07 sentyabr 2026 19:20
107

Türk Dövlətləri Təşkilatı: müasir nizamın yeni qütbü

Rəsmi Bakının fəal təşəbbüsləri sayəsində təşkilat son illərdə sürətli inkişaf yolu keçərək, regional məsləhətləşmə platformasından qlobal geosiyasi proseslərə birbaşa təsir etmək gücünə malik nüfuzlu təşkilata çevrilmişdir

Müasir beynəlxalq münasibətlər sistemində regional sabitliyin saxlanılması və milli maraqların qorunması dövlətlərdən çevik, həm də uzaqgörən xarici siyasət kursu tələb edir. Bu baxımdan, Azərbaycan Respublikasının yürütdüyü diplomatiya öz unikallığı ilə seçilir. Ölkəmiz bir tərəfdən yerləşdiyi mürəkkəb coğrafiyada qonşuları ilə dinc, qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa söykənən yanaşı yaşama prinsipini qoruyur, digər tərəfdən isə Türk dünyasının institusional inteqrasiyasına — Türk Dövlətləri Təşkilatının (TDT) qlobal güc mərkəzinə çevrilməsinə öncüllük edir. Cənubi Qafqazın aparıcı dövləti kimi Bakı, regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olunmasında maraqlıdır. Nəqliyyat-kommunikasiya xətlərinin açılması, Orta Dəhliz layihəsinin reallaşdırılması və regional iqtisadi layihələr göstərir ki, Azərbaycan üçün qonşularla dinc yanaşı yaşamaq təkcə siyasi bəyanat deyil, həm də konkret iqtisadi və təhlükəsizlik tərəfdaşlığıdır. Rəsmi Bakının fəal təşəbbüsləri sayəsində Türk Dövlətləri Təşkilatı son illərdə sürətli inkişaf yolu keçərək, regional məsləhətləşmə platformasından qlobal geosiyasi proseslərə birbaşa təsir etmək gücünə malik nüfuzlu təşkilata çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" çağırışı rəsmi Bakının strateji hədəflərini aydın şəkildə nümayiş etdirir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və müşahidəçi üzv Macarıstan bu təşkilat çərçivəsində vahid strateji ailə kimi hərəkət edir. Ölkəmiz TDT-nin institusional bazasının möhkəmləndirilməsi, birgə sərmayə fondlarının yaradılması və hərbi-strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir. Türk dövlətlərinin vahid güc kimi çıxış etməsi təkcə bu xalqların təhlükəsizliyinə və rifahına xidmət etmir, həm də Avrasiya məkanında güc nisbətinin və balansın qorunmasına töhfə verir.

Dövlət Başçıları Şurasının Zirvə görüşləri təşkilatın ən ali qərarqəbul-edici mexanizmidir. Zirvə toplantıları həm növbəti (rəsmi), həm də qeyri-rəsmi (və ya fövqəladə) formatda keçirilir. 2025-ci ilin 6-7 oktyabr tarixlərində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü Türk dünyasının inteqrasiyasında yeni bir strateji mərhələnin əsasını qoydu. "Regional Sülh və Təhlükəsizlik" devizi altında baş tutan bu mötəbər tədbir, təşkilatın yalnız mədəni-iqtisadi platforma deyil, həm də qlobal geosiyasi güc mərkəzinə çevrildiyini nümayiş etdirdi. Belə ki, görüşün yekununda imzalanan tarixi sənəd üzv dövlətlərin xarici siyasət, təhlükəsizlik, müdafiə sənayesi və iqtisadiyyat sahələrində vahid mövqedən çıxış etmə iradəsini rəsmiləşdirdi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə TDT üzvü olan ölkələrin təhlükəsizlik və müdafiə imkanlarının artırılması, birgə hərbi təlimlərin keçirilməsi mexanizmləri diqqət mərkəzində saxlanıldı. Təşkilatın coğrafi və siyasi əhatə dairəsini genişləndirmək, digər regional və qlobal tərəfdaşlarla əməkdaşlığı sistemləşdirmək üçün yeni qərar qəbul edildi. Həmçinin, Avrasiya nəqliyyat şəbəkəsinin əsas halqası sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ötürücülük qabiliyyətinin artırılması və tranzit prosedurlarının rəqəmsallaşdırılması prioritet vəzifə kimi təsdiqləndi.

