31 avqust 2026 16:24
78

Mən fəxr edirəm ki, Heydər Əliyev azərbaycanlıdır!

Heydər Əliyevi digər siyasi xadimlərlə müqayisə etmək cəhdlərinin tez-tez şahidi oluruq. Bizim fikrimizcə, Heydər Əliyev tamamilə unikal şəxsiyyətdir və onunla bağlı aparılan tarixi paralellər həmişə dəqiq deyil. Gəlin onlardan bəzilərinə nəzər salaq.

Məsələn, Heydər Əliyevin “Görkəmli insanların həyatı” (“Хизнь замечательных людей”) silsiləsində nəşr olunmuş bioqrafiyasında müəllif onu Şarl de Qoll ilə müqayisə edir. Bəli, həqiqətən də hər iki dövlət xadimi 67 yaşında yenidən hakimiyyətə qayıtmışdı. Ancaq burada mühüm bir fərq var. Şarl de Qoll hakimiyyətə Fransanın Kolombe kəndində keçirdiyi beş illik sakit həyatından sonra qayıtmışdı. Həmin dövrdə o, məşhur “Hərbi memuarlar” əsəri üzərində çalışırdı. Heydər Əliyev isə, Yevgeni Primakovun təbirilə desək, «çox ağır infarkt»dan, o dövrün sovet rəhbərliyinin təqiblərinə məruz qaldıqdan sonra siyasətə qayıtdı. Onun sakit və qayğısız keçən beş ili olmamışdı.

67 yaşında bütün iradəsini və həyat gücünü səfərbər edərək o, formalaşmış dövlət idarəetmə sisteminə malik, güclü müttəfiqləri olan, dünyanın aparıcı ölkələrindən birinə rəhbərliyə gəlmədi. O, yeni müstəqillik qazanmış, xarici təcavüzə məruz qalmış və daxili ziddiyyətlər içərisində olan zəif bir respublikanı idarə etməyi öz üzərinə götürdü.

Bəzən Heydər Əliyevi Uinston Çörçill ilə də müqayisə edirlər. Uinston Çörçill Marlboro hersoqlarının ailə malikanəsində dünyaya gəlmişdi. Onun atası — Marlboro hersoqunun oğlu lord Rendolf Çörçill tanınmış siyasətçi və İcmalar Palatasının üzvü idi. Anası isə varlı amerikalı iş adamının ailəsində doğulmuşdu.

Heydər Əliyev isə keçmiş imperiyanın ucqar bölgəsində, sadə bir zəhmətkeş ailəsində dünyaya göz açmışdı. Bu nəhəng dövlətdə sayca böyük olmayan bir millətin nümayəndəsi kimi o, yalnız şəxsi keyfiyyətləri, bacarığı və iradəsi sayəsində 53 yaşında həmin dövləti idarə edən şəxslərdən biri oldu.

Üstəlik, Uinston Çörçill minillik dövlətçilik ənənələrinə malik böyük bir dövləti xilas edirdi. Heydər Əliyev isə müstəqilliyinə təzəcə qovuşmuş bir dövləti həm xilas etdi, həm də tamamilə yenidən qurdu. Fikrimizcə, fərqlər kifayət qədər aşkardır.

«Brejnevin dəfnindən sonra, – deyə Heydər Əliyev xatırlayırdı, – Andropovla təkbətək görüşdük. O mənə dedi: “Sənə ehtiyacım var, istəyirəm ki, Moskvada işə başlayasan”. Mən, əvvəllər Brejnevə dediyim kimi, Yuri Vladimiroviçə də imtina cavabı verdim. Özümü Azərbaycansız təsəvvür edə bilmirdim, doğma və sevimli yurdumdan ayrılmaq istəmirdim. Lakin Andropov etiraz edərək təbəssümlə dedi: “Azərbaycan artıq sənə darlıq edir”. Mən yenidən etiraz edəndə isə o, bu dəfə daha qətiyyətlə təkid etdi: “Sən bütün İttifaq üçün lazımsan. Azərbaycan artıq sənin üçün kiçikdir, Heydər”.»

Oxşar sözləri Makedoniya hökmdarı II Filipp vaxtilə oğlu Makedoniyalı İsgəndərə demişdi. Plutarxın yazdığına görə, Filipp belə deyibmiş: «Özünə layiq bir səltənət axtar, oğlum, çünki Makedoniya sənin üçün həddindən artıq kiçikdir!»

İsgəndər miqyasına görə nəhəng bir imperiya yaratdı. Lakin bu imperiya onun cəmi 32 yaşında vəfat etməsindən dərhal sonra dağılmağa başladı. Heydər Əliyevin isə bütün İttifaq miqyasında qurub-yaratdığı sistem dağılmırdı. İlk növbədə ona nəqliyyat sahəsi həvalə olundu ki, burada qayda-qanun yaratsın. Bundan başqa, onun məsuliyyət dairəsinə maşınqayırma, yüngül sənaye, mədəniyyət və təhsil sahələri də daxil idi.

Heydər Əliyev bu vəzifələrlə yanaşı, Sovet İttifaqının İslam dünyası ölkələri ilə əlaqələrini də kurasiya edir, mühüm diplomatik missiyalarla Misir, Liviya, Pakistan, İordaniya və İraqa səfərlər edirdi. Ona etibar edilən fəaliyyət istiqamətlərinin genişliyi bu şəxsiyyətin qeyri-adi potensialını və çoxşaxəli idarəçilik bacarığını aydın şəkildə nümayiş etdirir.

SSRİ Nazirlər Soveti sədrinin müavini Vladimir Qusev həmin illəri belə xatırlayırdı:

«Mən onu, necə deyərlər, iş başında görmüşəm. O, müstəsna təşkilatçılıq qabiliyyətinə malik insan idi. Tapşırıqlarının icrasına görə çox ciddi tələbkarlıq göstərirdi. Bu gün hər addımda rast gəldiyimiz nəzarətsizlik məni özümdən çıxarır. Heydər Əliyeviçdə isə belə hallara yer yox idi. Baykal–Amur magistralının inşaatçıları bu gün də Heydər Əliyevin onlardan necə ciddi tələb etdiyini xatırlayırlar. Bəzi rəhbərlərdən fərqli olaraq, o, kabinetində oturmağı sevmirdi. Müntəzəm olaraq bölgələrə gedir, işlərin gedişi ilə yerində tanış olurdu. Fəhlələrlə, mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq, vəziyyəti yerində öyrənmək Əliyevin iş üslubunun ayrılmaz hissəsi idi».

Heydər Əliyevin iş üslubu haqqında onun nəqliyyat məsələləri üzrə köməkçisi Vladimir Sergeyeviç Uxov da maraqlı xatirələrini bölüşüb:

«Volqada, qəzaya uğramış “Aleksandr Suvorov” gəmisinin yanında (1983-cü ildə “Aleksandr Suvorov” sərnişin teploxodu tam sürətlə körpünün gəmi keçidi üçün nəzərdə tutulmayan aşırımına çırpılmış, nəticədə çoxsaylı insan tələfatı ilə nəticələnən faciə baş vermişdi. – müəllifin qeydi) mən bir daha anladım ki, onun xarakteri böhranlı vəziyyətlərdə daha dolğun şəkildə üzə çıxır. Elə məqamlarda ki, insan iradəsini, hisslərini və düşüncəsini bir yumruqda toparlayıb hərəkətə keçməlidir – ağılla, sərt və qətiyyətlə. Hətta mənə elə gəlir ki, sakit və adi iş şəraitində Heydər Əliyev bir qədər sıxılırdı. Belə dövrlərdə onun tükənməz enerjisi çıxış yolu axtarır və o, özünü axşam saat doqquz-onadək fasiləsiz işə həsr edirdi».

Bu iş üslubu ömrünün son günlərinədək dəyişməz qaldı. Vladimir Qusev fikrini belə davam etdirirdi:

«O, səksən yaşınadək öz dinamizmini qoruyub saxladı və ölkəyə inamla rəhbərlik etdi. Azərbaycan iqtisadiyyatının bir sıra strateji sahələri dövlətin nəzarətində saxlanıldı ki, bu da ölkənin səmərəli idarə olunmasına imkan verdi. Belə idarəetmə vasitələri (rıçaqları) olmadan dövləti idarə etmək mümkün deyil. Bütün bunlar mənə heç bir tərif və ya yaltaqlıq məqsədi güdmədən deməyə əsas verir: O, həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın həqiqətən böyük miqyaslı dövlət və siyasi xadimi idi».

Tarixi paralellər mövzusuna qayıdaraq qeyd etmək olar ki, bəziləri Napoleon Bonapartı misal gətirə bilər. Axı o da böyük Fransanın ucqarından idi və etnik fransız sayılmırdı. İlk baxışdan müəyyən oxşarlıqlar görünə bilər. Bəli, bununla razılaşmaq olar. Lakin bəşər tarixinin ən böyük şəxsiyyətlərindən biri hesab olunan Napoleonu böyük siyasət sonda məhv etdi. Eyni tale Heydər Əliyevi də gözləyə bilərdi.

Heydər Əliyevin istefasından sonra Miçurinski prospektində yerləşən xəstəxanada onunla görüşünü SSRİ Nazirlər Soveti sədrinin müavini Yuri Petroviç Batalin belə xatırlayırdı:

«Həmişə olduğu kimi, səmimi salamlaşdıq, söhbətə başladıq. O vaxt Heydər Əliyeviçin səhhəti yaxşı görünmürdü – xeyli arıqlamış, olduqca taqətdən düşmüş təsiri bağışlayırdı. Bir qədər kənara çəkilib əyləşdik. O zaman o, yaddaşımdan heç vaxt silinməyən bir cümlə dedi. Sözbəsöz təkrarlaya bilmərəm, amma mənası belə idi: “Sonda məni məhv edə bilmədilər. Sağ qala bildim. İndi isə bu vəziyyətdən də çıxacağam”.»

Və o, bu sınaqdan qalib çıxdı. Qalib çıxmaqla yanaşı, hamıya dövlətin necə idarə olunmalı olduğunu da öz nümunəsi ilə göstərdi. General Vaqif Axundov xatırlayırdı:

«1993-cü ildən sonrakı bütün illər ərzində o, bir dəfə də olsun məzuniyyətə çıxmadı. Gündəlik iş rejimini də heç vaxt dəyişmədi. Səhər saat 8-də səhər yeməyi yeyirdi, saat 10-a yaxın işə gəlirdi. Nahar etmirdi. Bütün günü görüşlər, söhbətlər, sənədlər, telefon danışıqları və məktublarla keçirdi».

Sovet və Rusiya jurnalisti Viktor Andriyanov isə 2002-ci ildə Heydər Əliyevin Rusiya Federasiyasına səfərini belə təsvir edir:

«Səfər artıq başa çatmaq üzrə idi. Bu, son dərəcə gərgin keçən üç günün yekun tədbiri idi və geniş mətbuat konfransından dərhal sonra keçirilirdi. Prezidentin bir qədər arıq çöhrəsində zərrə qədər də yorğunluq hiss olunmurdu. Adam heyrətlənirdi ki, səksən yaşına az qalmış bir insan belə ağır iş yükünə necə tab gətirə bilir».

Dövlətin rəhbər vəzifələrində çalışan hər bir insan üzərinə düşən ağır məsuliyyətin öhdəsindən layiqincə gəlirsə, xalq özünü xoşbəxt saya bilər. Dövləti idarə etmək böyük zəhmət, yüksək məsuliyyət və fədakarlıq tələb edir. Xüsusilə vurğulamaq lazımdır ki, xatirələrdən də məlum olduğu kimi, Heydər Əliyev bu yüksək vəzifələrin heç birinə can atmamış, ona edilən təkliflərin hər birindən əvvəlcə imtina etmişdir.

Fransız yazıçısı Stendalın belə bir fikri var: «Əgər insan nazir olmaq üçün həddindən artıq can atırsa, sonda nazir olacaq və məhz bu da onun cəzası olacaq».

Sovet və Azərbaycan xalqları üçün böyük xoşbəxtlik ondan ibarətdir ki, Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və nəhayət, Azərbaycan Respublikasının Prezidenti kimi ən yüksək məqamları vəzifə hərisi olan biri deyil, ömrünün hər anını Vətəninə və xalqına xidmətə həsr edən Heydər Əliyev tutmuşdur.

Yuxarıda deyilənlərdən də göründüyü kimi, mənim üçün Heydər Əliyevlə işləmək və ünsiyyətdə olmaq imkanı qazanmış insanların xatirələri hər zaman xüsusi maraq doğurub. Hələ uşaqlıq illərində dayım Aslan Məmmədlinin Bakı Dövlət Universitetində tələbə olarkən Heydər Əliyevlə görüşü barədə xatirələrini dinləmişəm. 2003-cü ilin dekabrında Bakı Slavyan Universitetinin professoru Aslan Məmmədli həmin görüşlə bağlı universitetin «Tələbə dünyası» qəzetində məqalə dərc etdirmişdi. Hesab edirəm ki, həmin kiçik yazını burada heç bir ixtisar etmədən təqdim etmək yerinə düşər:

«Heydər Əliyevlə 1977-ci ildə görüşmüşdüm. Həmin vaxt mən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi idim və əla qiymətlərlə oxuyurdum. İkinci kurs tələbəsi olmağıma baxmayaraq, məni adlı təqaüdə təqdim etdilər. Halbuki o dövrdə qüvvədə olan qaydalara əsasən, belə təqaüdlər yalnız üçüncü kursdan etibarən verilirdi. Bu məsələ ən yüksək səviyyədə – nazirlikdə və Azərbaycan KP MK-nın şöbələrindən birində həll olunurdu. O dövrün rəhbərliyinin məsələyə obyektiv yanaşmasının göstəricisi o idi ki, universitet rektorunun təklifi dəstəkləndi. Sonra məni və daha bir neçə adlı təqaüdçünü Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə görüşə apardılar. Aydın idi ki, bizimlə görüşmək qərarını şəxsən Heydər Əliyev vermişdi. Çünki onun maraq göstərmədiyi heç bir görüşü heç kəs ona təklif edə bilməzdi.

Gənclərlə görüşlər bu insanın həyatında hər zaman xüsusi yer tuturdu. 1977-ci ilin yazında Heydər Əliyevlə indiki Azərbaycan Respublikası Nazirlər Kabinetinin binasında görüşmüşdük. Bizə elə gəldi ki, görüş çox tez keçdi. Sonradan məlum oldu ki, Heydər Əliyev bizimlə təxminən iki saat söhbət edibmiş. Hər şey o qədər təsirli idi ki, hamımız özümüzü xüsusi bir ruh yüksəkliyi içində hiss edirdik.

Qarşımızda hündürboylu, yaraşıqlı, qüvvətli, ağıllı və enerjili simaya malik bir insan dayanmışdı. Onun iri yaşıl gözlərində sanki hər kəsi anlayan dərin bir müdriklik oxunurdu. Hər birimizə elə gəlirdi ki, o, məhz səninlə danışır. Baxışlarımız qarşılaşanda isə aramızda tam qarşılıqlı anlaşmanın yarandığını hiss edirdik.

Həyatımda bu, atamdan sonra ikinci insan idi ki, kişinin leksikonunda «bacarmıram», «alınmayacaq», «bunu indiyədək heç kim bacarmayıb» kimi ifadələrin olmamalı olduğunu sarsılmaz daxili inamla söyləyirdi.

