28 avqust 2026 10:15
96

Əbədiyyət zirvəsinə ucalan qəhrəman: Mayor Rüfət Əsgərov

Bu ad Azərbaycanın azadlıq salnaməsində, qədirbilən xalqımızın qəlbində və Vətən torpağının hər qarışında sonsuzadək yaşayacaq

Gənclik illəri və hərbi təhsili

Şəhidlik - insan oğlunun ucala biləcəyi ən ali, ən müqəddəs və ən uca zirvədir. Vətən torpağının azadlığı, millətin namusu və dincliyi uğrunda canından keçmək hər kəsə nəsib olmayan böyük bir şərəfdir. Şəhidlər ölməzliyi ilə tarixin qızıl səhifələrinə yazılır, öz qanları ilə Vətənin azadlıq dastanını qələmə alırlar. Azərbaycan xalqının qəhrəmanlıq tarixi də Vətən uğrunda canından keçən igid oğulların şücaəti ilə yazılıb. Bu şərəfli salnamənin müəllifləri sırasında öz adı və qəhrəmanlığı ilə əbədiyyət qazanan şəhidlərimizdən biri Rüfət Mürvət oğlu Əsgərovdur. Rüfət 1981-ci il avqustun 29-da Zəngəzur mahalının Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur. Erkən yaşlarından vətənpərvərlik ruhunda böyüyən Rüfət 1988–1996-cı illərdə Xətai rayonunda Ə. Əliyev adına 204 nömrəli tam orta məktəbdə təhsil almışdır. Hərb sənətinə olan sonsuz sevgisi onu 1996–1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirmişdir. Ali hərbi təhsilini isə 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) tamamlayaraq zabit rütbəsinə yiyələnmişdir. Ailəli idi, ondan Vətənə əmanət 2 övladı yadigar qalıb.

Şərəfli hərbi xidmət yolu

Kəşfiyyatçı mayor Rüfət Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində nizam-intizamı və peşəkarlığı ilə fərqlənmişdir. 2003–2009-cu illərdə "Leytenant" hərbi rütbəsində Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2009–2012-ci illərdə "Baş leytenant" rütbəsində Ağcabədi rayonundakı "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. "Kapitan" rütbəsində əvvəlcə Gəncə şəhərində, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən hərbi hissələrdə vacib tapşırıqları yerinə yetirmişdir. Elə həmin ildə "Mayor" hərbi rütbəsini alan Rüfət Əsgərov Heydər Əliyev adına AAHM-in "Kəşfiyyat" kafedrasının baş müəllimi kimi gənc hərbçilərin yetişdirilməsində müstəsna xidmətlər göstərmişdir. O, xidmət etdiyi müddətdə hər zaman vəzifəsinə məsuliyyətlə yanaşan, döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirən və silahdaşları arasında böyük hörmət qazanan hərbçi olmuşdur.

Sirr deyil ki, hərbçi olmaq sadəcə peşə seçimi deyil. Bu, böyük məsuliyyət, iradə və Vətənə sonsuz bağlılıq tələb edən müqəddəs bir yoldur. Rüfət Əsgərov bu yolu seçərkən onun nə qədər çətin və şərəfli olduğunu yaxşı bilirdi. O, xidmət etdiyi bütün dövrlərdə dövlətin maraqlarını hər şeydən üstün tutaraq, Vətənin keşiyində ayıq-sayıq dayanıb. Azərbaycan Ordusunun gücü təkcə müasir silahlarla deyil, həm də belə vətənpərvər, qorxmaz və fədakar hərbçilərlə ölçülür. Rüfət Əsgərov da məhz həmin qəhrəman əsgər və zabitlər nəslinin nümayəndəsi idi. O, hər zaman döyüş yoldaşlarına nümunə göstərilən, çətin məqamlarda iradəsini itirməyən və üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirən insan kimi tanınmışdır.

