10 sentyabr 2026 12:15
86

Uşaq məktəbə getmək istəmirsə...

Yeni dərs ilinin başlanması ilə uşaqlar üçün yeni mərhələ başlayır. Bununla belə, sinif, müəllim və yeni dostlarla tanışlıq bütün uşaqlarda eyni hissləri yaratmır. Bu hal xüsusilə aşağı sinif şagirdlərində müşahidə olunur.

Türkiyəli uşaq və yeniyetmə psixiatrı, həkim Elif Burcu Bağçelinin qənaətinə görə, məktəbə başlamaq uşaqlar üçün mühüm həyat dəyişikliyidir. Ailədən ayrılmaq, yeni mühitə daxil olmaq, fərqli qaydalara uyğunlaşmaq və yeni münasibətlər qurmaq uşaqlarda müxtəlif emosional reaksiyalara səbəb ola bilər. Mütəxəssis bildirir ki, tədris ilinin başlanması dövründə müəyyən səviyyədə narahatlıq yaşanması normaldır. Lakin uşaqlar öz hisslərini hər zaman açıq şəkildə ifadə etmirlər: "Məktəblə bağlı narahatlıq özünü müxtəlif formalarda göstərə bilər. Bunlara məktəbə getməkdən imtina etmək, müxtəlif bəhanələr gətirmək, səhərlər intensiv ağlamaq və narahatlıq, valideynlərdən ayrılmaq istəməmək, qarın ağrısı və ürəkbulanma kimi fiziki əlamətlər, yuxuya getməkdə çətinlik və özünəqapanma daxildir."

Bağçeli qeyd edir ki, uşaq “Məktəbə getmək istəmirəm” dedikdə valideynlərin “Bunda qorxacaq nə var?”, “Hamı məktəbə gedir, sən niyə getmirsən?” kimi ifadələr işlətmələri düzgün yanaşma deyil. Bu cür sözlər uşağın yaşadığı hisslərin başa düşülmədiyini düşünməsinə səbəb ola bilər. Onun sözlərinə görə, bunun əvəzinə uşağa proses qısa və aydın cümlələrlə izah edilməli, söhbət zamanı narahat və gərgin münasibət nümayiş etdirilməməlidir. Uşağın göstərdiyi səy isə müsbət ifadələrlə qiymətləndirilməlidir.

Valideynlər uşağın məktəbə uyğunlaşmasına necə kömək edə bilərlər?

Mütəxəssis valideynlərin bu dövrdə sakit, səbirli və ardıcıl davranmasının vacibliyini vurğulayır. O, hesab edir ki, uşağa məktəblə bağlı yaşına uyğun və real məlumat verilməlidir. Dərs ili ərəfəsində yuxu rejiminə tədricən keçmək, imkan daxilində məktəb binasını əvvəlcədən gəzmək və müəllimlə tanış olmaq uşağın qeyri-müəyyənlik hissini aradan qaldıra bilər. Bundan əlavə, məktəbə yola salınarkən vidalaşmanın da qısa, aydın və uşağa güvən verən formada olması tövsiyə edilir. Uşağın məktəbə getməsi, yeni mühitə uyğunlaşması və dostlar qazanması kimi addımları müşahidə edilməli və dəstəklənməlidir.

Bağçeli bildirir ki, ilk günlərdə qısamüddətli ağlamaq, valideyndən ayrılmaq istəməmək, səhərlər narahatlıq keçirmək və ya “Məktəbə getmək istəmirəm” demək öz-özlüyündə psixi pozuntu əlaməti deyil. Burada əsas məsələ bu reaksiyaların zaman keçdikcə azalıb-azalmaması, əlamətlərin şiddəti və davametmə müddəti, həmçinin uşağın gündəlik fəaliyyətinə nə dərəcədə təsir etməsidir.

Hansı halda mütəxəssisə müraciət edilməlidir?

Mütəxəssis vurğulayır ki, uşağın məktəbə uyğunlaşması bir anda baş verən proses deyil. Hər uşaq bu dövrü fərqli şəkildə keçirə bilər və bu, normaldır. Lakin narahatlıq əlamətləri güclənir, uzun müddət davam edir və uşağın gündəlik fəaliyyətinə ciddi şəkildə təsir göstərirsə, uşaq və yeniyetmə psixi sağlamlığı və x əstəlikləri üzrə mütəxəssisə müraciət etmək vacibdir.

Şahnigar Əhmədova, “İki sahil”