28 sentyabr 2026 16:00
118

“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb

Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”in neft-kimya sahəsində uzunmüddətli investisiya planı olan Master Plan layihəsi çərçivəsində FEED mərhələsinə rəsmi olaraq başlanılıb. Bu istiqamətdə dünyanın aparıcı texnologiya şirkətləri ilə lisenziyalaşdırma və mühəndislik işlərinə dair mühüm müqavilələr imzalanıb.

FEED işlərinin həyata keçirilməsi məqsədilə Petkim ilə Technip Energies arasında xidmət müqaviləsi bağlanıb. Bundan əlavə, Master Plan çərçivəsində nəzərdən keçirilən polietilen istehsalı qurğusu üçün Univation Technologies, LLC ilə lisenziya, polipropilen istehsalı qurğusu üçün Lummus Novolen Technology GmbH ilə lisenziya və mühəndislik, MFSC (Mixed Feed Steam Cracker) texnologiyası üzrə isə Technip Energies ilə lisenziya müqaviləsi imzalanıb.

FEED işlərinin həyata keçirilməsi üçün ümumilikdə 70 milyon ABŞ dolları vəsait ayrılıb. İşlərin 2027-ci ilin sonunadək tamamlanması və mümkün yekun investisiya qərarı üçün texniki və kommersiya əsasının formalaşdırılması planlaşdırılır.

FEED mərhələsindən sonra yekun investisiya qərarının qəbul edilməsi halında Petkim-in hazırda illik 558 min ton təşkil edən etilen istehsalı gücünün təxminən 1,2 milyon tona, illik 239 min ton olan polipropilen istehsalı gücünün isə 550 min tona çatdırılması hədəflənir.

Nəzərdə tutulan yeni qurğular və istehsal güclərinin artırılması nəticəsində ümumi polimer istehsalının da mövcud səviyyədən iki dəfədən çox artırılması planlaşdırılır.

Master Plan layihəsi ilə “Petkim”in istehsal və texnoloji infrastrukturunun inkişaf etdirilməsi, neft emalı və neft-kimya sahələri arasında inteqrasiyanın gücləndirilməsi, həmçinin Türkiyənin neft-kimya ekosisteminə verilən əlavə dəyərin artırılması məqsədilə yeni imkanların yaradılması hədəflənir.

Orxan Vahidoğlu, “İki sahil”