18 sentyabr 2026 22:30
233

Daşkəsəndə 20 sentyabr – Dövlət Suverenliyi Günü qeyd olunub

Daşkəsən Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətində davam edən ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov geniş məruzə ilə çıxış edib. O.Abbasov 20 sentyabr – Dövlət Suverenliyi Gününün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını qeyd edərək, bu əlamətdar gün münasibətilə toplantı iştirakçılarını və rayon ictimaiyyətini təbrik edib. Məruzədə Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə nəticələnən tarixi proseslərdən bəhs olunub. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu tarixi nailiyyət Azərbaycan xalqının milli birliyinin, dövlətə və dövlətçilik ideyalarına sədaqətinin, həmçinin şəhidlərin qanı və qazilərin qəhrəmanlığı sayəsində əldə olunub.

Orxan Abbasov onu da bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri reallaşdırır. Qarşıya qoyulan əsas məqsədlərdən biri həmin ərazilərə yeni həyatın qayıtmasının təmin edilməsi və ölkənin bütün bölgələrinin kompleks inkişafının davam etdirilməsidir.

Toplantının sonunda Bakı Media Mərkəzinin istehsalı olan “İlham” sənədli filmi nümayiş etdirilib. Filmdə Prezident İlham Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, Azərbaycanın dövlətçilik tarixində baş verən mühüm hadisələr, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə həyata keçirilən tədbirlər, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri əks olunub.

Sənədli filmin nümayişi toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbir 20 sentyabr – Dövlət Suverenliyi Gününün tarixi və siyasi əhəmiyyətini bir daha vurğulamaqla başa çatıb.