Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə həyata keçirilən bərpa və inkişaf proseslərinin xarici nümayəndələr tərəfindən yerində müşahidə olunması baxımından əhəmiyyətli hadisədir.
Sentyabrın 11–12-də baş tutan səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyət iştirak edib. Nümayəndələr Xankəndi və Şuşa şəhərlərində, eləcə də Ağdərə və Kəlbəcər rayonlarında olub, müxtəlif infrastruktur və bərpa layihələri ilə tanış olublar. Səfərin diqqətçəkən tərəflərindən biri xarici diplomatların bölgədə gedən proseslər haqqında məlumatı birbaşa əldə etməsi idi. Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi, yenidən qurulmuş Mədəniyyət Mərkəzi və digər obyektlərlə tanışlıq regionda aparılan infrastruktur işlərinin miqyasını nümayiş etdirirdi. Şuşa, Ağdərə və Kəlbəcərə səfərlər zamanı da nümayəndə heyətinə şəhər və rayonlarda görülən işlər, sosial-iqtisadi infrastrukturun yaradılması, tarixi-mədəni irsin qorunması və yaşayışın bərpası istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Bu səfərin siyasi-diplomatik əhəmiyyəti ondan ibarətdir ki, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri Qarabağ və Şərqi Zəngəzurdakı vəziyyəti vasitəçilərdən deyil, bilavasitə yerində müşahidə etmək imkanı əldə ediblər. Bu format diplomatların bölgədəki dəyişikliklər və həyata keçirilən layihələr barədə öz müşahidələrini formalaşdırmasına şərait yaradır. Diplomatik korpus nümayəndələrinin 2020-ci ildən etibarən həmin ərazilərə sayca 22-ci səfərinin təşkil edilməsi də bu istiqamətdə davamlı diplomatik kommunikasiya aparıldığını göstərir.
Qarabağ və Şərqi Zəngəzurda gedən proseslər hazırda yalnız bərpa-quruculuqla məhdudlaşmır. Yeni yolların, yaşayış məntəqələrinin, sosial obyektlərin və nəqliyyat infrastrukturunun yaradılması, iqtisadi fəaliyyətin təşkili və əhalinin geri qayıdışı bölgənin uzunmüddətli inkişaf gündəliyinin əsas istiqamətləridir. Bu baxımdan diplomatik korpusun səfəri həm bölgədə görülən işlərin təqdimatı, həm də Qarabağ və Şərqi Zəngəzurla bağlı proseslərin beynəlxalq diplomatik dairələrə birbaşa çatdırılması üçün mühüm platforma rolunu oynayır.
Fuad Heydərli,
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir
Prezident İlham Əliyev: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu