21 sentyabr 2026 13:50
74

Pakistanda sabiq baş nazir İmran Xanın iki bacısı saxlanılıb

Pakistan hakimiyyəti ölkədə həbsdə olan sabiq baş nazir və müxalifətdə olan "Ədalət Hərəkatı" (ƏH) partiyasının banisi İmran Xanın bacıları Uzma Xan və Norin Niazini saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, onlar ictimai asayişin qorunması haqqında qərar əsasında 30 gün müddətinə saxlanılıblar. Bir gün əvvəl həmin maddə ilə siyasətçinin digər bacısı Əlimə Xan da saxlanılmışdı.

Saxlanılmalar partiya tərəfindən sentyabrın 27-nə planlaşdırılan və sabiq baş nazirin azad edilməsini tələb edən İslamabad etiraz aksiyası ərəfəsində həyata keçirilir.

Polis və xüsusi xidmət nümayəndələri bəyan edirlər ki, Uzma Xan və Norin Niazi mayın 9-da keçirilən etiraz aksiyalarında və yolların bağlanmasında iştirak edib, həmçinin fəalları dövlət və ictimai əmlaka ziyan vurmağa təhrik ediblər. Qərarda, həmçinin qadınların "sosial şəbəkələr və ictimai yığıncaqlar vasitəsilə fəalları yenidən səfərbər edərək hüquq qaydasına təhdid yaratdıqları", eləcə də "hökumət və dövlət institutlarına qarşı yolverilməz şüarlar səsləndirərək ictimaiyyəti təhrik və təşviq etdikləri" bildirilir.