12 oktyabr 2026 19:03
117

Dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi əsas hədəflərdəndir TƏHLİL

Dövlət başçısı İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bu əminliyi ifadə etdi ki, Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır

Dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfərinin tərkibi genişliyi ilə diqqətdə oldu. Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü ilə yanaşı, oktyabrın 9-da Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud və geniş  tərkibdə iclası keçirildi. Müasir geosiyasi transformasiyalar fonunda Azərbaycanın  Müstəqil Dövlətlər Birliyində (MDB) rolu və nüfuzu keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Ölkənin balanslaşdırılmış xarici siyasəti və nəqliyyat-logistika sahəsindəki mərkəzi mövqeyi onu regional təşkilatların ən mühüm və aparıcı strateji aktorlarından  birinə çevirib. Sürətli qlobal geosiyasi və geoiqtisadi proseslərin getdiyi müasir dövrdə regional əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması beynəlxalq münasibətlər sisteminin əsas istiqamətlərindən birinə çevrilir.

Bu gün regionda və dünya siyasətində yeniliklərə, çağırışlara diqqət yetirdikdə Azərbaycanın sülhə, təhlükəsizliyə, yeni əməkdaşlıq formatlarının yaradılmasına verdiyi töhfələrin miqyası, əhəmiyyəti daha aydın görünür. Bu baxımdan tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman dünyaya sülh, təhlükəsizlik, ədalət, beynəlxalq hüquq çağırışlarını edib. 30 illik işğal dövründə rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, Qarabağ münaqişəsi regionun iqtisadi inkişafına böyük maneədir. Təəssüflər olsun ki, bəzi dünya gücləri, o cümlədən münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri  bu kimi çağırışları eşitməzdən gələrək  münaqişənin  həlli prosesinin uzanmasında maraqlı olduqlarını açıq-aşkar büruzə verirdilər. Azərbaycan tarixi Zəfərə imza atmaqla, həmçinin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə bir daha dünyaya ədalətin, beynəlxalq hüququn mövcudluğunu sübut etdi, onların tətbiqi üçün vahid mexanizmin olmasının vacibliyini diqqətə çatdırdı. BMT-də islahatların aparılmasına, yeni tərkibin formalaşmasına çağırış edən də məhz Azərbaycandır.  Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın mövqeyinə xüsusi önəm verilməsi təbii ki, təsadüfi deyil. Azərbaycan dünyaya ədalət və beynəlxalq hüquq çağırışlarını qələbələri ilə təsdiqlədi.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə qarşıya qoyulan hədəflər də  regionda dayanıqlı sülhə və təhlükəsizliyə söykənir. Prezident İlham Əliyevin Məşvərət görüşündəki çıxışında “Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq” çağırışı özündə mühüm məqamları ehtiva edir.  

  Müstəqil Dövlətlər Birliyinə gəldikdə isə bu birlik postsovet məkanında siyasi dialoqun davam etdirilməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm platformalardan biri kimi çıxış edir. Azərbaycan MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verən dövlətlərdən biridir. Ölkəmiz təşkilata üzv olduğu ilk gündən qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar əsasında münasibətlərin inkişaf etdirilməsi siyasətinə sadiqdir. Azərbaycanın MDB məkanındakı fəaliyyəti yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələr və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir.

  Azərbaycanın malik olduğu üstünlüklər müxtəlif dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Belə ki, Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində fəal iştirakı, Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzə çevrilməsi və çoxtərəfli əməkdaşlıq formatlarında artan rolu MDB çərçivəsində də ölkəmizin mövqeyini gücləndirir. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regionda strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi çıxış edir. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında “Bu il Müstəqil Dövlətlər Birliyi özünün 35 illiyini qeyd edir. Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib” söyləyərək onu da əlavə etdi ki, əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca etibarlı tranziti təmin edir. 2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır.

   Dövlət başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanın 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr kimi fəaliyyət göstərəcəyi isə ölkəmizin təşkilat daxilində artan siyasi çəkisinin və tərəfdaş dövlətlər arasında qazandığı etimadın göstəricisidir. Cənab İlham Əliyev çıxışında Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiklərinə görə minnətdarlığını bildirərək vurğuladı ki, biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq. Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır.

   Aparılan müzakirələrdən də göründüyü kimi, qlobal iqtisadi çağırışlar, yeni nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələləri və regional inkişaf perspektivləri MDB-yə üzv dövlətlər arasında daha sıx koordinasiyanı zəruri edir. Bu baxımdan MDB çərçivəsində dövlət başçıları səviyyəsində keçirilən görüşlər yalnız fikir mübadiləsi platforması deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi mühüm siyasi mexanizm rolunu oynayır. Azərbaycanın MDB-də iştirakı da məhz bu yanaşmaya əsaslanır. Ölkəmiz təşkilat çərçivəsində öz milli maraqlarını təmin etməklə yanaşı, regional əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Rəsmi Bakının enerji, nəqliyyat və logistika imkanları MDB məkanında iqtisadi əlaqələrin genişlənməsi üçün mühüm potensial yaradır. MDB Dövlət Başçıları Şurasının Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən iclası təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Azərbaycanın MDB-yə sədrliyi siyasi mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayacaq. Azərbaycanın beynəlxalq qurumlara sədrlik dövrünün reallıqlarına diqqət yetirsək görərik ki, həmin təşkilatın beynəlxalq nüfuzunun artmasına, dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılmasına verdiyi töhfələri ilə diqqətdə olub. Bunun üçün BMT-dən sonra ikinci  böyük  beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 illik sədrlik dövrünü yada salmaq kifayətdir. Baxmayaraq ki, Azərbaycanın quruma üç il sədrliyi ilə bağlı qərar qəbul edilmişdi sonrakı mərhələdə üzv dövlətlər bu müddətin daha bir il artırılması təşəbbüsü ilə çıxış edərək buna nail oldular. Təbii ki, bu kimi addımlar Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəkdən, xarici siyasətinin dəyişməz olan prinsiplərinə hörmətdən, qlobal problemlərin həllinə verdiyi töhfələrdən irəli gəldi. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Dünya Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələri COP29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyində və burada uğurlu nəticələrin əldə edilməsində aydın şəkildə gördü.

  Nəzərə alsaq ki, hər hansı bir təşkilata sədrlik  edən dövlət təşkilatın gündəliyinin formalaşdırılmasında, üzv ölkələr arasında müzakirələrin təşkilində və ortaq təşəbbüslərin irəli sürülməsində fəal rol oynamaq imkanı əldə edir, bu halda şübhəsiz Azərbaycanın MDB-yə sədrliyi  suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini daha geniş diplomatik müstəvidə ifadə etməsinə  geniş imkanlar yaradacaq. Sədrlik ölkəmizin diplomatik təcrübəsinin artmasına, dövlət qurumları arasında koordinasiyanın güclənməsinə və beynəlxalq tədbirlərin təşkili sahəsində imkanlarının nümayiş etdirilməsinə də kömək edir.

Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu yalnız MDB-yə üzv ölkələr  tərəfindən deyil, eyni zamanda, Avropa və Asiya qurumları tərəfindən də dəstəklənir. Bu dəstək Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan, dünya siyasətində yeniliklərə yol açmasından  irəli gəlir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası yeni dünya nizamının formalaşmasını bir tələbə çevirdi. Təbii ki, burada əsas olan ədalətli və beynəlxalq hüquqa söykənən dünyanın formalaşmasından gedir. Təəssüflər oldun ki, beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Dünyanın aparıcı dövlətlərinin ikili standartlara əsaslanan siyasətini daim özünə münasibətdə  aydın şəkildə görən Azərbaycan bütün təzyiqlərə baxmayaraq ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi, dayanıqlı sülhü və təhlükəsizliyi təmin etdi. Azərbaycan dünya ölkələrinə sülh və iqtisadi əməkdaşlıq təkliflərini edir. Bunun üçün Orta Dəhliz, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Yaşıl Enerji Dəhlizi layihələrini irəli sürür ki, bunlar da təkcə region deyil, Avropanın da marağına səbəb olur. Onu da qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə MDB-yə sədrlik edəcək. Əvvəlki illərdə Ermənistan–Azərbaycan münaqişəsi ölkəmizin bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri idi. Bu münaqişə də artıq tarixin arxivinə atılıb və əməkdaşlıq üçün perspektivlər açıb. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və MDB çərçivəsində sədrlik funksiyalarını həyata keçirən ölkə olacaq. Bundan əlavə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçir və təşkilatın Zirvə görüşü ölkəmizdə olacaq. 2028-ci ildə isə Azərbaycan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünə ev sahibliyi edəcək. Bu sıralamanı davam etdirə də bilərik. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Azərbaycanın xarici siyasəti suverenlik, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı etimad prinsipləri üzərində qurulub. Bu strategiya ölkənin həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş imicini gücləndirir.

Yeganə Əliyeva, "İki sahil"