Avropa İttifaqının Qarabağla bağlı açıqlamalarını qiymətləndirərkən diqqət edilməli olan ən mühüm məqam ondan ibarətdir ki, Cənubi Qafqazda artıq əvvəlki geosiyasi və hərbi-siyasi reallıq mövcud deyil. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi olmaqla yanaşı, faktiki olaraq münaqişə predmeti statusunu itirib. Bu reallıq beynəlxalq tərəfdaşların yanaşmalarında da nəzərə alınmalıdır.
Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərə strateji əhəmiyyət verir. Ölkəmiz Aİ-ni regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın mühüm tərəfdaşlarından biri kimi görür. Ona görə də Avropa institutlarının açıqlamalarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinin əsas götürülməsi xüsusilə vacibdir.
Bu baxımdan, Aİ-nin diqqətini keçmiş münaqişənin artıq geridə qalmış elementlərindən daha çox, postmünaqişə dövrünün quruculuğuna, Azərbaycan-Ermənistan sülh gündəliyinə və regional əməkdaşlığın inkişafına yönəltməsi daha konstruktiv yanaşma olardı.
Aİ bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini bildirir, digər tərəfdən isə Qarabağla bağlı müəyyən məsələləri gündəmdə saxlayır. Sual yaranır, bu yanaşma sülh prosesinə və regionda etimadın formalaşmasına necə təsir göstərə bilər? Əgər məqsəd Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsidirsə, beynəlxalq tərəfdaşların yanaşması da bu prosesə xidmət etməlidir.
Azərbaycan sülh prosesinə öz töhfəsini verib və verir. Vaşinqtonda əldə olunan razılaşmalar və sonrakı diplomatik proses Cənubi Qafqazda yeni səhifənin açılması üçün mühüm imkan yaradıb. Belə bir mərhələdə keçmiş münaqişənin ayrı-ayrı elementlərinin daim siyasi gündəmə gətirilməsi əvəzinə, tərəflərin əldə etdiyi razılaşmaların icrasına, qarşılıqlı etimadın gücləndirilməsinə və kommunikasiyaların açılmasına diqqət yetirilməsi daha faydalıdır.
Etimadın formalaşması yalnız Bakı və İrəvanın deyil, beynəlxalq vasitəçilərin də məsuliyyətli və balanslı mövqeyindən asılıdır. Aİ-nin hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edən, sülh sazişinin möhkəmlənməsinə yönəlmiş yanaşması regionda daha sağlam siyasi mühit yarada bilər.
Qarabağ məsələsinin beynəlxalq siyasi gündəmdə yenidən qabardılması müəyyən risklər yaradır. Menaqişədən sonrakı dövrdə siyasi ritorikanın düzgün seçilməsi olduqca vacibdir. Əgər artıq başa çatmış münaqişənin müəyyən elementləri beynəlxalq səviyyədə yenidən mübahisə predmeti kimi təqdim olunarsa, bu, Ermənistanda revanşist qüvvələrin öz mövqelərini əsaslandırmasına şərait yarada bilər. Bu, təkcə Azərbaycan-Ermənistan münasibətləri baxımından deyil, bütövlükdə regionun təhlükəsizliyi baxımından arzuolunmazdır. Cənubi Qafqazın gələcəyi yeni qarşıdurmalar üzərində deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı fayda prinsipləri üzərində qurulmalıdır.
Azərbaycanın mövqeyi aydındır: ölkəmiz sülhə, sabitliyə və regional əməkdaşlığa hazırdır. Lakin sülhün möhkəmlənməsi üçün keçmişə qayıtmaq deyil, gələcəyə baxmaq lazımdır. Ermənistan cəmiyyətində də yeni reallıqların qəbul olunması, revanşizm əvəzinə regional əməkdaşlıq ideyasının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin əsas prioriteti artıq başa çatmış münaqişənin ayrı-ayrı elementlərini gündəmdə saxlamaq deyil, regionda yaranmış yeni reallıqları düzgün qiymətləndirərək Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmləndirilməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına töhfə vermək olmalıdır. Bu istiqamətdə Aİ-nin imkanları kifayət qədər genişdir. Avropa İttifaqı iqtisadi əlaqələrin inkişafına, nəqliyyat və kommunikasiya layihələrinə, enerji əməkdaşlığına, sərhədlərarası ticarətin genişlənməsinə və xalqlar arasında təmasların artmasına dəstək verə bilər.
Xüsusilə Zəngəzur dəhlizi və digər regional nəqliyyat bağlantılarının inkişafı Cənubi Qafqazı Avropa ilə Asiya arasında daha mühüm tranzit məkanına çevirə bilər. Bu isə həm Azərbaycan, həm Ermənistan, həm də Avropa üçün yeni iqtisadi imkanlar deməkdir.
Ona görə də Aİ üçün ən doğru strategiya keçmiş münaqişənin siyasi gündəliyini uzatmaq yox, postmünaqişə reallığından sülh, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni imkanlar yaratmaqdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi artıq təmin olunub. İndi əsas məsələ bu reallıq əsasında Cənubi Qafqazda davamlı sülh və rifah mühitinin formalaşdırılmasıdır.
Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini