17 yanvar 2017 22:10
462

“Əhatə dairəsi xaricində” olacağınız məkanlar

Hamımız mobil əlaqənin praktiki olaraq, hər yerdə olmasına alışmışıq. Dünyanın hər bir guşəsindən yaxınlarımıza, doğmalarımıza bir sms belə olsa göndərə biləcəyimizə inanırıq. Əslində isə belə deyil. Yer kürəsində elə məkanlar vardır ki, oradan heç cür telefon bağlantısı qurmaq mümkün deyil. Həmin ərazilərdə, ümumiyyətlə, mobil şəbəkə mövcud deyil.

Kifuka, Konqo Demokratik Respublikası

Kifuka dünyanın ən təhlükəli yerlərindən biridir. Statistikaya görə, orada hər kvadrat kilometr əraziyə ildə 158 dəfə ildırım düşür. Buna görə də, Kifukada hər hansı bir elektron qurğudan istifadəni özünəqəsd hesab etmək olar.

Qrin Benk, ABŞ, Qərbi Virciniya

Qrin Benk dünyanın ən böyük teleskopunun (bu teleskop kosmosdan gələn ən zəif siqnalları qəbul edir) yerləşdiyi şəhərdir. Məhz teleskopun işinə görə, Qrin Benkdə elektromaqnit şüaları olan heç bir qurğunu istifadə etmək olmaz. Bu siyahıya mobil telefon, Wi-Fi qurğusu və hətta ratsiya daxildir.

Motyo, Çin

Motyo rayonu Tibetdə yerləşir, yerli buddistlər oranı müqəddəs hesab edirlər. Həmin əraziyə çıxmaq çox çətindir. 200 metrlik asma körpü və daimi buzlaqlar ucbatından ərazidə yaşayış yoxdur və faunası da çox qeyri-adidir.

Muli, Farer adaları

Mulidə hava çox gözlənilməz olur, yaşayış üçün vacib olan resurslar demək olar ki, yoxdur. Ancaq bu, ərazinin cəmi dörd nəfər olan yerli sakinlərini narahat etmir. Orada turizm də inkişaf etməyib, Mulini, ümumiyyətlə, “Allahın yadından çıxmış məkan” adlandırırlar. Hər hansı bir kommunikasiya növündən söhbət belə gedə bilməz.

Pitkern adaları, Sakit okean

Pitkern adalarında cəmi 50 nəfər insan məskunlaşıb. Mobil rabitə, internet, yaxud da sivilizasiya ilə bağlı digər bir şey bu adalarda mövcud deyil. Ətraf aləmlə əlaqə yalnız adalara ildə bir dəfə gələn gəmi vasitəsilə qurulur.

Antarktikada “Akademik Vernadski” stansiyası

“Akademik Vernadski” stansiyası Antarktikada yeganə Ukrayna stansiyasıdır. Oradan dünya ilə əlaqə yalnız peyk vasitəsilə qurulur, internetin sürəti isə hətta elektron məktubun ünvana göndərilməsi üçün belə kifayət etmir.

Vayau Laut, Fillippin Ərazinin yerli

 sakinləri “dəniz qaraçıları” adını alıb. Onlar ömürlərinin çox hissəsini üzən evlərdə keçirirlər, sahilə nadir hallarda çıxırlar. Vayau Laut yaşayış üçün ən yararsız yerlərdən biridir. Orada içməli su, elektrik, mobil şəbəkə və s. yoxdur.

Oymyakon, Yakutiya

Oymyakon qəsəbəsi planetin ən soyuq ərazisidir. Orada mənfi 71 dərəcəyə kimi şaxta qeydə alınıb. Belə temperaturda mobil telefonun işləməsi qeyri-mümkündür. Ərazidə əhalinin dünya ilə əlaqəsi demək olar ki, yoxdur, yalnız yay aylarında tək-tük hallarda oraya təyyarələr gəlir.

Qorai, Hindistan

Hindistanın Qorai kəndində həyat tərzi meditasiyalar üzərində qurulub. Ona görə də planşet, mobil telefon və digər qadjetlərlə sizi oraya buraxmayacaqlar. Qoraidə siz yerli sakinlərin gün rejiminə ciddi şəkildə əməl etməlisiniz, əslində isə çətin bir şey yoxdur: yatmaq, yemək, meditasiya etmək.

Yuxarıda sadaladığımız sivilizasiyadan kənar, ilk baxışdan qorxulu görünən bu yerlərdə əslində yaxşıca istirahət edə bilərsiniz, yalnız ildırımlı Kifukadan və soyuq Oymyakondan uzaq dursanız yaxşıdır.

Nubar Süleymanova, “İki sahil”