Prezident İlham Əliyev Türkmənistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə çıxışı zamanı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və energetika sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Dövlət başçısı region ölkələri arasında qarşılıqlı etimadın, dostluq münasibətlərinin və birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanı Məşvərət formatının tamhüquqlu üzvü kimi qəbul etdiklərinə görə həmkarlarına təşəkkürünü bildirib, bu qərarın regional əməkdaşlığın genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığını qeyd edib. Dövlət başçısı Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensiv siyasi dialoqun göstəricisi olduğunu vurğulayıb.
Çıxışda qardaş Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyə xüsusi diqqət yetirilib. Füzuli şəhərində məscidin inşası təşəbbüsü xalqlarımız arasında dostluğun, mənəvi yaxınlığın və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilib. Prezident, həmçinin Özbəkistan, Qazaxıstan və Qırğızıstanın azad edilmiş ərazilərdə həyata keçirdiyi təhsil və mədəniyyət layihələrinin əhəmiyyətini qeyd edib.
Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticari əlaqələrin genişləndiyini, qarşılıqlı investisiyaların artdığını və birgə layihələrin həyata keçirildiyini bildirib. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması əməkdaşlığın müsbət dinamikasını nümayiş etdirir. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Prezident birgə investisiya fondlarının imkanlarından daha fəal istifadə edilməsinin, yeni istehsal müəssisələrinin yaradılmasının və sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nəqliyyat və logistika sahəsi də çıxışın əsas istiqamətlərindən biri olub. İlham Əliyev Xəzər dənizinin Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında və beynəlxalq bazarlara çıxışın təmin edilməsində mühüm rol oynadığını bildirib. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar, dəniz limanlarının, hava limanlarının, dəmir və avtomobil yollarının inkişafı regionun tranzit imkanlarını artırır. Orta Dəhliz üzrə yükdaşımaların artımını müsbət qiymətləndirən dövlət başçısı marşrutun səmərəliliyinin və rəqabət qabiliyyətinin daha da yüksəldilməsinin vacibliyini qeyd edib. Bununla yanaşı, “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində görülən işlər rəqəmsal bağlantıların gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Energetika sahəsində əməkdaşlığa toxunan Prezident Azərbaycanı Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm tərəfdaş kimi xarakterizə edib. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqlinin artması regionlararası enerji əlaqələrinin əhəmiyyətini göstərir. Eyni zamanda, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər dayanıqlı enerji əməkdaşlığının genişləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxışının sonunda vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əhəmiyyəti yalnız iqtisadiyyat, nəqliyyat və energetika ilə məhdudlaşmır. Regionda sülhün, təhlükəsizliyin, siyasi və iqtisadi sabitliyin qorunması birgə nailiyyətlərin əsasını təşkil edir. Bu amillər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və ölkələrin gələcək inkişafı üçün mühüm təminatdır.
Dövlət başçısının çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsinə, regional inteqrasiyanın gücləndirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafına xüsusi önəm verdiyini bir daha nümayiş etdirir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Kamran Bayramov: Dünyəvilik dini inancları inkar etmək deyil, qanunun aliliyini təmin etməkdir
Türkmənbaşı zirvəsinin əsas mesajları: Regional təhlükəsizlik və iqtisadi inteqrasiya