Laçın Azərbaycan tarixində xüsusi yeri olan şəhərlərdən biridir. Bu ad xalqımız üçün uzun illər doğma torpağa qayıdış arzusu, Vətən həsrəti və azadlıq mübarizəsi ilə bağlı olub. İşğal illərində Laçının itirilməsi böyük ağrı doğursa da, bu torpağın azad ediləcəyinə olan inam heç vaxt sönməyib. Laçının yenidən Azərbaycanın nəzarətinə qaytarılması yalnız ərazi bütövlüyünün təmin olunması deyil, həm də milli iradənin, dövlət gücünün və tarixi ədalətin bərpasının mühüm göstəricisidir.
Laçının taleyi Qarabağ münaqişəsinin ən ağrılı səhifələrindən biri kimi Azərbaycan xalqının yaddaşında qalıb. İşğal dövründə yaşayış məntəqələri ilə yanaşı, məktəblər, mədəniyyət müəssisələri və tarixi-mədəni irs nümunələri də ciddi dağıntılara məruz qaldı.
Laçının işğalı həm də geosiyasi baxımdan mühüm nəticələr doğurdu. Rayonun itirilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında əlaqənin formalaşmasına imkan yaratdı. Şuşanın ardınca Laçının da işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilən işğal siyasətinin genişlənməsində mühüm mərhələ oldu.
Azərbaycanın bu vəziyyətdən çıxış yolu isə güclü dövlətçilik, siyasi iradə və milli həmrəylikdən keçirdi. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun formalaşdırdığı siyasi kurs milli özünüdərk və azərbaycançılıq ideyasının möhkəmlənməsinə, dövlətçilik düşüncəsinin inkişafına mühüm təsir göstərdi. Qarabağ məsələsinin həlli üçün güclü dövlət və qüdrətli ordu amilinin vacibliyi də məhz bu siyasi xəttin əsas istiqamətlərindən biri idi.
Bu dövlətçilik xətti sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndirildi. Azərbaycan ordusunun modernləşdirilməsi, iqtisadi və siyasi potensialın artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi 2020-ci ildə tarixi nəticənin əldə edilməsinə şərait yaratdı.
44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Müharibədən sonra həyata keçirilən proseslər nəticəsində 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə rayonun tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi təmin edildi.
Azadlıqdan sonra Laçında böyük quruculuq dövrü başladı. Dağıdılmış yaşayış məntəqələrinin bərpası, yeni infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Laçında aparılan işlər “Böyük Qayıdış” proqramının konkret nəticələrinin göründüyü ərazilərdən birini formalaşdırdı.
Laçının inkişafında mühüm əhəmiyyət daşıyan layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanıdır. 2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı Qorçu kəndində, dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə inşa olunub və Azərbaycanın ən yüksəkdə yerləşən hava limanı kimi xüsusi əhəmiyyət daşıyır.
Laçının təbii-coğrafi xüsusiyyətləri də onun gələcək inkişaf perspektivlərini artırır. Dağlıq relyefi, zəngin meşələri, mineral və termal suları, çayları və təmiz təbiəti rayonun ekoturizm və istirahət imkanlarını genişləndirir. Bu baxımdan Laçının gələcəkdə Azərbaycanın əsas turizm istiqamətlərindən birinə çevrilməsi üçün geniş potensial mövcuddur.
26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması isə bu şəhərin müasir tariximizdəki xüsusi mövqeyini bir daha nümayiş etdirir. Bu tarix Laçının azadlığını, həmin qələbənin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığını və dövlətimizin iradəsini xatırladan əlamətdar gündür. Eyni zamanda, Laçın Şəhəri Günü gənc nəslə Vətən sevgisinin, tarixi yaddaşın və dövlətçilik dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı