22 oktyabr 2026 22:37
92

Payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Culfa Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı aidiyyəti qurumların iştirakı ilə geniştərkibli müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin sədrliyi ilə keçirilən müşavirədə kommunal xidmətlər, elektrik və qaz təchizatı, təhsil, səhiyyə, maliyyə, mədəniyyət və digər sahələr üzrə məsul şəxslər iştirak ediblər.

Müşavirədə çıxış edən Naim Cahidzadə payız-qış mövsümünə hazırlıq tədbirlərinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, mövsümün yaratdığı mümkün çətinliklərin əvvəlcədən müəyyənləşdirilməsi, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və bütün xidmət sahələrinin fasiləsiz fəaliyyətinin təmin olunması əsas vəzifələrdəndir. Bu istiqamətdə rayon ərazisində görülən işlərin əlaqəli şəkildə davam etdirilməsi, hər bir qurumun üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməsi vacibdir. Həmçinin diqqətə çatdırılıb ki, yaşayış binalarının, təhsil və səhiyyə müəssisələrinin istilik sistemlərinin saz vəziyyətə gətirilməsi, elektrik və qaz təchizatında dayanıqlılığın təmin olunması, avtomobil yollarının və piyada səkilərinin qış şəraitinə uyğun hazırlanması diqqət mərkəzində saxlanılmalıdır. Bununla yanaşı, kommunal infrastrukturun texniki vəziyyəti yoxlanılmalı, mümkün nasazlıqların və qəza hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməlidir.

İcra Hakimiyyətinin başçısı rayon ərazisində təmizlik və abadlıq işlərinin davam etdirilməsi, kommunal xidmətlərin işində operativliyin artırılması barədə müvafiq tapşırıqlar verib. Eyni zamanda mövsümə hazırlığın yalnız mövcud işlərin yerinə yetirilməsi ilə məhdudlaşmamalı olduğunu, qış aylarında yarana biləcək problemlərə hazır olmaq və onların vaxtında həllini təmin etmək məqsədi daşıdığını diqqətə çatdırıb.

Müşavirədə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini Mübariz Möhsünov, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Culfa Elektrik Şəbəkəsinin rəisi Şahin Allahverdiyev, Naxçıvan Regional Qaz İstismarı İdarəsinin Culfa Xidmət Sahəsinin rəis müavini Məhəmməd Xuduşlu, Culfa Rayon Təhsil Şöbəsinin müdiri Murad Hümbətov, Culfa Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin rəisi Yaqub Məmmədov, Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Zaur Həsənov və “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin Culfa Rayon sektorunun müdiri Əhməd Həsənov təmsil etdikləri sahələr üzrə mövcud vəziyyət, görülmüş hazırlıq işləri və qarşıda duran tədbirlər barədə məlumat veriblər.

Müşavirənin yekununda icra hakimiyyətinin başçısı Naim Cahidzadə tərəfindən aidiyyəti qurumlara mövsüm ərzində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin qorunması, yarana biləcək problemlərə operativ müdaxilə olunması və rayon təsərrüfatının qış şəraitində dayanıqlı fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq tapşırqlar verilib.