, qarşılıqlı investisiyaların artırılması, yeni sənaye layihələri, enerji və nəqliyyat əməkdaşlığı, regionlararası əlaqələrin genişləndirilməsi və Qarabağın bərpasında Özbəkistanın iştirakı bu tərəfdaşlığın praktiki məzmununu müəyyən edir.
Ən əsası isə Bakı və Daşkənd arasında formalaşan bu münasibətlər yalnız iki dövlətin deyil, daha geniş regionun gələcək inkişafına təsir göstərmək potensialına malikdir. Bu gün Azərbaycan və Özbəkistan bir-birinə sadəcə dost və qardaş ölkələr kimi deyil, həm də ortaq regional baxışları, tamamlayıcı iqtisadi imkanları və uzunmüddətli strateji maraqları olan tərəfdaşlar kimi çıxış edirlər. Prezident cənab İlham Əliyevin səfərin sonunda Prezident Şavkat Mirziyoyevə Azərbaycan dövlətinə səfər etmək dəvəti də bu münasibətlərin davamlılığının və qarşıdakı mərhələdə daha da dərinləşdiriləcəyinin mühüm siyasi mesajıdır. Bakı ilə Daşkənd arasında möhkəmlənən tərəfdaşlıq bir daha göstərir: qardaşlıq üzərində qurulan etimad, siyasi iradə və konkret iqtisadi layihələrlə möhkəmləndikdə regional gücə çevrilə bilir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı