02 sentyabr 2026 18:45
145

Turizmin inkişafı üçün əsas infrastruktur artıq formalaşdırılıb

Ekspert: Qarşıya qoyulan hədəflər 2030-cu ilədək ölkənin turizm infrastrukturunun daha da təkmilləşdirilməsinə və şaxələndirilməsinə imkan verəcək

Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı ilə Azərbaycan turizminin qarşıdakı inkişaf istiqamətləri daha konkret şəkildə müəyyənləşdirilib. Proqramda turist axınının artırılması ilə yanaşı, turizm infrastrukturunun genişləndirilməsi, regionların potensialından daha səmərəli istifadə və sektora investisiyaların cəlb olunması kimi mühüm hədəflər qarşıya qoyulub.

Turizm eksperti Rəhman Quliyev "İki sahil"ə açıqlamasında bildirdi ki, 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramının Azərbaycanın turizm sektorunun inkişafında xüsusi rolu olacaq. Qarşıya qoyulan hədəflər 2030-cu ilədək ölkənin turizm infrastrukturunun daha da təkmilləşdirilməsinə və şaxələndirilməsinə imkan verəcək. Bu isə turizmlə əlaqəli bütün sahələrdə ciddi dönüş yarada, nəticə etibarilə Azərbaycana gələn turistlərin sayının artırılması üçün yeni imkanlar aça bilər.

Turizm üçün əsas baza artıq formalaşıb

Ekspert qeyd etdi ki, son illərdə dövlət tərəfindən həyata keçirilən infrastruktur layihələri turizmin inkişafı üçün mühüm baza formalaşdırıb. İstər işğaldan azad edilmiş ərazilərdə, istərsə də digər regionlarda yol infrastrukturunun yenilənməsi, ucqar yaşayış məntəqələrinə nəqliyyat əlçatanlığının artırılması, eləcə də yeni hava limanlarının tikilib istifadəyə verilməsi Azərbaycanın turizm potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan demək olar ki, ölkədə turizmin inkişafı üçün əsas infrastruktur imkanları formalaşdırılıb.

Turizmin davamlı inkişafı üçün ən vacib amillərdən biri də ölkədə ictimai-siyasi sabitliyin qorunmasıdır. Təhlükəsizlik və sabitlik turistlərin səyahət istiqaməti seçərkən diqqət yetirdiyi əsas meyarlardan biridir.

Dövlət Proqramı çərçivəsində mühüm məsələlərdən biri də Azərbaycana turist axınının artırılması üçün aşağıbüdcəli aviaşirkətlərin - loukosterlərin cəlb edilməsidir. Bu aviaşirkətlərin ölkənin müxtəlif regionlarına uçuşlarının təşkili həm nəqliyyat əlçatanlığını artıracaq, həm də aviabiletlərin qiymətlərinin daha münasib olmasına şərait yarada bilər.

Digər vacib istiqamət kadr hazırlığıdır. Turizm sektorunda tələbat artdıqca ixtisaslı kadrlara ehtiyac da yüksələcək. Bu baxımdan ali təhsil və peşə təhsili müəssisələrində turizm sahəsi üzrə kadr hazırlığının gücləndirilməsi, müxtəlif istiqamətlərdə təlimlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanı xarici turistə necə göstəririk?

R. Quliyev vurğuladı ki, Azərbaycan turizminin inkişafı üçün marketinq və beynəlxalq təşviqat fəaliyyətinin genişləndirilməsi də vacibdir. Azərbaycanın turizm imkanlarının xarici bazarlarda daha fəal tanıdılması, reklam və təbliğat kampaniyalarının genişləndirilməsi turist axınının artırılmasına müsbət təsir göstərə bilər. Bu istiqamətdə həyata keçirilən təşviqat proqramlarının 2030-cu ilədək daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutula bilər.

Eyni zamanda, turizm sektoruna investisiyaların cəlb edilməsi və sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması mühüm məsələlərdəndir. Bu baxımdan turizm sahəsində fəaliyyət göstərən sahibkarlara və turizm operatorlarına müxtəlif dəstək mexanizmlərinin, o cümlədən subsidiya imkanlarının tətbiqi sektorda fəallığı artıra bilər. Xüsusilə Azərbaycana xarici turistlərin gətirilməsində turizm operatorlarının rolu böyükdür.

Turist üçün təkcə gəzmək yox, müalicə də səbəb ola bilər

Ekspertin sözlərinə görə, digər perspektivli istiqamətlərdən biri sağlamlıq və sanatoriya turizmidir. Azərbaycanda fəaliyyət göstərən sanatoriyaların imkanlarından daha səmərəli istifadə edilməsi ölkəyə gələn turistlərin qalma müddətinin uzadılmasına şərait yarada bilər. Müalicə məqsədilə həyata keçirilən səfərlər adətən qısamüddətli olmur və turistlərin ölkədə daha uzun müddət qalmasına səbəb olur. Bu isə onların xərclərinin artmasına və nəticə etibarilə turizmin ölkə iqtisadiyyatına daha böyük töhfə verməsinə imkan yaradır.

Kənd turizmi yerli sakin üçün də qazanc mənbəyidir

R. Quliyev sonda diqqətə çatdırdı ki, kənd və qonaq evlərinin turizm sisteminə daha geniş şəkildə inteqrasiyası da xüsusi əhəmiyyət daşıyır. Yerli sakinlərin öz evlərini turistlər üçün qonaq evi kimi təqdim etməsi onların əlavə gəlir əldə etməsinə və sosial rifahının yaxşılaşmasına şərait yarada bilər. Bununla yanaşı, kənd evlərinin qonaq evi kimi inkişaf etdirilməsi daha aşağı büdcəli turistlər üçün də səyahəti əlçatan edir.

Dünya təcrübəsi göstərir ki, kənd turizminin inkişafı birbaşa olaraq regionlarda yaşayan əhalinin iqtisadi fəallığının artmasına xidmət edir. Bu baxımdan kənd və qonaq evlərinin fəaliyyətinin daha geniş təşviq olunması həm yerli əhalinin sosial rifahına müsbət təsir göstərə, həm də Azərbaycanın turizm məhsullarının çeşidini və əlçatanlığını artıra bilər.

Nigar Orucova, "İki sahil"