02 noyabr 2026 14:57
91

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

“4Sİ Akademiyası – Milli Proqram”ın növbəti mərhələsi çərçivəsində 4 mindən çox yeni istifadəçi “Coursera” platformasında beynəlxalq təlimlərə qoşulub. İyun ayından etibarən proqramın yeni fazası üzrə 12 min vətəndaş 32 mindən çox təlimi uğurla tamamlayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində növbəti qrup istifadəçilər təlimlərə start verib. 4 mindən çox vətəndaş 6 həftə ərzində dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin 21 mindən artıq təlimindən ödənişsiz yararlanmaq imkanı qazanıb.

Proqramın 22 iyundan başlayan ikinci fazasında ümumilikdə 12 300 istifadəçi 70 mindən çox təlimə müraciət edib, 32 mindən çox təlimi uğurla tamamlayıb. İştirakçılar arasında ən çox maraq göstərilən istiqamətlər süni intellekt, maşın öyrənməsi və data analitikası, liderlik və idarəetmə olub. Ən çox tamamlanan təlimlər sırasında “Süni intellektin əsasları” (AI Fundamentals), “Layihə idarəetməsinin əsasları” (“Foundations of Project Management”), “Data elminin əsasları: data hər yerdə” (Foundations: Data, Data, Everywhere) və Generativ süni intellekt: giriş və tətbiqlər (Generative AI: Introduction and Applications) yer alıb.

Layihənin pilot və birinci fazası da daxil olmaqla bu günə kimi ümumilikdə 90 minə yaxın istifadəçi platformada 145 mindən çox beynəlxalq təlimi uğurla tamamlayıb.

“4Sİ Akademiyası – Milli Proqram”ın məqsədi vətəndaşların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarını inkişaf etdirmək, süni intellekt və digər dördüncü sənaye inqilabı texnologiyaları sahəsində rəqabətli insan kapitalının formalaşmasına, eləcə də ölkədə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsinə dəstək göstərməkdir.

Dünyanın 380-ə yaxın aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanmış 21 mindən çox təlim istifadəçilər üçün əlçatandır. Həmin təlimlər Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları tərəfindən hazırlanıb. 3250 təlim isə platformada Azərbaycan dilində altyazı ilə təqdim olunur.

Proqram dövlət və özəl sektor tərəfdaşlığı əsasında icra olunur. “Pasha Holding”, SOCAR, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group”, “B2B Group” və “Esyasoft” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın tərəfdaşlarıdır.

Proqrama qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az/ ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.