16 sentyabr 2026 10:00
114

İqtisadi böhran iddiası: FAKTLAR və MANİPULYASİYALAR

Son zamanlar REAL partiyasının Siyasi Komitəsinin üzvü İlqar Məmmədovun sosial şəbəkələrdə tez-tez ona yad olan iqtisadi mövzularda qərəzli və manipulyativ, səhvlərlə bol olan çıxışları müşahidə edilir. Sonuncu paylaşımınlarının birində isə İlqar Məmmədov (baxmayaraq ki, o ixtisasca iqtisadçı deyil) bir az da irəli gedərək Azərbaycan iqtisadiyyatında staqflyasiya, böhran olduğunu iddia edib:

"Staqflyasiyanın hər 3 parametri üzrə biz rəsmən iqtisadi böhrana giririk. Yeni Azərbaycan Partiyasının rəhbərliyi sayəsində"

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bir iqtisadçı üzvü olaraq bu iddialara aydınlıq gətirmək istərdim. İqtisadiyyat elmdir, rəqəmlərlə, iqtisadi savadla və məntiqlə danışmağı tələb edir, nəinki populist çıxışları. 

     Qeyd edim ki, mən bu yazıda əsasən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının hesabatlarına istinad edərək, iqtisadi təhlil aparacam. Çünki, peşəkar iqtisadi təhlil datalara və faktlara əsaslanmalıdır, ümumi sözlərə deyil.

Əvvəla, bütün İQTİSADÇILARA aydındır ki, staqflyasiyanın 3 mərhələsi (parametri) deyəndə eyni vaxtda İqtisadi Durğunluq (ÜDM artımının uzun illər 0%-ə yaxın olması), Yüksək İnflyasiya (10%-dən çox) və Ciddi İşsizlik (20%-dən yuxarı) başa düşülür. Gəlin indi, Məmmədovun iddialarına aydınlıq gətirək:

1) Məmmədov yazır ki, bu il Azərbaycanda illik ÜDM artımı 0% ətrafında olacaq. Halbuki, bu ilin 8 ayı ərzində ÜDM in artımı 1.2%, qeyri-neft-qaz ÜDM i 2.1%, qeyri-neft sənayesi 5.4%, nəqliyyat 8.7%, İKT 10%, əsas kapitala investisiyalar isə 10.7% artıb. Beynəlxalq Valyuta Fondu da bu ilin sonuna ÜDM artımını 0 deyil, 2.1% proqnozlaşdırıb. Yəni, onun iddia etdiyi kimi, durğunluq yoxdur.

2) Onun iddia etdiyi kimi, bu ilin 8 ayında inflyasiya 6.1% deyil, 5.7% olub. Üstəlik, bu göstərici Mərkəzi Bankın 4+-2%-lik diapazonu daxilindədir. Nəzərə alsaq ki, bu dövrdə ölkədə orta əmək haqqı 7.2% artıb, onda əhalinin real gəlirləri 1.4% artıb. Yəni, iddia edildiyi kimi, yüksək inflyasiya da yoxdur.

3) O iddia edir ki, ölkədə kütləvi işsizliyi ölkədən köç sübut edir. Əvvəla deyim ki, miqrasiya (olsa da belə) işsizliyin göstəricisi sayılmır. Dünya Bankının göstəricilərinə görə, Azərbaycanda işsizlik 5.5%, Gürcüstanda 12.1%, Ermənistanda isə 12.9%-dir. Üstəgəl, Dünya Bankının 2025 net miqrasiya göstəricilərində Azərbaycan + 8731 nəfər göstərir (yəni gələnlər gedənlərdən çoxdur). Yəni, iddia edildiyi kimi, kütləvi işsizlik də hesabatlarda öz təsdiqini tapmır. 

Bu iddiaların heç biri öz təsdiqini tapmadığı üçün, Azərbaycan iqtisadiyyatını "böhrana girir", "staqflyasiyadadır" kimi adlandırmaq SƏHVDİR və bu iddia DOĞRU DEYİL. 

"Böhran" adlandırılan iqtisadiyyatda Strateji valyuta ehtiyatlatı 15.7% artaraq 90.8 mlrd dollara çata, xarici dövlət borcu 7.8% azalaraq dünyada ən aşağı səviyyələrdən birinə düşə, büdcədə 3.7 mlrd manatlıq profisit yarana, əhalinin bank depozitləri 15.8%, kreditlər 12.9%, investisiyalar isə 10% arta bilməz. Yəni, Məmmədovun bu "iqtisadi" iddiaları doğru deyil.

Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan iqtisadiyyatı qarşısında olan çağırışlar (məhsuldarlığın artırılması, qeyri-neft sektorunun inkişafı, maliyyə dərinliyi, ixracın artırılması, biznes kreditlərinin payının artırılması, özəl investisiyaların artırılması və s)  hər zaman həm Milli Məclisdə, həm də Nazirlər Kabinetində geniş müzakirə edilir, heç kim bunları inkar etmit və hər il yeni addımlar da atılır. Elə bu günlərdə onun imzaladığı "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı" iqtisadiyyatın inkişafına mane olan amillərin aradan qaldırılmasına yönələn siyasi iradənin bariz nümunələrindən biridir. Əmin olun ki, Prezident cənab İlham Əliyevin iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını ciddi böhranlardan qoruyub və bundan sonra da qoruyaraq inkişaf etdirəcək. 

P.S. Bu yazını daha da uzun yazmaq olar, xeyli faktlar əlavə etmək olar. Amma Ilqar Məmmədov tərəfindən göstərilən bir çox faktlar və iddialar siyasi manupulyasiya və iqtisadi cəhətdən qeyri-peşəkar olduğundan onlara toxunmağa lüzum görmürəm. Məsələn, peşəkar iqtisadçılar heç vaxt ayrı-ayrı ölkələrdə olan maaşları  dollara çevirib, vergi, qiymət səviyyəsi, PPP, real əmək haqqı nəzərə alınmadan müqayisə etmirlər. Və ya, Cənubi Qafqazda Azərbaycan iqtisadiyyatının nisbi payının azalmasını iqtisadiyyatın kiçilməsi kimi təqdim etmək metodoloji manipulyasiyadır. Burda aşağı və yuxarı bazadan artma məntiqi var. Adambaşına bank vəsaiti ümümiyyətlə standart iqtisadi göstərici sayıla bilməz və s...

P.S.S. Bu yazı İlqar Məmmədovun şəxsinə qarşı deyil, məqsəd onun dediklərinin doğru olmadığını göstərməkdir. Partiyalar arasında siyasi dialoq mühitinin ruhuna uyğun olaraq ümid edirəm ki, o da bunu konstruktiv qəbul edəcək, doğruları öyrənəcək və növbəti çıxışlarında iqtisadiyyatdan, ona yad olan bir sahədən bir daha danışmayacaq. 

Ümumiyyətlə, fürsətdən istifadə edib, iqtisadçı olan və olmayan müxalifət və ya müstəqil şəxsləri dövlətin iqtisadi siyasəti ilə bağlı fikirlərində daha peşəkar olmağa, doğru metodologiyadan istifadə etməyə, rəqəmlərə doğru istinad etməyə və iqtisadi məntiqin ardıcıllığına söykənməyə çağırıram. 

Baxmaq gözün işi, Görmək isə ürəyin işidir… 

Tahir Mirkişili,

Milli Məclisin deputatı