Türk Dövlətləri Təşkilatının növbəti əsas (13-cü) Dövlət Başçıları Şurasının Zirvə Görüşünün bu ilin oktyabr ayının sonlarında, xüsusən Türkiyə Cümhuriyyətinin Gününə (29 Oktyabr) təsadüf edəcək şəkildə Türkiyədə keçirilməsi planlaşdırılır. Sammit çərçivəsində liderlərin həm Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü tədbirlərində, həm də TDT-nin geniş tərkibli strateji iclaslarında iştirakı nəzərdə tutulur. Türkiyənin "Milliyet" qəzetinin TDT-nin 30 oktyabrda baş tutacaq Zirvə görüşü ilə bağlı məqaləsində qeyd olunub ki, TDT ölkələri 6 dövlət və bir millət olaraq ortaq bazara keçid, gömrük ittifaqı, pasportsuz səyahət, ortaq Muzey Kartı tətbiqi, əlifba birliyi və ortaq hərbi, təhlükəsizlik əməkdaşlığı istiqamətində axtarışlar aparırlar: "Məqsəd dövlətlərin müstəqilliyini qoruyaraq qlobal güc mərkəzləri qarşısında güclü Türk Dünyası Bloku yaratmaqdır. Fərqli təhdidlərlə mübarizə aparan 6 ölkənin vahid xarici siyasət formalaşdırması çətindir. Lakin çoxşaxəli siyasətlərdən hər kəs üçün fayda əldə etmək mümkündürmü? Bu, üzərində düşünülməli və düşünülən bir məsələdir. Bunlar siyasətin gündəmində olan mövzulardır. Lakin məsələnin digər tərəfi də xalqların bir-biri ilə yaxınlaşması, bir-birini tanımasıdır. Əslində, ən vacib olan da budur".

Qəzetdə dərc olunan yazıda TDT ölkələrinin bir vaxtlar sovetlərin parçası olduğu zaman sözügedən ölkələrdə baş verənlərə toxunulub. Yazıda Azərbaycan ədəbiyyatının və fikir dünyasının simvolik simaları olan şair Mikayıl Müşfiq, yazıçı-dramaturq Hüseyn Cavid, himnin müəllifi Əhməd Cavad, tarixçi və dilçi Vəli Xuluflu kimi minlərlə ziyalının güllələndiyi və ya repressiyaya məruz qaldığı vurğulanıb: "Bu dövrdə Azərbaycanda təxminən 70-100 min insan repressiyaların qurbanı olub. "Böyük təmizləmə" illərində - 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına keçid dəstəkləndi. Lakin Türkiyənin də latın əlifbasına keçməsindən sonra Moskva təşvişə düşdü və Türkiyə ilə əlaqələri kəsmək məqsədilə 1939-cu ildə Kiril əlifbasına məcburi keçidi tətbiq etdi". Məqalədə həmçinin qeyd edilib ki, Azərbaycanla Naxçıvanı birləşdirən və Türkiyə ilə birbaşa quru əlaqəsini təmin edən Zəngəzur bölgəsi sovet rəhbərliyi tərəfindən Ermənistana verildi: "Beləliklə, Türk dünyasının coğrafi bütövlüyü fiziki olaraq parçalandı". O da vurğulanıb ki, xarici işlər nazirləri 29 oktyabrda, 30 oktyabrda isə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü üçün dövlət başçıları Ankarada olacaqlar.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının təməli 2009-cu il oktyabrın  3-də Naxçıvan şəhərində baş tutan sammitdə qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən həmin tarixi toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət rəhbərləri "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişini imzalayaraq yeni bir qurumun yaradılmasını rəsmiləşdiriblər. Ötən müddət ərzində strukturun təşkilati formalaşması sürətlənib, əlaqələrin hüquqi bazası gücləndirilib. 2021-ci ildə reallaşan İstanbul Sammitində qurumun adı rəsmi şəkildə Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib. Bununla türk respublikalarının əməkdaşlığı ilk dəfə olaraq vahid beynəlxalq təşkilat çərçivəsində sistemli xarakter alıb. Beləliklə, TDT lokal platforma çərçivəsindən çıxaraq, qlobal miqyasda geosiyasi və geoiqtisadi çəkisi olan nüfuzlu beynəlxalq instituta çevrilib.

Sevinc Azadi, “İki sahil”