Suqovuşandan Ağdərəyə: Qəhrəmanlıq dastanı və şəhadət

2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı üçün başlayan Vətən müharibəsi mayor Rüfət Əsgərovun illərlə möhkəmlənən kəşfiyyatçı ruhunu döyüş meydanında nümayiş etdirmək üçün fürsət oldu. O, cəbhənin ən qaynar nöqtələrinə atıldı - Suqovuşanın azadlığı uğrunda, Ağdərə istiqamətində gedən amansız döyüşlərdə düşmənin kabusuna çevrildi. Rüfət Vətən torpaqlarının müdafiəsi naminə silahdaşları ilə birlikdə düşmənin məkrli planlarının qarşısını almaq üçün mübarizə aparırdı. Həmin anlarda onun üçün ən vacib məsələ dövlət sərhədlərinin, xalqın təhlükəsizliyinin və Azərbaycan bayrağının şərəfinin qorunması idi. Əsl qəhrəmanlıq insanın təhlükə qarşısında nümayiş etdirdiyi iradə və cəsarətdə özünü göstərir. Rüfət Əsgərov da son döyüşündə məhz bu keyfiyyətləri nümayiş etdirdi. O, ən çətin anlarda belə geri çəkilmədi, qorxmadı və son nəfəsinədək döyüş tapşırığını yerinə yetirdi. Şəxsi şücaəti ilə işğalçı ordunun 24-dən çox canlı qüvvəsini məhv etdi. Düşmənin strateji əhəmiyyətli üç postunun ələ keçirilməsində misilsiz igidlik göstərdi. Döyüş meydanında əsl dastana çevrilən kəşfiyyatçı mayor Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində gedən ağır döyüşlərin birində arzuladığı ən ali zirvəyə - Şəhidlik zirvəsinə ucaldı. Onun müqəddəs nəşi Bakı şəhərindəki II Fəxri Xiyabanda torpağa tapşırıldı.

Rüfət Əsgərovun Vətən qarşısındakı fədakar xidmətləri, göstərdiyi misilsiz qəhrəmanlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Rüfət Mürvət oğlu Əsgərov ölümündən sonra və xidmət illərində aşağıdakı orden və medallara layiq görüldü: "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı, Suqovuşanın azad olunmasına görə" medalı, "Hərbi xidmətlərə görə" medalı, "Qüsursuz xidmətə görə" I, II və III dərəcəli medalları, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 illiyi və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları.

Əbədi ehtiram

Bu gün Azərbaycanın hər qarış azad torpağında, dalğalanan üçrəngli bayrağımızda, təhlükəsiz və firavan həyatımızda Rüfət Əsgərov kimi qəhrəmanların payı var. Onların göstərdiyi igidlik və fədakarlıq gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Şəhidlərimizin həyat yolu gənclərimizə öyrədir ki, Vətən hər şeydən uca və müqəddəsdir. Dövlətin müstəqilliyi, xalqın təhlükəsizliyi və torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmaq ən ali vəzifədir. Rüfət Əsgərov da bu müqəddəs missiyanı şərəflə yerinə yetirən qəhrəmanlardan biri oldu. Bu gün onun ailəsi, doğmaları və silahdaşları Rüfət Əsgərovu böyük qürur hissi ilə xatırlayırlar. Çünki o, arxasında şərəfli ömür yolu, qəhrəmanlıq nümunəsi və unudulmaz xatirə qoyub. Onun adı Azərbaycanın qəhrəmanlıq tarixində daim yaşayacaq. Rüfət Əsgərovun göstərdiyi şücaət bir daha sübut edir ki, Azərbaycan xalqı hər zaman öz dövlətini, torpağını və milli dəyərlərini qorumağa qadir olan igid oğullar yetişdirib. Bu qəhrəmanlar sayəsində Azərbaycan bu gün güclü, müstəqil və qalib dövlətdir.

Allah şəhid Rüfət Əsgərova rəhmət eləsin. Ruhu şad, məqamı uca olsun. Azərbaycan xalqı onun kimi qəhrəman oğulların xatirəsini daim yaşadacaq və onların müqəddəs amalına hər zaman sadiq qalacaq.

Sevinc Azadi, “İki sahil”