25 avqust 2026 17:28
90

Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti kompleks şəkildə yoxlanılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın yol-nəqliyyat infrastrukturunun etibarlılığının artırılması, mühəndis qurğularının vəziyyətinin nəzarətdə saxlanılması, hərəkət iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

“İki sahil” xəbər verir ki, qanunvericiliyin və texniki normativlərin tələblərinə əsasən, avtomobil yollarının tərkib hissəsi olan körpü və yol ötürücülərinin dövri yoxlanılması, faktiki vəziyyətinin qiymətləndirilməsi onların təhlükəsiz istismarının əsas şərtlərindəndir.

Bu məqsədlə cari ilin may ayında Agentliyin mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. İşçi qrup Bakı şəhərində yerləşən 66 yol ötürücüsü və körpüyə vizual baxış keçirərək qurğuların mövcud vəziyyətini ilkin qiymətləndirib.

Baxışların nəticələrinə əsasən, 13 yol ötürücüsü və körpünün texniki göstəricilərinin daha ətraflı öyrənilməsi məqsədəuyğun hesab olunaraq instrumental müayinəyə cəlb edilməsi qərara alınıb.

Instrumental müayinənin təyin olunması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini, deformasiya göstəricilərini və vizual baxış zamanı müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir.

İşlərin peşəkar və elmi-texniki əsaslarla aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, avqustun 27-dən seçilmiş yol ötürücüləri və körpülərdə instrumental müayinələrə başlanılacaq. Nəticələr əsasında qurğuların faktiki texniki vəziyyəti müəyyənləşdiriləcək, zərurət yarandığı halda təmir-bərpa və gücləndirmə tədbirləri planlaşdırılacaq.

Agentliyin həyata keçirdiyi sistemli nəzarət və qabaqlayıcı tədbirlər mümkün risklərin erkən müəyyənləşdirilməsinə, mühəndis qurğularının istismar müddətinin uzadılmasına və hərəkət təhlükəsizliyinin yüksəldilməsinə xidmət edir.