12 oktyabr 2026 20:12
148

Qaradağda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti tədbir keçirilib

Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin və qurultay materiallarının öyrənilməsi ilə bağlı növbəti tədbir keçirilib.

Görüşdə Qurultay nümayəndəsi, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ rayonu üzrə xidmət sahələrini əhatə edən Ərazi Partiya Təşkilatlarının rəhbərləri və üzvləri: Qaradağ rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi, Qaradağ Rayon Sukanal İdarəsi, “Azərişıq” ASC-nin Qaradağ Rayon Elektrik Təchizatı və Satışı İdarəsi, Bakı Regional Qaz İstismar İdarəsinin Qaradağ rayonu üzrə Texniki Baxış və Təmir-Bərpa Xidməti, Qaradağ rayonu üzrə yaşıllaşdırma xidməti, “Aztelekom” İstehsalat Birliyinin Qaradağ rayon filialının rəhbərləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək Prezident, YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqində səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrdən, qurultay materiallarının ərazi partiya təşkilatlarında dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.

İlqar İlyasov bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitq Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna, əldə etdiyi mühüm nailiyyətlərə siyasi qiymət verməklə yanaşı, Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni mərhələdə qarşıda duran strateji hədəfləri və əsas vəzifələri də müəyyənləşdirir.

YAP Qaradağ rayon təşkilatının sədri vurğulayıb ki, tədbirin əsas məqsədi cənab Prezidentin müəyyən etdiyi siyasi istiqamətlərin mahiyyətini dərindən öyrənmək və onların YAP Qaradağ rayon təşkilatının fəaliyyətində konkret şəkildə əks olunmasını təmin etməkdir. Eyni zamanda, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində ərazi partiya təşkilatlarının və partiya üzvlərinin üzərinə düşən məsuliyyətin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qaradağ Rayon Sukanal İdarəsinin rəisi, Dadaş Bünyadzadə küçəsi, II dalan ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri Sultan Əmiraslanov, Bakı regional Qaz İstismar İdarəsinin Qaradağ rayonu üzrə Texniki baxış və təmir bərpa xidmətinin rəisi, Nurlan Hüseynov küçəsi 21 ünvanı üzrə Ərazi Partiya Təşkilatı sədrinin müavini Tofiq Əliyev və başqaları YAP-ın VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edildiyi xüsusi tarixi mərhələdə keçirildiyini və mühüm siyasi əhəmiyyət daşıdığını bildiriblər.

Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi nitqin ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, nitqdə irəli sürülən vəzifələrin mahiyyəti hər bir partiya üzvü və vətəndaş tərəfindən dərindən mənimsənilməli, onlar bu vəzifələrin həyata keçirilməsinə öz töhfələrini verməlidirlər.

Zamin Məmmədov, "İki sahil"