Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər üzrə mövcud vəziyyətlə bağlı məlumatlar nəzərdən keçirilib. Müraciətlər əsasən ailə-məişət münasibətləri, səhiyyə, məşğulluq, əmək pensiyaları və sosial rifahla bağlı məsələləri əhatə edib.
Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi ilə bağlı yerindəcə müvafiq addımların atılması imkanları nəzərdən keçirilib. Əlavə araşdırma tələb edən müraciətlərin isə aidiyyəti dövlət qurumları qarşısında qaldırılması və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi müəyyənləşdirilib.
Hicran Hüseynova bildirib ki, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşmaq, onların hüquq və qanuni mənafelərinin qorunmasına dəstək göstərmək fəaliyyətin mühüm istiqamətlərindən biridir.
Qeyd olunub ki, vətəndaşlarla birbaşa ünsiyyət onların gündəlik həyatında qarşılaşdıqları problemləri daha yaxından öyrənməyə, həmçinin qanunvericilik nəzarəti imkanları çərçivəsində bu məsələlərin həllinə töhfə verməyə imkan yaradır.