Nədənsə, həmin görüş məndə müxtəlif xalqların tarixində böyük yüksəliş və yenilikçilik dövrlərini – Napoleon müharibələrini, Rusiyadakı Pyotr islahatlarını xatırlatdı. Bu insanda elə bir güc, iradə, yüksək ruh və coşqu var idi ki, hamımız onun yaşadığı hisslərin təsiri altına düşmüşdük. Zaldakı ab-hava sanki elektriklənmişdi, Heydər Əliyevin mənəvi enerjisi hər birimizə sirayət etmişdi.

O, hamımıza hədiyyələr təqdim etdi. Mənə isə kitablar və radioqəbuledici bağışladı. Onunla vidalaşıb ayrılarkən hamımızın qəlbində böyük işlər görmək, ömrümüzün hər anını Vətənimizin rifahına həsr etmək arzusu yaranmışdı. Bu insanın 26 il əvvəl verdiyi mənəvi təkan bu gün də mənim üçün öz gücünü itirməyib.

Biz çox vaxt həyatı özümüz üçün ən dəyərli olan meyarlarla qiymətləndiririk. Mənim həyatımın ən gözəl dövrü tələbəlik illərim olub. Azərbaycan xalqının keçdiyi tarixi yola nəzər saldıqda Heydər Əliyevin ölkəmizdə təhsil və maarif sahəsində gördüyü işlərin əsl miqyasını daha aydın dərk edirəm.

Övladlarına yaxşı təhsil verməyi bacaran valideynlər özlərini xoşbəxt hesab edir, bununla valideynlik borclarını əsasən yerinə yetirdiklərini düşünürlər. Bu, həqiqətən də belədir. Heydər Əliyev uzun illər ərzində israrla çalışaraq azərbaycanlı gənclər üçün Sovet İttifaqının ən nüfuzlu ali məktəblərində, o cümlədən ən nadir ixtisaslar üzrə təhsil yeri ayrılmasına nail olurdu.

Bunun nəticəsində yüzlərlə azərbaycanlı respublikadan kənarda yüksək səviyyəli təhsil almaq imkanı qazanırdı. Eyni zamanda, Moskva, Leninqrad və Kiyevə təhsil almağa gedən gənclər burada qəbul müsabiqəsində iştirak etmədikləri üçün, Azərbaycanın ali məktəblərinə qəbulda, daha yumşaq rəqabət şəraitində, hər il yüzlərlə abituriyent müvəffəqiyyət qazanırdı. Beləliklə, XX əsrin sonlarına doğru Azərbaycanda, bir tərəfdən nadir ixtisaslar üzrə minlərlə yüksək ixtisaslı mütəxəssis yetişmişdi, digər tərəfdən isə ali təhsilli insanların sayı gözləniləndən xeyli, demək olar ki, iki dəfə çox idi.

Deyirlər ki, tək əldən səs çıxmaz. Dünyada belə hesab edirlər. Ancaq Azərbaycan xalqının tarixi bunun əksini sübut edir. Xalqımızın tarixində elə şəxsiyyətlər olub ki, təkbaşına böyük işlər görüblər, möcüzələr yaradıblar.

Uşaqlıqda elə düşünürdüm ki, bütün yaxşı insanlar azərbaycanlıdır. İnsan böyüdükcə ətrafında xoşagəlməz halların da az olmadığını görür. Elə insanlar var ki, onlara baxanda yaşamaq həvəsin azalır. Elələri də var ki, onları düşündükcə insanın böyük işlər görmək, mümkünsüz görünəni mümkün etmək arzusu yaranır.

Mən fəxr edirəm ki, Heydər Əliyev azərbaycanlıdır.»

Bunu bir daha demək istəyirəm: Mən fəxr edirəm ki, Heydər Əliyev azərbaycanlıdır!

Fərhad Hüseynov,
​Siyasi elmlər üzrə fəlsəfə doktoru