01 sentyabr 2026 10:14
194

Qida allergiyası, YOXSA QİDA HƏSSASLIĞI?

Qida məhsullarına qarşı yaranan reaksiyanın allergiya, yoxsa həssaslıq olduğunu müəyyənləşdirmək düzgün diaqnoz və sonrakı yanaşma baxımından böyük əhəmiyyət daşıyır. Bu reaksiyalar sadə həzm problemlərindən tutmuş tənəffüs prosesindəki çətinliyə qədər müxtəlif formalarda özünü göstərə bilər.

Hər hansı qidaya qarşı yaranan reaksiyanın allergiya, yoxsa qida həssaslığı, yəni intolerans olduğunu ayırd etmək vacibdir. Qida allergiyası ilə qida həssaslığı eyni anlayışlar deyil və onların yaranma mexanizmləri də fərqlidir. Belə ki, qida həssaslığı orqanizmin müəyyən qidalara mənfi reaksiya verməsi ilə xarakterizə olunur. Allergiyadan fərqli olaraq, bu zaman immun sistemi prosesə cəlb olunmur. Son dövrlərdə tez-tez müzakirə olunan laktoza və qlüten həssaslığı buna nümunədir. Qlüten həssaslığının çölyak xəstəliyi ilə qarışdırılmaması da vacibdir. Qida həssaslığı zamanı əsasən köp, mədədə narahatlıq, həzm problemləri, bəzi hallarda isə səpkilər və qaşınma müşahidə oluna bilər.

Mançester Universitetinin molekulyar allergiya üzrə professoru Kler Mills qida həssaslığı ilə bağlı bildirib ki, bu hallar adətən həyati təhlükə yaratmır, lakin insanın gündəlik həyatında müəyyən çətinliklərə səbəb ola bilər: “Qida allergiyası isə bəzi hallarda həyati təhlükəli nəticələrə gətirib çıxara bilər.

Qida allergiyasının geniş yayılmış növlərindən biri IgE vasitəçiliyi ilə yaranan allergik reaksiyadır. Bu zaman immun sistemi təhlükə kimi qəbul etdiyi qidalardakı müəyyən zülallara reaksiya verir. Allergenlə qarşılaşdıqda orqanizm immunoqlobulin E (IgE) adlanan anticisimlər istehsal edir. Bu isə bəzən bir neçə dəqiqə ərzində sürətlə inkişaf edən allergik reaksiyaya səbəb ola bilər.”

Professor Millsin sözlərinə görə, IgE anticisimləri normal şəraitdə orqanizmi parazitlərdən qorumağa xidmət edir. Lakin bəzi insanlarda bu anticisimlər polen və ya müəyyən qida məhsullarına qarşı da yaranır. Allergik reaksiya bəzi insanlarda yüngül keçsə də, digərlərində qısa müddətdə həyati təhlükəli vəziyyət yarada bilər. Hətta bəzi hallarda reaksiyanın başlaması üçün allergen məhsulun çox az miqdarı belə kifayət edir. Məhz bu səbəbdən qida məhsullarının qablaşdırılmasında “Tərkibində cüzi miqdarda yerfındığı ola bilər” kimi xəbərdarlıqlara rast gəlinir: “Qida allergiyasının əlamətlərini düzgün müşahidə etmək və vaxtında qiymətləndirmək vacibdir. Allergik reaksiyanın simptomları bəzi hallarda dərhal, bəzi hallarda isə daha gec ortaya çıxa bilər.

Əsas əlamətlər arasında xırıltılı tənəffüs, öskürək, nəfəs darlığı, xüsusilə üz, ağız və boğaz nahiyəsində şişkinlik, udmaqda çətinlik və ağızda qarışqa gəzməsi hissi yer alır. Səpkilər, dəridə qaşınma, ishal və qusma kimi əlamətlər isə qida həssaslığı ilə də oxşarlıq təşkil edə bilər. Bu səbəbdən dəqiq diaqnoz üçün mütəxəssis tərəfindən qiymətləndirmə aparılması vacibdir.”

London Kral Kollecinin uşaq allergiyası üzrə professoru Aleksandra Santosun sözlərinə görə, insanların qida allergiyasına sahib olduğunu düşünməsi, müayinə nəticəsində allergiyanın təsdiqlənməsi hallarından daha geniş yayılıb: “Bununla belə, nəfəs darlığı, boğazda şişkinlik və ya anafilaksiya əlamətləri müşahidə edilərsə, dərhal təcili tibbi yardıma müraciət olunmalıdır. Anafilaksiya allergenlə təmasdan sonra bir neçə dəqiqə ərzində inkişaf edə bilən, bütün orqanizmə təsir göstərən və həyati təhlükə yaradan ən ağır allergik reaksiyalardan biridir.

Uşaqlarda qida allergiyası kifayət qədər geniş yayılıb. İnək südü, yumurta, yerfındığı, müxtəlif çərəzlər və küncüt allergiyaya daha çox səbəb olan qidalar sırasındadır. Bəzi uşaqlarda qida allergiyasının yaranma riski daha yüksək ola bilər. Xüsusilə ağır ekzema problemi olan azyaşlı uşaqlarda bu risk artır.”

Birləşmiş Krallığın Allergiya Fondunun klinik xidmətlər üzrə rəhbəri Amena Uornerin sözlərinə görə, dərinin qoruyucu baryeri zədələndikdə allergenlər dəri vasitəsilə orqanizmə daxil ola və immun tolerantlıq formalaşmazdan əvvəl həssaslaşmaya səbəb ola bilər. Mütəxəssis əlavə edib ki, ekzema və yumurta allergiyası olan uşaqlarda yerfındığı allergiyasının yaranma riski də daha yüksək ola bilər.

Şahnigar Əhmədova, “İki sahil”