21 oktyabr 2026 13:33
146

Şəkinin sənətkarlıq ənənələri və ipəkçilik irsi turistlərin diqqətini cəlb edir

Şəkinin zəngin mədəni irsi və qədim sənətkarlıq ənənələri şəhərin turizm cəlbediciliyini artıran əsas amillərdəndir. Bölgənin tarixini, məişətini və sənətkarlıq nümunələrini özündə birləşdirən Şəki Tarix-Diyarşünaslıq Muzeyi ziyarətçilərə Azərbaycanın keçmişinə səyahət imkanı yaradır.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə keçirilən mediatur çərçivəsində jurnalistlər muzeyin ekspozisiyaları ilə tanış olub, şəhərin daxili turizm imkanları və mədəni irsinin tanıdılması istiqamətində görülən işlər barədə məlumat əldə ediblər.

1925-ci ildə yaradılan Şəki Tarix-Diyarşünaslıq Muzeyində 3 mindən çox maddi-mədəni irs nümunəsi qorunur. Onlardan 1826-sı sərgi zallarında nümayiş etdirilir. Muzeyin ekspozisiyaları arxeoloji tapıntılardan və qədim məişət əşyalarından tutmuş orta əsr silahlarına, ənənəvi geyimlərə, ipək parçalara və sənətkarlıq nümunələrinə qədər geniş bir dövrü əhatə edir.

Şəkinin əsrlər boyu formalaşmış ipəkçilik ənənələri muzeyin diqqətçəkən istiqamətlərindəndir. Şəhər tarixən ipək parça istehsalı və ticarətinin mühüm mərkəzlərindən biri olub. Ekspozisiyada baramanın açılması, ipək istehsalı və kəlağayı hazırlanması ilə bağlı əşyalar nümayiş etdirilir. Bu nümunələr ipəkçiliyin yalnız sənət sahəsi deyil, həm də Şəkinin sosial-iqtisadi həyatına təsir göstərmiş mühüm fəaliyyət istiqaməti olduğunu əks etdirir.

Muzeydə Şəkinin təkəlduz sənətinə də xüsusi yer ayrılıb. XVIII–XIX əsrlərə aid nümunələr, xalçaçılıq alətləri, qədim geyimlər və bəzək əşyaları bölgənin ənənəvi sənətkarlıq məktəbinin özünəməxsusluğunu nümayiş etdirir. Şəbəkə pəncərələr, dəmir qapı zəngləri və ənənəvi ev interyerinə aid digər elementlər isə Şəki memarlığının incəliklərini tanımağa imkan verir.

Ekspozisiyada nümayiş olunan arxeoloji tapıntılar da şəhərin qədim tarixindən xəbər verir. Küdürlü kəndi yaxınlığında 2017-ci ildə aşkar edilmiş, eramızdan əvvəl I minilliyin əvvəllərinə aid tısbağa formalı saxsı dolça, VII–VIII əsrlərə aid taxıl küpü və Sasanilər dövrünə aid gümüş sikkələr muzeyin maraqlı eksponatları sırasındadır. Orta əsrlərə aid silahlar, əlyazmalar, möhürlər və dini-mənəvi həyatla bağlı əşyalar da Şəkinin tarixi keçmişini əks etdirir.

Muzeyin beynəlxalq sərgilərdə iştirakı da onun mədəni irsin tanıdılmasında rolunu göstərir. Burada qorunan eksponatlar Efiopiya, Madaqaskar, İordaniya və Pakistanda keçirilən sərgilərdə nümayiş etdirilib. Muzey Rusiyanın Xantı-Mansiysk şəhərində fəaliyyət göstərən “Çelovek i priroda” muzeyi ilə də əməkdaşlıq edir.

Qeyd edək ki, muzey XIX əsrin ortalarında inşa edilmiş, yerli və Avropa memarlıq elementlərini özündə birləşdirən tarixi binada yerləşir. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi ilə 2022–2024-cü illərdə binada bərpa və konservasiya işləri aparılıb.

Şəkinin tarixi abidələri, sənətkarlıq ənənələri, mətbəxi və mədəni irsi şəhərin turizm imkanlarının şaxələndirilməsində mühüm rol oynayır. Bu irsin qorunması və tanıdılması həm ölkədaxili səyahətlərə marağın artırılmasına, həm də Şəkinin Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdirən turizm məkanlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.