Sentyabrın 18-də Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti əməkdaşlığı” mövzusunda genişmiqyaslı işgüzar konfrans keçirilib.
Konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılmış abidəsini ziyarət edərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda Ağsu, Göyçay, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Ucar və Şamaxı rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə müasir informasiya mühitində dövlət qurumları, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması, informasiya təhlükəsizliyinin təmin olunması, dezinformasiyaya qarşı mübarizə və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Həmçinin rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının fəaliyyəti, media subyektləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və ictimaiyyətlə kommunikasiyanın daha səmərəli təşkili məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində Azərbaycan Televiziyasının hazırladığı, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də onun müəyyən etdiyi quruculuq və şəhərsalma siyasətinə həsr olunmuş “Qurulan gələcək” sənədli filmi nümayiş etdirilib.