24 sentyabr 2026 20:34
130

Enerjidən daha böyük hədəflərə: SOCAR-ın dayanıqlı inkişaf yolu

Enerji sektorunda dayanıqlı inkişaf anlayışı artıq yalnız ətraf mühitin qorunması və emissiyaların azaldılması ilə məhdudlaşmır. Müasir enerji şirkəti üçün dayanıqlılıq, idarəetmə keyfiyyəti, insan kapitalının inkişafı, maliyyə dayanıqlığı, təchizat zəncirinin etibarlılığı, texnoloji yenilənmə, sosial məsuliyyət və biznes qərarlarının uzunmüddətli nəticələrinin əvvəlcədən nəzərə alınması deməkdir. Bu baxımdan SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatı Dövlət Neft Şirkətinin fəaliyyətində baş verən dəyişiklikləri yalnız ayrı-ayrı rəqəmlərlə deyil, bütövlükdə idarəetmə fəlsəfəsindəki yeni yanaşma ilə nümayiş etdirir.

Hesabatda diqqəti çəkən əsas məqamlardan biri dayanıqlılığın şirkətin korporativ idarəetmə sisteminə daha sistemli şəkildə inteqrasiya olunmasıdır. 2025-ci ildə SOCAR ilk dəfə İkiqat Əhəmiyyətlilik Qiymətləndirilməsi (Double Materiality Assessment) həyata keçirib. Bu yanaşma şirkətin fəaliyyətinin həm ətraf mühitə, cəmiyyətə və iqtisadiyyata təsirini, həm də dayanıqlılıq məsələlərinin şirkətin maliyyə və biznes göstəricilərinə mümkün təsirlərini birlikdə qiymətləndirməyə imkan verir. Qiymətləndirmənin nəticələrinə əsasən, iqlim dəyişikliyi, biznes etikası və çirklənmə SOCAR üçün ən əhəmiyyətli dayanıqlılıq mövzuları kimi müəyyən edilib. Bu məqam təsadüfi deyil. Çünki, neft-qaz sənayesi üçün enerji keçidi, emissiyaların azaldılması, ətraf mühitə təsirlərin idarə olunması və şəffaf biznes davranışı qarşıdakı dövrdə şirkətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillər sırasında olacaq.

İqlim gündəliyi: hədəfdən konkret tədbirlərə

SOCAR-ın 2025-ci il üzrə fəaliyyətində iqlim gündəliyinin mühüm yer tutduğu hesabatdan aydın görünür. Şirkətin təsdiq etdiyi Dekarbonizasiya Yol Xəritəsi karbon və metan emissiyalarının azaldılması, elektrikləşdirmə, karbonun tutulması texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin yüksəldilməsi və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi kimi istiqamətləri özündə birləşdirir. Bu yanaşmanın praktik nəticələrindən biri 2025-ci ildə SOCAR-ın Azərbaycandakı əməliyyatlarında təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana qazı emissiyasının azaldılmasıdır. Hesabata görə, bu nəticədə əsas pay SOCAR-ın “Azneft” İstehsalat Birliyində həyata keçirilən sızmaların aşkarlanması və aradan qaldırılması proqramına - LDAR-a düşüb.

Burada mühüm məsələ ondan ibarətdir ki, emissiyaların azaldılması artıq yalnız gələcək üçün müəyyən edilən niyyət kimi deyil, istehsal proseslərinin özündə tətbiq edilən konkret texniki və idarəetmə tədbirləri ilə əlaqələndirilir. Enerji sektorunda məhz belə yanaşma dayanıqlı inkişafın real iqtisadi və ekoloji nəticələrə çevrilməsinə imkan yaradır.

“Yaşıl maliyyə” enerji keçidinin maliyyə dayağına çevrilir

Dayanıqlı inkişafın digər mühüm istiqaməti maliyyələşmədir. Çünki enerji keçidi, emissiyaların azaldılması, yeni texnologiyaların tətbiqi və bərpaolunan enerji layihələrinin genişləndirilməsi böyük investisiya tələb edir. SOCAR 2025-ci ildə bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 200 milyon ABŞ dolları həcmində “Yaşıl istiqraz”lar buraxıb. Bu addım şirkətin dayanıqlılıq gündəliyinin maliyyə alətləri ilə dəstəkləndiyini göstərir. Yaşıl maliyyələşmə mexanizmlərinin tətbiqi eyni zamanda enerji şirkətləri üçün kapital bazarlarında yeni imkanlar yaradır. Bu baxımdan SOCAR-ın fəaliyyəti təkcə vəsait cəlb edilməsi kimi deyil, kapitalın ekoloji və uzunmüddətli iqtisadi nəticə yaradan layihələrə istiqamətləndirilməsi kimi qiymətləndirilə bilər.

ESG məlumatlarının idarə olunmasında rəqəmsal mərhələ

SOCAR-da dayanıqlılığın idarə edilməsində daha bir mühüm yenilik ESG Data Platformasının istifadəyə verilməsidir. Vahid rəqəmsal platforma ESG məlumatlarının toplanması, idarə olunması və izlənilməsini sistemləşdirməyə, məlumatların keyfiyyətini və hesabatlılıq prosesinin səmərəliliyini artırmağa imkan verir.

Bu, əslində, ESG gündəliyinin şirkətin gündəlik idarəetmə proseslərindən ayrılmaması baxımından mühüm addımdır. Çünki dayanıqlılıq göstəricilərinin düzgün ölçülməsi və müqayisə edilə bilməsi üçün məlumatların vahid metodologiya əsasında toplanması xüsusi əhəmiyyət daşıyır. Bir sözlə, ekoloji göstəricilər, sosial nəticələr və idarəetmə məlumatları yalnız hesabat hazırlanarkən istifadə olunan məlumatlar deyil, qərar qəbuletmə prosesinin tərkib hissəsinə çevrilir.

İnsan kapitalı: dayanıqlı inkişafın əsas dayağı

Enerji sektorunda texnologiyaların dəyişməsi və yeni istehsal modellərinin formalaşması insan kapitalının inkişafını da strateji məsələyə çevirir. SOCAR-ın 2025-ci il üzrə göstəriciləri bu istiqamətin şirkətin gündəliyində mühüm yer tutduğunu göstərir. Hesabat ilində SOCAR Qrupunun əməkdaşları üçün 1 milyondan çox təlim saatı təşkil edilib. Liderlik Akademiyası, “Enerji Liderləri” və “Gənc İstedadlar” kimi proqramlar əməkdaşların peşəkar və idarəetmə bacarıqlarının inkişafına yönəlib. Azərbaycanda əməkdaşların şirkətə bağlılıq göstəricisi 84 faiz, məmnunluq səviyyəsi isə 78 faiz olub.

Bu göstəricilər insan kapitalının SOCAR üçün yalnız sosial məsələ olmadığını göstərir. Enerji transformasiyası yeni biliklər, yeni texnologiyalar və yeni idarəetmə bacarıqları tələb edir. Deməli, əməkdaşların davamlı təlimi və inkişafı şirkətin gələcək rəqabət qabiliyyətinin formalaşmasına birbaşa təsir edən investisiyadır. SOCAR Qrupunun 2025-ci ildə sosial xərclərinin 412 milyon manat təşkil etməsi də şirkətin sosial məsuliyyət istiqamətindəki fəaliyyətinin miqyasını göstərir.

Yerli təchizat zənciri iqtisadi dəyərin ölkə daxilində qalmasını gücləndirir

Dayanıqlı inkişafın mühüm istiqamətlərindən biri də şirkətin fəaliyyət göstərdiyi iqtisadiyyata yaratdığı əlavə dəyərin həcmi və həmin dəyərin yerli bizneslər arasında yayılmasıdır. SOCAR-ın 2025-ci il üzrə hesabatında Azərbaycanda yerli təchizatçılara yönəldilən satınalma xərclərinin payının 82 faizdən 88 faizə yüksəldiyi göstərilir. Bu dəyişiklik yerli şirkətlərin SOCAR-ın təchizat zəncirində iştirak imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Bu proses ölkə daxilində bizneslərin inkişafına, yerli istehsal və xidmətlərin genişlənməsinə, yeni əmək imkanlarının formalaşmasına və iqtisadi dəyərin daha böyük hissəsinin daxili bazarda qalmasına təsir göstərə bilər. SOCAR-ın təchizatçıların seçilməsi və qiymətləndirilməsi üzrə tətbiq etdiyi yanaşmada da şəffaflıq, keyfiyyət, əməyin mühafizəsi, hüquqi uyğunluq və ekoloji tələblərin nəzərə alınması bu sistemin daha geniş dayanıqlılıq çərçivəsinə daxil olduğunu göstərir.

Keyfiyyət və laboratoriya infrastrukturu beynəlxalq standartlarla uyğunlaşdırılır

Dayanıqlılığın başqa bir istiqaməti məhsul və xidmətlərin keyfiyyətinin etibarlı şəkildə ölçülməsi və təsdiqlənməsidir. SOCAR-ın 2025-ci il üzrə fəaliyyətində laboratoriya idarəetməsi və keyfiyyət təminatı sahəsində də mühüm nəticələr əldə olunub. SOCAR HAOR Laboratoriyası, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Analitik tədqiqatlar laboratoriyası və “SOCAR Polymer”in laboratoriyası ISO/IEC 17025 tələblərinə uyğun akkreditasiyadan keçib. Ümumilikdə SOCAR üzrə 11 laboratoriyanın AZS ISO/IEC 17025:2020 standartına uyğun akkreditasiyası təmin edilib.

Laboratoriyalarda xam neft, neft məhsulları, neft-kimya məhsulları və ətraf mühit nümunələri üzrə sınaqlar aparılır. Laboratoriya İnformasiya İdarəetmə Sisteminin - LIMS-in tətbiqi isə məlumatların rəqəmsal idarə olunmasına, insan səhvlərinin minimuma endirilməsinə və müştərilərə rəqəmsal hesabatların təqdim edilməsinə imkan verir. Bu yanaşma məhsulun istehsalından sonrakı keyfiyyət nəzarətini deyil, bütün proses boyu izlənəbilənliyi gücləndirir. Xüsusilə beynəlxalq bazarlarda fəaliyyət göstərən enerji şirkəti üçün belə sistemlərin mövcudluğu məhsulun etibarlılığı və tərəfdaşların tələblərinə uyğunluq baxımından mühüm əhəmiyyət daşıyır.

Əmək münasibətlərində sabitlik və şəffaflıq

SOCAR-ın dayanıqlılıq modeli sosial sahədə əmək münasibətlərinin idarə olunmasını da əhatə edir. Hesabat dövründə işçi qüvvəsinin təxminən 99 faizinin daimi əmək müqavilələri ilə çalışması uzunmüddətli məşğulluq münasibətlərinin üstünlük təşkil etdiyini göstərir. 2025-ci ildə ümumi işçi dövriyyəsi 2,9 faiz olub. Şirkətdə əmək münasibətlərinin idarə edilməsində Kollektiv müqavilə, əməkdaşların geribildirim mexanizmləri, müntəzəm sorğular və həmkarlar ittifaqları ilə əməkdaşlıq kimi alətlərdən istifadə olunur. İşə qəbul proseslərinin kompetensiyalara əsaslanan yanaşma ilə aparılması, namizədlərin texniki və davranış bacarıqlarının standartlaşdırılmış metodlarla qiymətləndirilməsi də bu sistemin tərkib hissəsidir.

Yerli məşğulluq göstəriciləri də diqqət çəkir. 2025-ci ildə Azərbaycanda SOCAR əməkdaşlarının təxminən 99 faizi yerli işçilərdən ibarət olub. Şirkətin fəaliyyət göstərdiyi digər ölkələrdə də yerli işçi qüvvəsinin payının yüksək olması yerli insan kapitalının inkişafına yönəlmiş yanaşmanı göstərir.

Dayanıqlılıq artıq hesabat deyil, idarəetmə alətidir

SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatının əsas mesajını ayrı-ayrı ekoloji, sosial və iqtisadi göstəricilərdən daha geniş çərçivədə qiymətləndirmək mümkündür. Hesabatın mühüm tərəfi dayanıqlılıq prinsiplərinin şirkətin idarəetmə, maliyyə, insan resursları, satınalma, keyfiyyət, istehsal və risklərin idarə olunması proseslərinə getdikcə daha çox inteqrasiya edilməsidir.

SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatı enerji sektorunda dəyişən qlobal tələblərə uyğunlaşma prosesinin daha sistemli mərhələyə keçdiyini göstərir. Qarşıdakı dövrdə əsas məsələ əldə olunan nəticələrin davamlı xarakter alması, dekarbonizasiya tədbirlərinin genişləndirilməsi, insan kapitalının yeni enerji texnologiyalarına uyğunlaşdırılması, yerli təchizat zəncirinin daha da inkişaf etdirilməsi və ESG prinsiplərinin biznes qərarlarında daha dərindən tətbiq olunması olacaq. Bu baxımdan dayanıqlılıq SOCAR üçün artıq yalnız illik hesabatın ayrıca bölməsi deyil. O, şirkətin gələcək inkişaf modelinin, risklərə hazırlığının və uzunmüddətli dəyər yaratmaq strategiyasının əsas elementlərindən birinə çevrilir.

Orxan Vahidoğlu, “İki sahil”