27 avqust 2026 01:46
83

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 27-də paytaxtda bir sıra Transformator Məntəqələrində təmir-təftiş və sınaq işləri həyata keçiriləcək.

“Azərişıq” ASC-dən “İki sahil”ə bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbasqulu ağa Bakıxanov, Murtuza Muxtarov küçələri və İnşaatçılar prospektinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Fətəli xan Xoyski, Faiq Yusifov, Əliyar Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Həmçinin 6 kV-luq elektrik xətlərinin yenilənməsi ilə əlaqədar planlı fasilə saat 09:00-dan 15:00-dək Səbail rayonu Murtuza Muxtarov, Ömər Faiq Nemanzadə küçələri və Bibiheybət kəndinin bir hissəsini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.