Gürcüstanın Acarıstan Muxtar Respublikasında İnterpolun Qırmızı Xəbərdarlıq sistemi ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq axtarışa verilmiş şəxsi saxlayıblar.
Həmin şəxs xuliqanlıq və özgənin əmlakına qəsdən ziyan vurmaqda ittiham olunur.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs Gürcüstan-Türkiyə sərhədində yerləşən Sarpi gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.