Litva Seymi (parlament) ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsini dəstəkləyib. Məsələ ətrafında aparılan müzakirələrdən sonra parlament konstitusiyaya dəyişiklik layihəsini profil komitələrin baxılmasına göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Plenar iclasda bu addımın lehinə 99 deputat səs verib, 5 nəfər bitərəf qalıb, 13 deputat isə əleyhinə çıxıb. Müxalifətdə olan "Ata Vətən – Litva Xristian Demokratları" partiyasının fraksiya rəhbəri Laurynas Kaşçiunas Seymin tribunasından çıxışı zamanı bildirib: "Nüvə silahı caydırıcılığın əsasını təşkil edir. Əgər sən bundan imtina edirsənsə, deməli, təhlükəsizlik strategiyandakı tamhüquqlu caydırıcılıqdan imtina edirsən".
Seymin qərarına əsasən, Litva konstitusiyasından ölkə ərazisində kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının yerləşdirilməsini qadağan edən 137-ci maddə çıxarılacaq.
Parlament konstitusiyaya edilən bu dəyişikliyə üç aylıq fasilə ilə iki dəfə səs verməli olacaq. Yenilik ixtisaslı çoxluğun – 141 deputatdan 94-ünün dəstəyini qazanmalıdır. İlk səsvermənin oktyabrın 6-na, təkrar səsvermənin isə yanvarın 12-nə keçirilməsi nəzərdə tutulur.
BƏƏ prezidentinin müşaviri İran ətrafındakı münaqişənin uzana biləcəyini istisna etməyib