Bilik, əzmkarlıq və məsuliyyət uğura aparan yolun əsas şərtləridir
Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, həmin tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Prezident təqaüdü gənclərin qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələrin qiymətləndirilməsi ilə yanaşı, onların gələcək inkişafı üçün mühüm stimul və məsuliyyət deməkdir. Təqaüdə layiq görülən tələbələrin uğur hekayələri təhsilə münasibət, məqsədyönlü çalışma, ailə və müəllim dəstəyi, eləcə də gələcək hədəflər baxımından diqqət çəkir.
Prezident təqaüdünə layiq görülmüş ADA Universitetinin tələbəsi Rza Zeynallı, Bakı Ali Neft Məktəbinin Data analitikası ixtisası üzrə Foundation tələbəsi Emiliya Qayıbova və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Elvin Əfəndiyev təhsil yolları, qazandıqları uğurlar, gələcək planları və gənclərə tövsiyələri barədə fikirlərini bölüşüblər.
Rza Zeynallı: Uğur çox çalışmaqdan deyil, düzgün və davamlı çalışmaqdan keçir
Rza Zeynallı hesab edir ki, Prezident təqaüdünə layiq görülməsi məktəb illərində qazandığı uğurların və çəkdiyi zəhmətin nəticəsidir. Maliyyə sahəsini perspektivli istiqamət kimi seçən gənc gələcəkdə peşəkar karyera qurmağı, özünü davamlı inkişaf etdirməyi və cəmiyyət üçün faydalı vətəndaş olmağı qarşısına məqsəd qoyub.

Davamlı zəhmət və düzgün seçim
Rza Zeynallı 75 nömrəli tam orta məktəbdə təhsil alıb. Hazırda ADA Universitetində maliyyə ixtisası üzrə ali təhsil alır. Onun sözlərinə görə, bu sahəni seçməsində maliyyənin daim aktuallığını qoruyacaq istiqamətlərdən biri olması və şəxsi bilik və bacarıqlarının həmin sahəyə uyğunluğu mühüm rol oynayıb.
Prezident təqaüdünə layiq görülməsi xəbərini necə qarşıladığından danışan tələbə bildirib ki, yüksək bal topladığı üçün əvvəldən təqaüd alacağını düşünürmüş. Buna görə də nəticənin açıqlanması onun üçün gözlənilməz olmayıb, əksinə, bu xəbərlə ehtimalı dəqiqləşib. Valideynləri ilə birlikdə təqaüdçülərin adlarını oxuyarkən soyadının əlifba sıralamasında sonlarda yer alması səbəbindən öz adını da siyahının sonunda tapıb. Bu anı da ailəsi ilə birlikdə böyük sevinc yaşadığını, daha sonra yaxınlarının təbriklərinin də ona xoş hisslər bəxş etdiyini vurğulayıb.
Rza Zeynallı əldə etdiyi uğuru zəhmətinin və bacarıqlarının nəticəsi kimi qiymətləndirir. O hesab edir ki, valideynlərinin verdiyi düzgün tərbiyə və müəllimlərinin göstərdiyi yol onun nailiyyətində mühüm rol oynayıb. Gəncin fikrincə, insanın uğur qazanmasında şəxsi səyləri ilə yanaşı, ailə və müəllim dəstəyi də xüsusi əhəmiyyət daşıyır.
İntizam və məqsədyönlülük uğurun əsas şərtləridir
Tələbə hesab edir ki, ibtidai siniflərdən etibarən davamlı və düzgün çalışmağı vərdişə çevirən şagird sonrakı mərhələlərdə çəkdiyi zəhmətin bəhrəsini görür. Onun təhsil həyatında qarşılaşdığı əsas çətinliklər dərsə diqqəti yönəltmək, intizamı qorumaq və müntəzəm çalışmağı davam etdirməklə bağlı olub. Zaman keçdikcə dərs rejiminə uyğunlaşmağın, təhsillə gündəlik həyat və əyləncə arasında tarazlıq yaratmağın mümkün olduğunu qeyd edib.
Prezident təqaüdçüsü adını qorumağı qarşısında duran əsas vəzifələrdən biri hesab edən Rza Zeynallı universitet təhsilinin orta məktəbdən fərqləndiyini və ilk kursda oxuduğu üçün qarşıda müəyyən çətinliklərin olduğunu bildirib. O, bütün fənlər üzrə yüksək nəticələr əldə etməyə çalışacağını, bununla yanaşı, şəxsi inkişafına da xüsusi diqqət yetirəcəyini vurğulayıb.
Gələcək karyerası ilə bağlı konkret seçim etmək üçün hələ tez olduğunu düşünən tələbənin arzuları arasında öz biznesini qurmaq, böyük layihələrdə iştirak etmək və uğurlu peşəkar fəaliyyət göstərmək var. O, cəmiyyət üçün faydalı vətəndaş olmağı da şəxsi məsuliyyətinin bir hissəsi kimi dəyərləndirir.
Emiliya Qayıbova: Məqsədə çatmaq üçün davamlı çalışmaq və özünə inanmaq vacibdir
Bakı Ali Neft Məktəbinin Data analitikası ixtisası üzrə Foundation tələbəsi Emiliya Qayıbova Prezident təqaüdünə layiq görülməsini böyük sevinc və qürur hissi ilə qarşılayıb. O, gələcəkdə analitika sahəsində ixtisaslı mütəxəssis kimi formalaşmağı, ölkəmizdə bu istiqamətdə mövcud olan kadr ehtiyacının ödənilməsinə töhfə verməyi qarşısına məqsəd qoyub.

Perspektivli sahəyə maraq
Emiliya Qayıbovanın sözlərinə görə, Data analitikasını seçməsində bu ixtisasın yeni yaranan istiqamətlərdən biri olması, ölkəmizdə sahə üzrə ixtisaslı kadr və mütəxəssislərə ehtiyac duyulması mühüm rol oynayıb. O hesab edir ki, analitiklərə tələbatın artması bu istiqamətdə təhsil almağı perspektivli seçimə çevirir.
Prezident təqaüdünə layiq görülməsi onun üçün böyük sevinc və qürur mənbəyi olub. Gənc tələbə xoş xəbəri ilk olaraq valideynləri ilə bölüşüb. Həmin anı xatırlayarkən valideynlərinin sevincinin onun üçün xüsusi qürur hissinə çevrildiyini bildirib.
Emiliya Qayıbova əldə etdiyi nailiyyəti çəkdiyi zəhmətin nəticəsi kimi qiymətləndirir. Onun fikrincə, bu uğura çatmaqda ardıcıl, intizamlı və əzmkarlıqla çalışmaq, müəllimlərin dəstəyi və valideynlərin göstərdiyi diqqət mühüm rol oynayıb.
Çətinlikləri öyrənməklə aşmaq
Tələbə təhsil prosesində bəzi mövzuları və sualları anlamaqda çətinlik çəkdiyi vaxtların olduğunu bildirib. Belə hallarda müəllimləri ilə müzakirələr apararaq mövzuları daha dərindən mənimsəyib, öyrəndiklərini sonrakı mərhələlərdə qarşılaşdığı məsələlərin həllində tətbiq etməyə çalışıb.
Prezident təqaüdçüsü adını qorumağı gələcək məsuliyyətinin əsas istiqaməti hesab edən Emiliya Qayıbova öz sahəsinin uğurlu mütəxəssisi olmaq və daim inkişaf etmək niyyətindədir. O, gələcək fəaliyyətində həm elmi araşdırmalara, həm də peşəkar karyeraya üstünlük verməyi düşünür. Əsas məqsədlərindən biri ölkəmizdə analitika sahəsində ixtisaslı mütəxəssislərə olan ehtiyacın ödənilməsinə töhfə verməkdir.
Özünə inam və ardıcıl inkişaf
Gənclərin potensialının üzə çıxarılması məsələsinə toxunan tələbə hər bir gəncin öz üzərində işləməsinin, mövcud imkanlardan məqsədyönlü istifadə etməsinin və özünə inanmasının vacibliyini vurğulayıb. Onun fikrincə, davamlı və ardıcıl çalışma qarşıya qoyulan məqsədlərə çatmaq üçün əsas şərtlərdəndir.
Elvin Əfəndiyev: Ən böyük hədəfim vətənimə və xalqıma layiq hüquqşünas olmaqdır
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alan Elvin Əfəndiyev gələcək fəaliyyətini hüquq sahəsi ilə bağlamaq qərarını uşaqlıqdan bu istiqamətə duyduğu maraqla əlaqələndirir. Prezident təqaüdünə layiq görülməsini indiyədək qazandığı nailiyyətlərin nəticəsi kimi qiymətləndirən gənc gələcəkdə ədalətə xidmət edən hüquqşünas olmaq və ölkəmizin hüquq sisteminin inkişafına töhfə vermək istəyir.

Hüquq sahəsinə maraq və uğura aparan yol
Elvin Əfəndiyev Prezident təqaüdünə layiq görüldüyünü eşidəndə keçirdiyi hissləri ifadə etməyin çətin olduğunu bildirib. O, bu xəbəri ilk olaraq anası ilə bölüşüb və həmin anı həyatında xüsusi yer tutan, təsvirəgəlməz sevinc yaşadığı məqamlardan biri kimi dəyərləndirib.
Gənc tələbə təqaüdə layiq görülməsini, xüsusilə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında topladığı yüksək balın nəticəsi hesab edir. Onun sözlərinə görə, bu uğurun qazanılmasında ailəsinin və müəllimlərinin dəstəyi ilə yanaşı, şəxsi zəhməti də mühüm rol oynayıb.
Elvin Əfəndiyev təhsil həyatında qarşılaşdığı əsas çətinliyin davamlılığı qorumaq olduğunu qeyd edib. Bu çətinliyin öhdəsindən gəlmək üçün gündəlik, həftəlik və aylıq dərs proqramları hazırlayıb, həmin planlara uyğun çalışmağa üstünlük verib. Onun fikrincə, vaxtın düzgün təşkili və hazırlıq prosesinin sistemli qurulması uğur qazanmaq üçün vacib şərtlərdəndir.
Hüquq sisteminin inkişafına töhfə vermək məqsədi
Prezident təqaüdçüsü adını qorumağı qarşısında duran prioritet vəzifə hesab edən Elvin Əfəndiyev daha böyük nailiyyətlər əldə etmək üçün əvvəlkindən daha əzmlə çalışmağa hazır olduğunu bildirib.
Gələcəyin hüquqşünası kimi ölkəmizin hüquq sisteminin dünyanın qabaqcıl hüquq sistemləri sırasında yer almasına töhfə verməyi əsas hədəflərindən biri sayır. Bu məqsədə çatmaq üçün gələcəkdə elmi fəaliyyət, peşəkar karyera və innovativ layihələr istiqamətlərində özünü sınamaq niyyətindədir.
Tələbənin sözlərinə görə, uğur qazanmaq istəyən gənc ilk növbədə qarşısına aydın məqsəd qoymalı, daha sonra həmin məqsədə uyğun hazırlıq planı tərtib edərək ardıcıl şəkildə çalışmalıdır. Bu yanaşma ona görə vacibdir ki, məqsədin müəyyənləşdirilməsi ilə yanaşı, ona çatmaq üçün düzgün yol seçilməsi də nəticəyə birbaşa təsir göstərir.
Akademik uğurla yanaşı, mənəvi dəyərlər də vacibdir
Elvin Əfəndiyev gələcəyə dair ən böyük arzusunun Vətəninə və xalqına layiq hüquqşünas olmaq olduğunu bildirib. Bir neçə il sonra özünü ədalətə xidmət edən, peşəkar bilikləri və məsuliyyətli mövqeyi ilə seçilən mütəxəssis kimi görmək istəyir. O, gələcək nəsillərə də hər bir işdə ədalət və mənəviyyat meyarlarına əməl etməyi tövsiyə edir. Prezident təqaüdünə layiq görülməsinin ailəsinin ona olan inamını artırdığını qeyd edən tələbə bu uğurun gələcək fəaliyyətində məsuliyyətini və əzmini qorumaq üçün əlavə stimul yaratdığını vurğulayıb.
Onun fikrincə, müasir dövrdə yalnız yüksək akademik nəticələr əldə etmək kifayət deyil. Gənclər geniş dünyagörüşünə malik olmalı, milli-mənəvi dəyərlərə sadiq qalmalı və cəmiyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər. Bu keyfiyyətlər insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Gənclərin uğuru gələcəyə inam yaradır
Rza Zeynallı, Emiliya Qayıbova və Elvin Əfəndiyevin fikirləri göstərir ki, Prezident təqaüdünə layiq görülmək onlar üçün yalnız yüksək nəticənin qiymətləndirilməsi deyil, həm də gələcək fəaliyyətə yeni məsuliyyətlə yanaşmaq deməkdir. Onların hər biri fərqli sahələrdə təhsil alsa da, məqsədyönlü çalışmağın, ailə və müəllim dəstəyinin, şəxsi inkişafın və cəmiyyət qarşısında məsuliyyətin əhəmiyyətini xüsusi vurğulayır.
Yüksək akademik nəticələr, davamlı zəhmət, düzgün istiqamət seçimi və mənəvi dəyərlərə bağlılıq bu gənclərin gələcək uğurlarının əsasını təşkil edir. Prezident təqaüdünə layiq görülmüş bu tələbələrin hədəfləri də göstərir ki, əldə edilən nailiyyətin əsl dəyəri onun gələcək inkişaf, peşəkar məsuliyyət və cəmiyyətə fayda ilə davam etdirilməsindədir.
Yaqut Ağaşahqızı , “İki sahil”