24 sentyabr 2026 00:52
95

Kats Qolan yüksəkliklərinin "İsrailin ayrılmaz hissəsi" olduğunu bildirib

İsrail hərbçiləri hələlik Suriyanın cənubundakı bufer zonadan çıxmağı planlaşdırmır.

“İki sahil”in "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib. Katsın sözlərinə görə, İsrail sərhəddə və ölkə vətəndaşları üçün cihadçı təhlükəsi qalmaqda davam etdiyi müddətdə Hermon dağında və təhlükəsizlik zonasında hərbi mövcudluğunu qoruyub saxlayacaq. Nazir İsrailin nəzarətində olan Qolan yüksəkliklərinin "İsrailin ayrılmaz hissəsi" olduğunu bildirib. Kats həmçinin xəbərdarlıq edib ki, Suriyadan İsrail ərazisinə zərbələr endiriləcəyi təqdirdə, İsrailin bu dəfə nəzarətə götürəcəyi istənilən ərazi hərbi qanunlara əsasən "əbədi olaraq İsrailin nəzarətində qalacaq".

Bundan əvvəl Suriya Prezidenti Əhməd Əhməd Əl Şaraa Dəməşqin Qolan yüksəkliklərinə dair iddialarından imtina etməyəcəyini bildirib. Qeyd edək ki, Qolan yüksəklikləri Yaxın Şərqdə Suriya ilə İsrail arasında mübahisəli ərazi hesab olunub. Suriyanın cənubunda və İsrailin şimalında yerləşən bu ərazi uzun illərdir iki ölkə arasında münaqişənin əsas mövzularından biri olaraq qalıb.

1974-cü ildə İsrail və Suriya arasında imzalanmış razılaşma nəticəsində ərazidə hazırkı atəşkəs xətti müəyyənləşdirilib. Buna baxmayaraq, sonrakı illərdə tərəflər arasında qarşılıqlı hərbi zərbələr baş verib.