09 sentyabr 2026 20:02
79

Taliban ABŞ-nin tələbini rədd edib

Taliban hökuməti Əfqanıstanda 2021-ci ildə əvvəlki hökumətin süqutundan sonra qalmış ABŞ silahlarının və hərbi texnikasının geri qaytarılması ilə bağlı Prezident Donald Trampın tələbini yenidən rədd edib.

“İki sahil” “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Əbdülqəhhar Bəlxi açıqlayıb. O vurğulayıb ki, sözügedən texnika və silahlar artıq Əfqanıstan dövlətinin mülkiyyətidir və bu barədə hər hansı sövdələşmələr aparılmır. Bəlxi ABŞ-nin Əfqanıstanda apardığı müharibəni xatırladaraq, Vaşinqtonun ölkəyə vurduğu zərərə görə əvvəlcə özü “haqq-hesab verməli” olduğunu bildirib.

ABŞ-nin Müdafiə Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin avqustunda Talibanın nəzarətinə keçən əvvəlki Əfqanıstan ordusunun sərəncamında ABŞ-nin maliyyəsi ilə alınmış təxminən 7 milyard dollar dəyərində silah və hərbi texnika olub. Tramp Ağ Evə qayıtdıqdan sonra həmin silahların qaytarılmasını dəfələrlə tələb edib.