15 sentyabr 2026 22:22
157

Ermənistanın xarici diplomatların Qarabağa səfərinə etirazı sülh prosesinə qarşı təxribatdır

Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin Xankəndi, Şuşa, Ağdam və Kəlbəcərə səfəri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Bu, 2020-ci ildən sonra diplomatik korpusun regiona artıq 22-ci səfəridir. Deməli, söhbət birdəfəlik təşəbbüsdən deyil, Azərbaycanın azad edilmiş ərazilərində gedən proseslərin beynəlxalq nümayəndələrə yerində təqdim edilməsini nəzərdə tutan ardıcıl diplomatik praktikadan gedir. Səfərin əsas əhəmiyyəti ondan ibarətdir ki, xarici diplomatlar Qarabağdakı vəziyyəti müxtəlif siyasi şərhlər əsasında deyil, bilavasitə yerində müşahidə edərək öyrənmək imkanı əldə edirlər. Həmçinin  həmin səfər çərçivəsində erməni yalanları, saxta erməni tarixi bir daha ifşa olunur.

Məlumdur ki, səfər erməni revanşist qüvvələri arasında dərin narahatlığa səbəb olub. Həm də elə Ermənistanın indiki hakimiyyəti arasında bu səfərdən ciddi narahatlıq duyan şəxslər var. Belə ki, Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlamaları xeyli qərəzlidir. Əvvəla, bunu ölkəmizin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirmək olar. Bir sözlə, bu etiraz iki ölkə arasındakı mövcud sabit vəziyyətə və sülh danışıqlarına maneə törətmək deməkdir.

Görünən odur ki,  Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafı da bu istiqamətdə qeyri-səmimi yanaşma ortaya qoyur. Məlumdur ki, revanşist qüvvələr sülhü istəmirlər. Lakin bu gün hətta Ermənistanın mövcud hakimiyyətinə yaxın mətbu orqanlarda revanşist fikirlər səsləndirilirsə bunun məsuliyyətini Ermənistanın real hakimyyəti də  daşıyr. Bu, həm də göstərir ki, Paşinyanın və komandasının sülh istiqamətindəki istəkləri qeyri-səmimidir.

Bu gün  Azərbaycanın dövlətinin diplomatik və xarici nümayəndə heyətlərini Qarabağa dəvət etməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanışlıqdan gedir. Diplomatik nümayəndələrin Azərbaycanın suveren ərazisinə səfərinin siyasi təzyiq və ya müdaxilə kimi təqdim edilməsi erməni cəmiyyətində keçmiş münaqişə məntiqinin hələ də tam aradan qalxmadığını göstərir. Burada aydın görünən məqam odur ki, Emənistanın sülh prosesində nümayiş etdirdiyi yanaşmalarla real davranışları arasındakı ziddiyyətlər mövcuddur. Yəni, Ermənistan bir tərəfdən Azərbaycanla sülhdən, ərazi bütövlüyünün qarşılıqlı tanınmasından və regionda yeni münasibətlər sisteminin formalaşdırılmasından danışır, digər tərəfdən isə Ermənistanın siyasi və informasiya məkanında Qarabağla bağlı əvvəlki iddiaların yenidən gündəmə gətirilməsinə şərait yaranır. Sülh haqqında danışıb, Azərbaycanın suveren ərazisinə xarici diplomatların səfərinə etiraz etməksə məntiqi baxımdan  ziddiyət təşkil edir.

Ermənilər birmənalı olaraq qəbul etməlidirlər ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir və burada həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın daxili işidir. Əcnəbi  diplomatların bu proseslərlə yerində tanış olması da tamamilə legitim və şəffaf diplomatik təcrübədir. Ermənistanda buna  etiraz etmək isə  sülh prosesinə qarşı təxribatdır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri