02 oktyabr 2026 13:27
92

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Regional sərhədləri aşaraq beynəlxalq miqyaslı proseslərdə fəal iştirak edən, bütün dünyada daxili ictimai-siyasi sabitliyi ilə nümunə kimi qəbul olunan günümüzün qüdrətli Azərbaycanı məhz Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu bir qərinəlik tarixin məhsuludur. Bu mərhələdə Azərbaycanın quruculuq salnaməsinin ən yaxşı nümunələrindən biri də ölkəmizin ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası və onun inzibati mərkəzi Naxçıvan şəhəri olub.

“İki sahil” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP-ın Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli deyib.

O, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişafın daha da sürətlə gedəcəyinə möhkəm əminlik yaratdığını qeyd edib.

"Son illərdə muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunub, muxtar respublikada idarəetmə islahatları həyata keçirilərək səlahiyyətli nümayəndə institutu tətbiq edilib", - deyə o əlavə edib.