14 sentyabr 2026 15:12
74

Qazaxıstanda KTMT-nin təlimləri başlayıb

Qazaxıstandakı Koktal təlim poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Mərkəzi Asiya regionunun Kollektiv Sürətli Yerləşdirmə Qüvvələrinin iştirakı ilə təlimlərin aktiv fazası start götürüb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Təlimlərdə Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentləri, eləcə də KTMT-nin Birləşmiş Qərargahının və Katibliyinin əməliyyat qrupları iştirak edirlər.

Rusiya kontingentinin əsasını Mərkəzi Hərbi Dairənin 201-ci qvardiya hərbi bazasının hərbi qulluqçuları təşkil edir. İştirakçıların ümumi sayı təxminən 1500 nəfərdir, həmçinin 300-dən çox hərbi və xüsusi texnika, o cümlədən müxtəlif təyinatlı 115 ədəd pilotsuz uçuş aparatı cəlb olunub.

Təlimlərdə dağ-səhra ərazisi şəraitində döyüş tapşırıqlarının yerinə yetirilməsinə, eləcə də Mərkəzi Asiya regionunun Kollektiv Sürətli Yerləşdirmə Qüvvələrinin Qazaxıstanın sərhəd qoşunları və milli qvardiya bölmələri ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilir.