21 oktyabr 2026 15:59
160

ASAN İnnovativ İnkişaf Mərkəzi 5 yaşında

 


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) 5 illik yubiley tədbiri keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Mərkəzin qabaqcıl ASAN təcrübəsi və innovativ təlim metodları ilə dövlət, özəl qurumlarda kadrların peşəkarlığının artırılmasına töhfə verdiyini vurğulayıb.

Mərkəzin rəhbəri Aysel Cəbrayılova nəticələr, əməkdaşlıq və inkişaf prioritetləri barədə təqdimatla çıxış edib.

Tərəfdaş qurumların nümayəndələri isə AİİM-lə əməkdaşlığın əhəmiyyətini və peşəkar inkişaf istiqamətində birgə fəaliyyətin rolunu vurğulayıblar.

AİİM-in əsas məqsədi “ASAN xidmət”də formalaşan peşəkarlığın, yüksək xidmət keyfiyyətinin, şəffaflığın, vətəndaşyönümlü idarəetmə prinsiplərinin insan kapitalının inkişafı məqsədilə dövlət və özəl sektorda sistemli tətbiqidir. “ASAN xidmət” brendinin ixrac olunduğu ölkələrdə də bu model əsasında xidmətin təşkili, vətəndaş məmnunluğunun və yumşaq bacarıqların inkişafı istiqamətində təlimlər keçirilir.

Ötən dövr ərzində 350-dən çox şirkət, qurum və təşkilatla əməkdaşlıq çərçivəsində 35 mindən çox işgüzar şəxs üçün 850-dən çox müxtəlif istiqamətli tədbir təşkil olunub. 150-dən çox mövzulu tədbirdə 6 innovativ təlim metodundan (“Points of You”, “LEGO®️ Serious Play®️”, “Boyatzis”, “Body Game”, “Art terapiya” və “Vision Board”)  istifadə olunub və təlimlərdən məmnunluq göstəricisi 96,4% təşkil edir.

Tədbir çərçivəsində “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlığın davamı məqsədilə anlaşma memorandumu imzalanıb.

Sonda təlimçilərə və tərəfdaş qurumlara təşəkkürnamələr təqdim olunub.