İsrailin hücumları nəticəsində hərbi eskalasiyanın başlanmasından bəri 4387 nəfər həlak olub, 12424 nəfər isə yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində Livanın cənubunda azı bir nəfər həyatını itirib.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri bazar günü günortadan sonra Nəbatiyyə əyalətində yerləşən Kfar Tibnit və Tallusa şəhərlərinə hava zərbələri endirib. İsrail artilleriyası isə Beyt Lif, Məcdəl Zun və Yater kəndlərinin ətrafını atəşə tutub. Hücumların nəticələri barədə yerli hakimiyyət orqanları hələlik məlumat yaymayıb.
Məlumata görə, Vadi əl-Xanazir rayonunda yaşayış binasında bombanın partlaması nəticəsində yanğın baş verib. Hadisə yerinə gələn mülki müdafiə və təcili yardım xidmətlərinin əməkdaşları bir neçə nəfəri xilas ediblər.